Pəncərədən yıxılan azyaşlılar...

Qurbanların sayı hər gün artırYusif Bəkirov: “Həmin valideynlər birmənalı günahkardır”
Lalə Mehralı: "Binadan yıxılaraq dünyasını dəyişən uşaqların sayının artmasının əsas səbəbi balkon-pəncərələrdə barmaqlıqların olmaması ilə əlaqədardır”
Binəqədi rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verilir ki, iyunun 28-də Bakı şəhər sakini, azyaşlı İmran Quliyev Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evin pəncərəsindən (3-cü mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Qeyd edək ki, son zamanlar azyaşlıların pəncərədən, balkondan yıxılması ilə bağlı xəbərlərin tez-tez şahidi oluruq. Uşaqların yuxarı mərtəbədən yıxılması halları dəfələrlə mətbuatda valideyn ehtiyatsızlığı ilə əlaqələndirilsə də, valideynlərdən nəzarət tələb olunsa da, təhlükə hələ də davam edir.
Bəs, problemin kökü haradan qaynaqlanır? Uşaqların diqqətdən kənarda qalması ailələrin maddi problemləri ilə bağlıdır, yoxsa internetə, sosial şəbəkəyə, seriallara, şou proqramlara aludəçilik uşaqların nəzarətsiz qalmasına səbəb olur.
Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, bütün bu faciələrin arxasında uşaqlara nəzarət məsələsi dayanır. Öncə onu araşdırmaq lazımdır ki, həmin uşağın valideynləri evdə olub, yoxsa yox. Adətən bu cür hallar uşaqlar evdə nəzarətsiz qaldığı zamanlarda baş verir.
Xarici ölkələrdə uşağı nəzarətsiz qoyan valideynlərin məsuliyyətə cəlb olunduğunu vurğulayan ekspert hesab edir ki, Azərbaycanda da bu təcrübədən istifadə edilməlidir: "Xaricdə bir nəfər valideyn "kolyaska”da olan uşağını küçədə qoyub, marketə girdiyi üçün onu məsuliyyətə cəlb ediblər ki, uşağı niyə küçədə nəzarətsiz qoymusan?! Valideyn evdə ola-ola uşağını gözdən qoyubsa, səhlənkarlıq edərək başı internetə, telefona qarışıbsa və həmin arada uşağın başına hansısa bədbəxt hadisə gəlirsə, həmin valideynlər birmənalı günahkardır. Amma burada birmənalı olaraq valideynlərin qınanılmasının da tərəfdarı deyiləm. Statistikaya nəzər salsaq, görərik ki, bu cür faciələr sosial vəziyyətləri ağır olan ailələrdə baş verib. Deməli, bu problemin dərin kökləri var. Heç bir valideyn uşağını evdə nəzarətsiz qoyub işə getmək istəməz. Evdə köməyi olmayan valideynlər uşaqlarını bağçaya göndərməlidirlər. Belə olarsa, valideynləri işdə olan uşaqlar daimi nəzarət altında olar. Buradan belə bir nəticəyə gəlmək olar ki, pəncərədən yıxılan, bağçadan düşən uşaqların məsuliyyəti tək valideynlərin yox, hökumətin də üzərindədir. Valideynlər uşaqlarını qoymağa bağça tapmadıqları üçün onları bağlı qapı arxasında saxlamağa məcbur qalırlar. Bu gün iş günüdür. Əgər valideynlər asanlıqla öz uşaqlarını bağçalara yazdıra bilsəydilər, həmin vaxtlarda uşaq bağçada olardı. O zaman da məsuliyyət bağça rəhbərliyində olduğu üçün uşaq daimi nəzarətdə olacaqdı və bu yaşda dünyasını dəyişməyəcəkdi. Amma bağçalarda yer yoxdur. Yer olan bağçalarda da qeydiyyat zamanı valideynlərə o qədər bürokratik əngəllər yaradılır ki, insanlar da haqlı olaraq, bezirlər. Hələ bir millət vəkili Zahid Oruc da dövlət bağçalarının ləğvini təklif edir. İnandırım sizi ki, millət vəkilinin bu təklifi reallaşsa, həftədə bir yox, gündə 3 uşağın pəncərədən, balkondan düşdüyünün şahidi olarıq”.
