“Türkiyə uğurlu əməliyyatlar keçirdiyi üçün terrorçular açıq savaşdan qorxurlar”
“Türkiyə hökuməti anladı ki, danışıqlar nəticə vermir. Nə qədər istəkləri yerinə yetirilsə də, onlar silah və terraktdan əl çəkmirlər”
Türkiyənin İstanbul şəhərində növbəti terror aktı törədilib. Məlumata görə, şəhərin avtobus dayanacaqlarından birinin yaxınlığında baş verən partlayış zamanı 12 nəfər ölüb, 42 nəfər isə yaralanıb. Partlayışın PKK terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.
Türkiyənin hədəfə alınma səbəbləri barədə danışan "Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə hökuməti hər zaman terror məsələsini sülh və danışıqlar yolu ilə həll etmək istəyib. Hətta bu istiqamətdə böyük təşəbbüslər irəli sürüb. Ciddi işlər həyata keçirib: "Türkiyədə kürdlərin öz dillərində tədris və media imkanları yaradıldı. Kürdlər məhkəmələrdə özlərini müdafiə etmək hüququ qazandılar. Bu tədbirlərin müqabilində terrorçuların rəhbəri vəd verdi ki, silahı yerə qoymağa hazırdırlar. Hətta həbsdə olan terrorbaşı Abdulla Öcalan da tərəfdarlarına iki dəfə müraciət etdi. Açıqlamalar verdilər ki, guya, silahları yerə qoyublar. Halbuki bu, yalan idi. Onlar ötən illər ərzində şəhər və bölgələrdə silahları gizlədirmişlər. Keçən il iyunun 22-də də yenidən terrora başladılar və İstanbulda terrakt törətdilər. Ardınca polis və ordu hissələrinə hücuma keçdilər. Bundan sonra Türkiyə hökuməti anladı ki, danışıqlar nəticə vermir. Nə qədər istəkləri yerinə yetirilsə də, onlar silah və terraktdan əl çəkmirlər. Belə olan halda haqlı olaraq Türkiyə ordusu və polisinə əmr verildi ki, artıq terrorçulara qarşı ciddi mübarizəyə başlanılsın. Hazırda bu istiqamətdə böyük uğurlar əldə edilib. Bir il ərzində təxminən 2 minə yaxın terrorçu zərərsizləşdirilib. Bunun nəticəsində Türkiyədə terrorçular xeyli zəifləyiblər”.
E.Şahinoğlunun sözlərinə görə, Türkiyədəki terrorçu qruplaşmalar əhalidən dəstək ala bilmirlər: "Kürdlərin özləri terrorçulara nifrət edir. Çünki terrorçular onların da həyat düzənini pozur. Onlar düşünürlər ki, müxtəlif yerlərdə partlayışlar törətməklə Türkiyə cəmiyyətinə mesaj göndərirlər. Amma hesab etmirəm ki, bu cür partlayışlar Türkiyə hakimiyyətini, ordu və polisini yolundan döndərsin. Əksinə, Ankara terrora qarşı daha ciddi mübarizə aparacaq. Türkiyə öz daxilindəki əsas terror məntəqələrini yaxın zamanlarda məhv edəcək. Amma yenə də terror elə bir cərəyandır ki, onu tam ortadan qaldırmaq mümkün olmur. Ona görə ki, onların müxtəlif ölkələrdə tərəfdarları var. Hətta Şimali İraqda bazaları mövcuddur. Əsas odur ki, Türkiyə daxilində terrorun kökü kəsilsin və maliyyə imkanları azalsın”.
Politoloq onu da əlavə edib ki, Türkiyədəki terraktda Almaniya faktoru istisna edilmir: "Almaniya Bundestaqı qondarma erməni soyqırımını boş-boşuna qəbul etmədi. Burada PKK ilə bağlı da amil yer alıb. Almaniyadakı müəyyən mərkəzlər PKK-ya maliyyə yardımı göstərirlər. Bu qruplaşmaya dəstək məqsədilə Almaniyada xərac toplayırlar. Demirik ki, Almaniya PKK-ya birbaşa silah ötürür. Amma həmin yığılan pullardan terrorçu dəstə müxtəlif bölgələrdən silahlar alır. Demək olar ki, Almaniya və digər ölkələr faktiki oalraq PKK-ya dəstək verirlər. Terrorçuların arxasında dayanırlar. Əlbəttə, burada xarici qaynaqlar da öz rolunu oynayır. Zənnimcə, Türkiyə həm ölkə daxilində terrorçulara qarşı mübarizə aparmalıdır, həm də PKK-nın xarici maliyyə qaynaqlarını zəiflətməlidir. Bu qaynaqlar qaldıqca, müxtəlif yerlərdən silah alıb, onu Türkiyə ərazisinə keçirməyə çalışacaqlar”.
PKK-nın bu gün (dünən) də Mardində partlayış törətdiyini söyləyən ekspert vurğulayıb ki, terrorçular aqoniya içindədirlər: "Əvvəl hərbçiləri və polisləri qətlə yetirirdilər, indi mülki vətəndaşları - yaşlıları, qadınları və uşaqları hədəf alıblar. Hələ bir yekə-yekə "kürdlərin azadlığı uğrunda” savaşdıqlarını deyirlər. PKK onlarla razılaşmayan kürdləri də öldürür, gecə ikən evlərindən oğurlayırlar. Qətliamlar həyata keçirən PKK Avropa ölkələrində, o cümlədən Almaniyada dərin kök salıb. Əlbəttə, Avropa ölkələri PKK-ya birbaşa silah və sursat vermirlər. Ancaq elə PKK-nın Almaniyada topladığı xərac həmin silahların alınmasına və həmin silahlar vasitəsilə mülki insanların qətliamına yönəlib. Türkiyə ordusu və polisi şərq bölgəsinin müxtəlif qəsəbələrində PKK-ya ağır zərbələr endirdikcə, terrorçular açıq savaşdan qorxaraq "vur - qaç” taktikasına keçiblər”.
Ayyət Əhməd