Ölkəsində iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün ilk növbədə Qarabağ münaqişəsinin həllinə töhfə verərək Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına nail olmalıdır
Ermənistanda Nikol Paşinyanın növbədənkənar parlament seçkilərində qalib gəlməsi gözlənilən idi. Çünki baş verən inqilab sosial etirazların nəticəsində meydana gəlmişdi. Paşinyan daima xalqa iqtisadi vəziyyəti yaxşılaşdıracağı, investorları cəlb edəcəyi, xaricdəki erməni iş adamlarının ölkəyə sərmayə qoyacağını qeyd edirdi. Hətta onun "Mənim addımım” blokunun "beş illik” fəaliyyətində iqtisadi inkişafa aparacaq islahatlar paketi də qəbul edilib. Lakin may ayından başlayaraq demək olar ki, Paşinyan yalnız Robert Koçaryan və Serj Sarkisyana qarşı mübarizə aparıb. Onları siyasi səhnədən uzaqlaşdırmaqla məşğul olub. Hansısa iqtisadi inkişafa imza atacaq proseslərə başlamayıb.
Korrupsiya araşdırmaları və digər köhnə hakimiyyətin siyasətini təftiş etməklə məşğul olub. Düşmən ölkədəki vəziyyəti şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan iqtisadiyyatında Rusiya hakim mövqedədir. İqtisadi blokadada olan və işğalçı siyasət aparan bir ölkədə hər hansı bir sahənin müstəqil şəkildə inkişafı mümkün deyil: "Rusiya verdiyi kreditlər hesabına Ermənistanın infrastrukturunu ələ keçirib.
Həmçinin, bu ölkənin sərhədərinin bağlı olması xarici investorların buraya sərmayə qoymasının qarşısını alıb. Hazırda Ermənistan iqtisadiyyatında və insanların sosial həyatında Paşinyandan əvvəlki eyni vəziyyət hökm sürür.
Artıq gələn ildən Rusiya da qazın qiymətini qaldıracağını qeyd edib. Bu, Paşinyana qarşı daxili etirazların formalaşmasına gətirib çıxaracaq. Xalq qazın qiymətinin aşağı düşməsini və sosial vəziyyətin yaxşılaşdırılmasını gözlədiyi bir halda vəziyyətin çətinləşdiyini gördükdə küçələrə axışacaq. Çox da uzaq olmayan gələcəkdə Ermənistanda əhalinin inqilabdan gözləntiləri tamamilə heçə enəcək. Bu da antiinqilab əhval-ruhiyyəsini meydana çıxaracaq və yeni dalğa Paşinyana qarşı olacaq”.
Politoloq hesab edir ki, Paşinyan ölkəsində iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün ilk növbədə Qarabağ münaqişəsinin həllinə töhfə verərək Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına nail olmalıdır:
"Paşinyanın xilas formulu bu ola bilər. Əgər bu proses baş verməsə, Ermənistan yerində sayacaq, heç bir inkişafa nail olmayacaq. Blokada şəraitində ölkədə iqtisadi islahatların keçirilməsi mümkün deyil. Heç bir yüksək gəlirli təbii sərvətə malik olmayan Ermənistanın bu vəziyyətdə inkişafı mümkünsüzdür. Erməni diasporu da Ermənistana maliyyəni azaldıb.
Rusiyadakı lobbidən maliyyə daxilolmaları məlum vəziyyətə görə dayanıb. Əhalinin gələn ilin 6 ayından sonra hakimiyyətdən qəti gözləntiləri olacaq. Gözləntilər özünü doğrultmasa, sosial tələblərlə İrəvan küçələrini etiraz dalğası bürüyəcək. "Qarabağ klanı” da bu etirazlardan Paşinyanın əleyhinə maksimum istifadə edəcək”.
İsmayıl