Paşinyan işğal faktoruna son qoyacaqmı? -Aktual Şərh






"Ermənistan 25 ildən çoxdur, prezidentli respublikadır və cəmi 3 prezident dəyişilib. Parlamentli rejimə keçəndən bəri isə, bir ay ərzində 2 baş nazir dəyişildi”.

Bunu "Sherg.az”a millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov söyləyib. 

O qeyd edib ki, Nikol Paşinyan Qarabağ klanına mənsub olmadığından onun münaqişənin həlli ilə bağlı manevr imkanları daha genişdir:

"Həmçinin, Paşinyan dərk etməlidir ki, Ermənistanı inqilaba gətirib çıxaran əsas səbəb işğal faktorudur. Rəsmi İrəvan işğalçı siyasəti ucbatından bumeranq effekti ilə üz-üzə qaldı. Azərbaycan məqsədyönlü şəkildə Ermənistana qarşı siyasi, iqtisadi, nəqliyyat blokadasını həyata keçirdiyindən, bu dövlət regional layihələrin heç birinə qoşula bilmədi. Serj Sarkisyanın isə korrupsioner dövlət qurması Ermənistanın qarışması prosesini sürətləndirdi”.

E.Nəsirov hesab edir ki, N.Paşinyan işğal faktoruna son qoymasa, dövləti güclü iqtisadi fəlakətdən xilas edə bilməyəcək:

"Azərbaycan və Türkiyə münasibətlərinin bərpası Dağlıq Qarabağ münaqişəsinin həllindən, işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasından keçir. İşğala son qoyularsa, düşmən ölkənin regional layihələrə qoşulması da baş tutar.

N.Paşinyan S.Sarkisyanın siyasətinin məzmununu saxlayıb, sadəcə formasında dəyişiklik edəcəksə, deməli, erməni xalqının mübarizəsinin nəticəsi olmayıb. S.Sarkisyan işğal siyasəti ilə 10 il hakimiyyətdə qala bildi. N.Paşinyan isə eyni siyasəti davam etdirərsə, 10 ay belə hakimiyyətdə qala bilməyəcək”.

Qeyd edək ki, Ermənistan parlamentinin bugünkü xüsusi iclasında Nikol Paşinyan baş nazir seçilib. Deputatlardan 59-u Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib. Onun baş nazir seçilməsi üçün minimum 53 səs tələb olunurdu.

Aysel Aslan