Paşinyan sevinməsin...

"Ermənistanda növbəti siyasi gərginliklər qabaqdadır və bu özünü mütləq şəkildə göstərəcək"
"Moskva ciddi şəkildə Ermənistandakı daxili siyasi proseslərə təsir etmək üçün geniş senari üzərində işləyir"

"Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın "Mənim Addımım” blokunun qalib gəlməsi heç də ölkədə siyasi hakimiyyətin güclənməsinə gətirib çıxarmayacaq”. 

Bunu "Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Moskva ciddi şəkildə Ermənistandakı daxili siyasi proseslərə təsir etmək üçün geniş senari üzərində işləyir: "Kreml "Qarabağ klanı”nın bu dərəcədə siyasi səhnədən getməsinə razı olmayacaq. 

Çalışacaq ki, Koçaryan həbsdən azad edilsin və yeni siyasi proseslərə atılsın. Hazırda Koçaryan və Sarkisyan tandemi qürub etməkdədir. Rusiya mütləq şəkildə bir neçə aya proseslərdə təşəbbüsü ələ almağa çalışacaq. Qarabağdakı separtçılar Kremlə bağlıdır və "Qarabağ klanı”nı təmsil edirlər. Onların bu və ya digər şəkildə Ermənistan siyasətinə, xüsusən Paşinyana qarşı yeni siyasətlə ortaya çıxması mümkündür. Göründüyü kimi, Paşinyan heç də ölkədə hakimiyyətinin möhkəmləndiyini və siyasi böhrana son qoyduğunu düşünməməlidir. 


Ermənistanda növbəti siyasi gərginliklər qabaqdadır və bu özünü mütləq şəkildə göstərəcək”. Ekspertin sözlərinə görə, Paşinyan Qarabağ münaqişəsi istiqamətində ciddi addımlar atmasa, həll prosesinə razılıq verməsə, Moskva yenidən Qarabağ amilindən istifadə edib Paşinyana ciddi siyasi və hətta hərbi təzyiqlər edə bilər: "Artıq mümkün olan variantları Rusiya Ermənistanda tətbiq edib”.

İsmayıl