Paşinyan daha danışıqlar masasından qaça bilməyəcək

Partiya funksionerləri Ermənistan baş nazirinin son davranışlarını şərh edir





Bir müddət əvvəl Düşənbədə Azərbaycan dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında elə baş nazirin təşəbbüsü ilə qısa, ayaqüstü görüş baş tutdu. Görüşdən çıxan nəticəyə görə bəlli oldu ki, Paşinyan əvvəlki sərt ritorikasından, münaqişə ilə bağlı sərsəm fikirlərindən daşınıb. Siyasi ekspertlərə görə, erməni baş nazir mövcud reallığı və Ermənistanı gözləyən təhlükəni dərk etdiyi üçün məntiqsiz mövqeyində dəyişiklik qərarı alıb. Lakin Paşinyanın yanaşmasına ehtiyatla yanaşan politoloqlar da az deyil. Onların fikrincə, Paşinyan vaxt qazanmağa, planlaşdırdığı növbədənkənar parlament seçkisində qalıb olmağa hazırlaşır. Yəni düşünülür ki, Ermənistanda cərəyan edən proseslər baş nazirin xeyrinə başa çatarsa, Paşinyan yenidən müharibə ritorikasına meyillənə bilər. Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən prosesləri və baş nazir Paşinyanın yanaşmasını dəyərləndirmək üçün Azərbaycanda fəaliyyət göstərən bir neçə siyasi partiya funksionerlərinin fikirlərini öyrəndik. Məsələyə münasibət bildirən siyasilər mövzu ilə bağlı fərqli açıqlamalar verdilər...

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq”ə bildirdi ki, Ermənistan baş nazirinin Dağlıq Qarabağla bağlı əlaqəsiz və təhrikedici bəyanatlar verməsinə baxmayaraq, o, davamlı sülhün yaranması üçün maraqlıdır. Ekspertin sözlərinə görə, onun indiyə qədər verdiyi sərsəm bəyanatlar daxili auditoriya hesablanmışdı və siyasi hakimiyyətin möhkəmlənməsinə xidmət edirdi: 

"Paşinyan hakimiyyətdə möhkəmləndikcə danışıqlar prosesinə daha da çox maraq göstərəcək. İndiyə qədər keçmiş Ermənistan rəhbərləri Qarabağın işğalını uzatmaq üçün hər variantdan istifadə ediblər. Artıq demək olar ki, bu manevrlər bitib və problemin həllinə başlamağın zamanı yetişib. Hesab edirəm ki, bundan sonra "qarın ağrısı” bəhanəsi ilə danışıqlar masasından qaçmaq mümkün olmayacaq. Prezident İlham Əliyevlə Paşinyanın ayaqüstü söhbətləşməsini görüş kimi təqdim etmək yanlışdır. Əgər Paşinyan Prezident İlham Əliyevlə görüşə gəlmək istəyirsə, konkret tədbirlər planını gətirməlidir. Buna hazır deyilsə, onunla bütün söhbətlər ayaqüstü olacaq. Rusiya Prezidentinin Bakıya səfərinin ardından Ermənistana getməməsi Paşinyanı bərk narahat edib. Ona görə də Ermənistanın baş naziri ciddi düşünməlidir və indiyə qədər aldadılmış erməni xalqını başa salmalıdır ki, Dağlıq Qarabağa Azərbaycan tərəfindən təklif olunan ən yüksək idarəetmə statusu tarixi şansdır”.

V.Əfəndiyevin sözlərinə görə, ermənilər bu şansdan istifadə etməsələr, daha sonra bizə muxtar vilayət statusu almaq üçün yalvaracaqlar: 

"Azərbaycanın mövqeləri get-gedə güclənməkdədir”.

