Pişiklər nəinki toksoplazmoz paraziti...

...Hətta allergik xəstəliklər də yaradır”
Adil Qeybulla: “Gigiyenik baxımdan evdə hər hansı bir heyvan saxlanılmasını düzgün hesab eləmirəm”

Pişiklərdən insana keçə bilən Toksoplazma paraziti insan beynində dəyişikliklərə yol aça və nevroloji xəstəlikləri dərinləşdirə bilər. Bu qənaətə beynəlxalq mütəxəssislər qrupu gəlib.

Mütəxəssislərin fikrincə, dünya əhalisinin yarısı toksoplazmoz xəstəliyinə yoluxa bilər. ABŞ və Rusiyada bu xəstəliyə yoluxanların sayı müvafiq olaraq 23 və 20 faizə çatır. Hesab olunur ki, bu parazit altshaymer, parkinson, epilepsiya kimi xəstəliklərə xarakterik olan neyron birləşmələrində dəyişikliklərə yol açır.

Toksoplazmoz xəstəliyi adətən yüngül keçsə də, hamilə qadınlarda bu xəstəlik ağırlaşmaya gətirib çıxara bilər.

Nəzərə alsaq ki, ölkəmizdə də pişik saxlayan insanların sayı yetərincədir. Bəs toksoplazma paraziti insan həyatı üçün hansı təhlükələrə yol aça bilər?

Mövzunu "Şərq”ə şərh edən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, yalnız pişik yox, ümumiyyətlə, hansısa heyvanı ev şəraitində saxlamaq istəyənlər həmin heyvanlarla bağlı mütləq araşdırma aparmalıdırlar. Onlarda müəyyən xəstəliklərin olub-olmaması ilə bağlı xüsusi yoxlanmalar olmalıdır: 

"Ümumiyyətlə, gigiyenik baxımdan evdə hər hansı bir heyvan saxlanılmasını düzgün hesab eləmirəm. Amma buna adət ediblər və artıq əksər ölkələrdə belə praktika var. Lakin ev heyvanları daim nəzarət altında olmalıdır. Onlarda hansısa xəstəliklərin, hətta parazitlərin olub-olmamasına dair yoxlamalar aparılmalı, əgər varsa, buna qarşı tədbir görülməlidir. Pişiklər nəinki toksoplazma parazitinin, hətta müxtəlif allergik xəstəliklərin yaranmasına da səbəb ola bilər. Bütün bu xəstəlikləri də müəyyən eləmək üçün müvafiq analizlərin verilməsi vacibdir. 

Məsələn, bu parazit dovşanlardan da keçə bilir. Parazitin yayılması həmçinin qidalanma ilə də mümkündür. Kimsə belə bir parazitə yoluxubsa, onlar müalicə olunmalıdırlar. Düzdür, bu xəstəliklər bəzən çox tez keçib gedir. Bəzən isə ağırlaşmalar törədir. Ona görə də insanlar evdə saxlamaq istədikləri heyvanlar barədə məlumatlı olmalı, həmin heyvanlar xəstəliklərə qarşı yoxlanmalı və xəstəlik olduğu halda müvafiq tədbirlər görülməlidir”.

Yeganə Bayramova