Bütün hallarda bir istiqamətə yalnız ödənişli yol olması mümkün deyil. Mütləq alternativ, ikinci bir yol da olmalıdır
Paytaxtda hansı yolun pullu olacağı məlum deyil
Ancaq Ələt-Astara yolunun bir hissəsinin ödənişli olacağı təsdiqlənib
Bütün hallarda bir istiqamətə yalnız ödənişli yol olması mümkün deyil. Mütləq alternativ, ikinci bir yol da olmalıdır
Bütün hallarda bir istiqamətə yalnız ödənişli yol olması mümkün deyil. Mütləq alternativ, ikinci bir yol da olmalıdır
Azərbaycanda ödənişli avtomobil yolu olacaq. Bu barədə Trend-ə özəl açıqlamasında "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, artıq pullu olacaq yolun biri müəyyənləşib: "Həmin yol Bakı-Ələt-Astara-İran sərhədi yoludur. Bu yolun pullu olması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Hazırda həmin yolun tikintisi aparılır. Amma bu o demək deyil ki, həmin istiqamətdə hərəkət edən sürücülər yalnız bu yoldan məcburi istifadə edəcək. Alternativ yol da olacaq. Hazırda istifadə olunan yol pulsuzdur və bu yol pullu yola alternativ olacaq.
Hazırda həmin yolun vəziyyəti normal deyil. Nəzərdə tutulub ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkildə yenidən qurulsun. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu pullu ola bilər”.
A.Nəcəfli bildirib ki, ödənişli yolun kilometri minik və yük avtomobillərindən asılı olaraq 4-7 qəpik müəyyənləşdiriləcək: "Yeni yol alternativ yoldan qısa olacaq. Bundan başqa, bu yol kənd, qəsəbə və digər yaşayış massivindən keçə bilər. Amma həmin ərazidə yol tam qapalı olmalıdır. Çünki həmin magistral sürət yolu olacaq. Bu yola kənar müdaxilələr də olmamalıdır. Ola bilsin, böyük yaşayış məntəqələrindən hansısa yol bura birləşsin, amma bu, xüsusi təhlükəsizlik şərtləri ilə olacaq. Yolda sürət həddi hələlik saatda 110 km/saat təklif edilib. Çünki Azərbaycanda avtomobil yollarında ən yüksək sürət həddi bu qədər müəyyənləşib. Yol istifadəyə veriləndən sonra bu məsələyə də baxıla bilər”.
Qurum rəsmisi bildirib ki, həmin yolla alternativ yolda heç bir fərq olmayacaq: "Əslində vaxt və məsafə baxımından yeni yaradılacaq pullu yol çox sərfəli olacaq. Bu yolun pullu olması da o qədər nəzərəçarpacaq dərəcədə deyil. Yəni, pulsuz yolda avtomobilin yanacağı pullu yola nisbətən daha çox sərf ediləcək. Həm sürət həddinə görə, həm yaşayış məntəqələri ərazisindən keçməklə, eniş-yoxuşlu olmaqla. Həmin məbləği hesablayanda pullu yoldan istifadəyə daha çox üstünlük veriləcək. Bu yol həm də pulsuz yoldan 40 km qısa olacaq”.
A.Nəcəfli bildirib ki, gələcəkdə digər ödənişli yolların da tikilməsi mümkündür:
"Məsələn, investor olsa, Quba-Şamaxı yolu tikilə bilər. Həmin yol Bakıdan keçməklə Quba vasitəsilə Şamaxıya gedən yoldan 200 kilometr qısa olacaq”.
"Azəravtoyol” rəsmisinin sözlərinə görə, ödənişlərdən əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.
Qeyd edək ki, "Böyük Bakının Regional İnkişaf Planı”nda (Baş planda) paytaxtda ödənişli yolun olması nəzərdə tutulur. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bir müddət öncə açıqlama vermişdi. Komitə sədri bildirmişdi ki, "Böyük Bakının Regional İnkişaf Planı” layihəsi təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.
Hazırda layihəyə ekspertlər baxış keçirir. Nəqliyyat məsələləri üzrə ekspert, "Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov "Şərq”ə açıqlamasında pullu yol praktikasının mövcud olduğunu dedi:
- Hansısa yol, bir körpü, lap bir tunel də, yaxud yolun hansısa hissəsi ödənişli edilə bilər. Amma bunun da şərtləri var. Əsas şərt budur ki, hansısa yol ödənişli qərar verilirsə, o yolun mütləq alternativi də olmalıdır. Məsələn, Ələt-Astara yolu bu əsasla ödənişli təklif edilirdi ki, Salyan rayonu ərazisindən keçən magistral yolla yanaşı, Biləsuvar istiqamətində də əlavə yol olsun. Yəni, eyni istiqamətə gedən həm ödənişli yol olsun, həm də ödənişsiz. Heç bir halda bir istiqamətə aparan yol birmənalı şəkildə ödənişli edilə bilməz. Sürücülərə mütləq şəkildə alternativ imkan tanınmalıdır. Ödənişli yolun öz standartları var. Nəqliyyatın hərəkəti, təhlükəsizlik faizi, yol hərəkəti qaydalarının tətbiqi, hər bir məsələ burada yüksək həllini tapmış olmalıdır. Ödənişli yollarda istər minik avtomobilləri, istərsə də ağır tonnajlı maşınların hərəkəti üçün maksimum imkanlar yaradılmalıdır. Hələ ki, pullu yol istifadəyə verilməyib. İstifadəyə verildikdə yolun hansı standartlara cavab verdiyi bilinəcək.
"Böyük Bakının Regional İnkişaf Planı”nda paytaxtda da ödənişli yolun olmasına gəlincə, Ə.Hüseynov bu barədə fikir bildirməyin tez olduğunu söylədi:
- Məlumatlar vardı ki, Ələt-Astara yolunun bir hissəsi ödənişli olacaq və artıq bu məlumat təsdiqini tapmaqdadı. Amma paytaxtda hansı yol ödənişli olacaq, hələ ki, bilinmir. Hansısa yol ödənişli olacaqsa, çox güman ki, bu, Baş Planda yer alır. Lakin hazırda paytaxtda ödənişli yol yoxdur. Gələcəkdə necə olacaq, bunu zaman göstərəcək. Bütün hallarda bir istiqamətə yalnız ödənişli yol olması mümkün deyil. Mütləq alternativ, ikinci bir yol da olmalıdır. Seçim vətəndaşın öhdəsinə buraxılmalıdır. Kimsə getdiyi ünvana daha qısa, yüksək standartlı, vaxt baxımından sərfəli yolla hərəkət etmək istəyirsə və buna maddi imkanı çatırsa, ödənişli yola üstünlük verəcək.
Məlahət Rzayeva