Pensiya yaşının artırılması gözlənilir

Ekspertlər hesab edir ki, bu, vətəndaşların sosial ödənişlərə və pensiya təminatına marağının azaldılmasına gətirib çıxara bilər


Azərbaycanda pensiya yaşının qaldırılması məsələsi yenidən gündəmə gəlib. Cəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluqların vacibliyini vurğulayan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin sözlərinə görə, demoqrafik göstəricilərin nəzərə alınması və dövri olaraq tənzimlənməsi pensiya sistemlərinin qarşısında olan mühüm vəzifədir:

"Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrü 65 yaşdır. Amma bizim pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir. Ötən dövrdə biz bu istiqamətdə müəyyən tədbirlər aparmaqla, demoqrafik göstəricilərin tənzimlənməsi üzərində uğurlu bir fəaliyyəti yekunlaşdırmışıq. Amma uzun müddətli perspektiv üçün bizim maliyyə dayanıqlığına nail olmaq məqsədi ilə qeyd edilən istiqamətlərdə tədbirlərin reallaşdırılması zəruriliyi bizim apardığımız aktual tədqiqatlarla ortaya qoyulub”. Pensiyaya çıxma yaşının artırılıb-artırılmayacağını şərh edən sədrin sözlərinə görə, yaxın günlərdə bu aktual tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq: "Burda müxtəlif alternativlər var. Bir sıra məsələlərə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu ilə bu, balanslaşdırılır. Amma hansı variant seçilməlidir? Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bunun üçün müəyyən alternativlər ortaya qoyulur. Yalnız o alternativlərdən sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ ki, tezdir”.

İndiki şərtlər fonunda Azərbaycanda pensiya yaşının artırılmasının nə dərəcədə özünü doğruldacağına gəldikdə isə İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, ekspert Vüqar Bayramov deyib ki, pensiya yaşını artırmadan belə, maliyyə dayanıqlığını təmin etmək olar: "Pensiya yaşının dəyişilməsi qəbul edilmiş pensiya sistemi haqqında yeni konsepsiyaya əsasən, nəzərdə tutulan istiqamətlərdən biri kimi səslənir. Amma indiki məqamda pensiya yaşının artırılmasının deyil, büdcədən kənar digər vəsaitlərin cəlb edilməsinin tərəfdarıyam. DSMF çalışmalıdır ki, cəlb edilən vəsaitlərin digər qiymətli kağızlar və səhm bazarında yerləşdirilməsini həyata keçirtsin və daha çox büdcədən kənar vəsaitlər, eləcə də, mövcud vəsaitlərin idarə edilməsi hesabına gəlir əldə etməyə çalışsın. Eyni zamanda özəl pensiya fondlarının formalaşdırılması və özəl pensiya banklarının da hesabına vəsaitlərin cəlb edilməsi də əsas məqsədlərdən olmalıdır”.

Onun sözlərinə görə, pensiya yaşının artırılması vətəndaşların sosial ödənişlərə və pensiya təminatına marağının azaldılmasına gətirib çıxara bilər:

"Gələcək də əmək qabiliyyətliliyin müddətinə və orta ömür müddətinə uyğun olaraq pensiya yaşına baxılması mümkündür. Amma indiki məqamda pensiya yaşının artırılması müəyyən vəsaitlərə qənaətə gətirib çıxartsa da, bu, indiki məqamda arzuolunan deyil. Çünki pensiya yaşının artırılması vətəndaşın pensiya ödənişlərinə, sosial ödənişlərə marağının müəyyən qədər azalmasına gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, növbəti ildə DSMF daha çox gəlir əldə etmək imkanına malik olacaq. Buna görə də pensiya yaşının artırılması güman olunmur: "Büdcə gəlirlərində azalmalar proqnozlaşdırılsa da, DSMF-nin gəlirlərində artımların olacağı gözlənilir. Belə ki, neft qiymətinin aşağı düşməsi Azərbaycanda kəskin iş yerlərinin ixtisarına gətirib çıxartmayıb. Rəsmi statistikada belə yeni iş yerləri sayının artması da göstərilib.

Bu ondan xəbər verir ki, DSMF gələn ildə daha çox vəsait cəlb etmək imkanına malik olacaq. Əgər nə qədər çox vəsait cəlb edilirsə, bir o qədər yaxşıdır. Bununla yaşın dəyişdirilməsinə ehtiyac qalmayacaq. Çünki vəsait varsa, deməli maliyyə dayanıqlılığı da var.

Sadə məntiqlə desək, pensiya yaşının artırılmasının əsas məqsədi, vəsaitlərə qənaət etməkdir. Vətəndaş 63 deyil, 65 yaşında pensiyaya çıxırsa, pensiya daha gec ödənilir, bununla da DSMF vəsaitə qənaət etmiş olur. Fondun büdcəsindəki artımlar davam edir və artımlar davam etdiyi müddətdə, pensiya yaşına baxılması və artırılması iqtisadi baxımdan arzuolunan deyil”.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev də deyib ki, pensiya yaşını artırmaq yenidən gündəmə atılsa da, buna ehtiyac görülmür. Hazırda pensiya yaşının 63 olduğunu xatırladan ekspert deyib ki, Azərbaycanda orta ömür isə 70-72 ildir: "Bu səbəbdən, hazırda ölkədə əsas məqsəd orta ömür müddətini uzatmaqdır. Bir çox ölkələrdə təqaüd yaşının artırılması millətin yaşlanması ilə əlaqədardır. Azərbaycanda demoqrafik problemlər yoxdur. Bu səbəbdən də təqaüd yaşının artırılmasına ehtiyac duyulmur. Bir neçə il bundan əvvəl də ölkəmizdə təqaüd yaşının artırılması məsələsi müzakirə olunub və təklif edilib ki, pensiya yaşı 65-ə çatdırılsın. Lakin ideya dəstəklənməyib. O ölkələrdəki demoqrafik vəziyyət ağırdır, əhali qocalır, onda bunu qaldırmaq yaxşı nəticə verir. Ona görə ki, artıq pensiya verməyə vəsait çatmır. Ona görə o ölkələrdə buna gedirlər. Avropa ölkələrinin əksəriyyətində vəziyyət bu cürdür. Bizdə elə bir problem yoxdur. Bizim ümumilikdə götürdükdə millətimiz nisbətən cavan millətdir. Amma 10-15 ildən sonra Azərbaycanda ola bilər ki, belə bir problem yaransın”.

Şəymən