"Paşinyan Ermənistanda ona qarşı olanları məhv edəcək" - "Yol"unu təmizləyir





"Nikol Paşinyanın yürütdüyü təmizləmə siyasətinin məqsədi parlament seçkilərində qarşısına çıxa biləcək bütün əngəlləri aradan qaldırmaqdır”

Bunu "Sherg.az”a politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, N.Paşinyanın Serj Sarkisyan və Robert Koçaryanı cəzalandırmaqla onları öz təsiri altında saxlamaq istəyir:

"Paşinyan Ermənistan xalqı üçün ciddi bir iş görməyib. Üç ay 10 gündür ki, hakimiyyətdədir, amma əhaliyə verdikləri vədlərin heç birini yerinə yetirməyib. Paşinyan Serj Sarkisyanı və Robert Koçaryanı təsiri altında saxlayır ki, onlar gələcəkdə indiki baş nazirin hakimiyyətini seçki yolu ilə möhkəmləndirməsinə mane olmasınlar. 

Paşinyan Ermənistanda ona qarşı olanların hamısını məhv edəcək. Amma bu hadisələrə parlament seçkilərindən sonra şahidlik edəcəyik. Seçkilər yaxın bir ərzində və ya bəlkə də bu ilin sonuna kimi baş tutacaq. Paşinyan keçmiş hakimiyyət nümayəndələrinə cinayət işi açmaqla onları öz tabeliyində saxlamaq istəyir. Onun addımlarında başqa ciddi siyasi məntiq axtarmağa dəyməz".

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2008-ci il 1 mart hadisələri ilə bağlı ifadə verəcək. Bu barədə Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan açıqlama verib."Dəfələrlə açıqlanıb ki, 1 mart hadisələrinə aidiyyatı olan hər kəs ifadə verəcək. Onlar arasında Serj Sarkisyan da var”.Bununla belə, o, Sarkisyanın istintaqa dəvət olunacağı tarixi açıqlamayıb.

Kənan Eynuroğlu