"Paşinyan Soçidə Putindən rədd cavabı aldı" - Yollar bağlanıb






"Nikol Paşinyan psixi baxımdan qeyri-adekvat adamdır”.

Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Politoloq bəyan edib ki, Paşinyanın çıxışları onun psixi problemlərinin olduğuna işarədir:

"Ermənistanın baş naziri yaxşı başa düşür ki, danışıqlara uyğun davranarsa, beynəlxalq qurumların qətnamələrini icra etmək məcburiyyətində qalacaq. O anlayır ki, danışıqlar müstəvisində müəyyən güzəştlərə getməlidir. Azərbaycanın qəti prinsipial mövqeyi də ondan ibarətdir ki, münaqişənin həlli ilə bağlı qəbul olunmuş hüquqi sənədlər tezliklə həyata keçirilsin. Digər tərəfdən baş nazir Qarabağdakı separatçı rejimə söz verib ki, onların "hüquqlarını” müdafiə edəcək. Çalışacaq ki, qondarma rejimin nümayəndələrini də danışıqlara masasına əyləşdirsin. 

Şübhəsiz ki, bütün bunlar sülh danışıqlarına zidd olan məqamlardır. Dağlıq Qarabağ separatçılarının masada "müstəqil” tərəf kimi iştirakı heç vaxt nəzərdə tutulmayıb, danışıqlar predmeti olmayıb, ola da bilməz. Fikrimcə, Paşinyanın sərsəm bəyanatları ilkin dövrdə verdiyi əsassız vədlərə dəstək mahiyyəti daşıyır”.

Analitikin sözlərinə görə, Nikol Paşinyan aparıcı dünya ölkələrinin liderlərini razı sala bilmir:

"Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putindən rədd cavabı aldı. Daha sonra Fransa rəhbəri ilə görüşdü, lakin həmsədr Fransadan da razılıq ala bilmədi. İndi də Nyu-York getməyə hazırlaşır. Niyyəti ABŞ-da özünə dəstək tapmaqdır. Düşünürəm ki, Paşinyan gec-tez danışıqlara getməlidir. Çünki onun başqa çıxış yolu yoxdur. Azərbaycanın dövlət başçısı da açıq şəkildə bəyan edir ki, əgər Paşinyan tutarsız davranışlarını davam etdirərsə, layiqli cavabını alacaq”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışında deyib ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Dağlıq Qarabağ münaqişəsindən söz açan dövlət başçısı qeyd edib ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Prezident bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir: 

"Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq”.

İsmayıl