Ağ Partiyanın başqanı Tural Abbaslı isə Paşinyanın mövqeyində dəyişiklik olduğuna inanmadığını söyləyib. Onun fikrincə, Ermənistanda gözlənilən parlament seçkilərini öz xeyrinə başa vurduqdan sonra Paşinyan yenə də populist və sərsəm ritorikasına dönəcək: 

"BMT kimi mötəbər bir qurumun tribunasından Azərbaycana ərazi iddiaları edən bir siyasətçidən ağıllı və məntiqli nəsə gözləməyin tərəfdarı deyiləm. Hesab etmirəm ki, Paşinyan Ermənistan siyasətini tək başına idarə edə biləcək gücdə və səlahiyyətdə olsun. Onu həmin posta gətirənlər qarşısında öhdəliklər qoyublar. Bu məsələ onun siyasi karyerasının sonuna qədər baş naziri izləyəcək. Bir çox məsələlərdə Paşinyanı hətta siyasi marionetka da adlandırmaq olar. Odur ki, mən Azərbaycan hökumətinin Ermənistan rəhbərliyində kimin olmasından asılı olmayaq, ancaq və ancaq öz ordusuna güvənməsinin, hər an hərbi əməliyyatlara başlamağa hazır olmasının tərəfdarıyam. Doğrudur, bu gün Paşinyan Qərb qarşısında götürdüyü öhdəliklər ucbatından Ermənistanın əsas hamisi olan Rusiyadan uzaqlaşır və bu da Azərbaycana Qarabağ məsələsini öz maraqları çərçivəsində həll etmək üçün yeni imkanlar yaradır. Rusiya-Ermənistan, Türkiyə-Rusiya münasibətlərinin yeni mərhələyə keçməsindən səmərəli şəkildə yararlanmağa çalışmalıyıq. Bu fürsəti lazımi şəkildə dəyərləndirə bilsək, yeni uğurlar qazanacağımıza əminəm. İstənilən halda, heç bir şəkildə Ermənistanın səmimiliyinə inanmaq və arxayın olmaq olmaz”.


AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, Qarabağ klanını hakimiyyətdən salan erməni baş nazir populist çıxışları və radikal bəyanatları ilə erməni cəmiyyətinin rəğbətini özünə tərəf çəkmək istəyirdi:

"Onun ritorikası sırf daxili auditoriyaya hesablanmışdı. İndinin özündə də güya Azərbaycanın KTMT-yə müşahidəçi, yaxud da üzvlük məsələsinə imkan verməyəcəyi barədə səsləndirdiyi fikirləri məhz bu qəbildəndir. Rusiya çox çalışır ki, Azərbaycanı bu təşkilata qoşsun, amma rəsmi Bakı doğru olaraq həmin hərbi blokda iştirak etmək istəmir. Təbii ki, Paşinyanın davakar və qızdırıcı bəyanatları onun özünü çətin duruma salır. Birincisi, hətta erməni ictimaiyyəti baş nazirin populizminə uymadı, yalanlarına inanmadı. İkincisi, vasitəçilərin ciddi narahatlığına səbəb yaratdı. Ən vacibi isə Azərbaycanın səbrini daşdırdı ki, bu da nəticə etibarı ilə Ermənistana çox baha başa gəldi. Əslinə qalsa, bu gün Paşinyanı Dağlıq Qarabağ problemi maraqlandırmır. 

O, bütün diqqətini və gücünü hakimiyyətdə qalmağa səfərbər edib. Ermənistanda əvvəlki parlament seçkilərindən sonra yaranmış Paşinyan eyforiyası və illüziyası dövrü bitib. Çünki xalq gözləntilərini ala bilmədi. Eyni zamanda Paşinyanı hakimiyyətə gətirən güclər də sabit və sistemli xarici və daxili siyasət görə bilmədilər. Dəstəyini hər yerdən itirən Paşinyan dediklərində korrektələr etmək məcburiyyətində qaldı. Amma hər halda vaxt udmaq çabalarını bundan sonra da davam etdirəcək. Lakin inanmıram ki, hansısa uğur qazana bilsin”.

İsmayıl