Körpələrin ölümünü birbaşa valideyn məsuliyyətsizliyi kimi dəyərləndirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hesab edir ki, nə qədər ki valideyn məsuliyyətsizliyi əcəl, faciə kimi qiymətləndiriləcək, azyaşlı qurbanların sayı artacaq: "Övladını itirən valideyni həbs etmək və ya cərimələmək mümkündürmü? Təbii ki, bu, cəmiyyətin qınağına səbəb ola bilər. Axı biz belə hallarda "humanist” oluruq. Amma heç kim azyaşlının valideyn məsuliyyətsizliyindən, laqeydlikdən dünyasını dəyişdiyini nəzərə almayacaq”.
"Uşaq hüquqları haqqında” qanunu xatırladan ekspert deyib ki, ölkəmizdə uşaq hüquqları bu qanunla tənzimlənir: "Həmin qanunda valideyn məsuliyyəti və azyaşlının baxımsız qalmasına görə məsuliyyət nəzərdə tutulub. Xarici ölkələrdə baxımsız qalan uşaqlar valideynlərindən alınaraq dövlətin himayəsinə verilir. Azərbaycanda da bu təcrübədən yararlanmaq lazımdır. Axı uşaq niyə nəzarətsiz qalır ki, başına da bədbəxt hadisə gəlsin? Başa düşürük ki, onlar uşaqdı, qanmadan pəncərəyə çıxa bilər. Bəs, o uşaq yıxılıb ölən vaxtı valideynləri hara baxırdı?”.
"Sağlam Toplum” İctimai Birliyin sədri, sosioloq Lalə Mehralı isə hesab edir ki, binadan yıxılaraq dünyasını dəyişən uşaqların sayının artmasının əsas səbəbi balkon-pəncərələrdə barmaqlıqların olmaması ilə əlaqədardır. Köhnə və təzə binaların hamısında bu çatışmazlıq var: "Valideynin gözü dörd olsa da, bütün günü uşağı izləsə də, hadisə bir göz qırpımında baş verir. Elə bizim yaşadığımız bina, köhnə binadır, çox az adam barmaqlıq düzəltdirib. Düzəltdirən də aşağı mərtəbələrdə yaşayanlardır, yəni oğurluq hallarından qorunmaq üçün bu addımı atıblar.
Düzdür, uşağı evdə tək qoymaq olmaz, amma bəzən adam buna məcbur qalır. Bəzən uşaq yatarkən ana 2 dəqiqəlik mağazaya düşmək məcburiyyətində qalır. Hadisə də elə bu iki dəqiqədə baş verir”.
Sosioloqun sözlərinə görə, bu problemin bir səbəbi də uşaq böyüdən valideynlərin köməksiz olması ilə bağlıdır: "Ata bütün günü işdə olur, ananın da başı ev qayğılarına qarışır, uşaq da həmin arada gözdən yayınır. Evdə əlavə adam, nənə baba, əmi-bibi olsa, valideynlərin başı işə qarışdığı zaman uşaqlara nəzarət edən olar. Təxminən 4 il əvvəl mənim də başıma oxşar hadisə gəlib. 5 yaşlı oğlumu hamam çanağında suya qoymuşdum, su ilə oynayırdı, mən də yanında dayanmışdım. Halbuki, heç vaxt uşağı hamamda tək qoyub çıxmırdım ki, yer sürüşkəndir, yıxılar, zədələnər deyə qorxurdum. Həmin gün də eləcə, stolumu hamamda qoyub kitab oxuyurdum yanında. Ev telefonu zəng etdi, əvvəl uşağı suda qoyub telefonu götürmək üçün hamamdan çıxmadım, amma israrla zəng gələndə cəmi iki metrəlik məsafəyə - qonaq otağına gəlib telefona "alo” deyincə oğlum hamamda qışqırdı. Telefonu atıb hamama gedəndə gördüm uşaq saç qurudan feni cərəyana qoşub salıb özü olduğu suyun içinə. Çox şükür ki, biz yüngül cərəyan vurması ilə xətasız ötüşdük. Yəni deməyim odur ki, hadisə olanda beləcə, bir göz qırpımında olur. Ona görə maksimum diqqətli olmaq, mümkün olduğu qədər ailə üzvlərindən xahiş etmək lazımdır bir müddət uşağa nəzarət ütmək üçün kömək etsin”.
Şəymən