Polisi qətlə yetirmək bağışlanmaz cinayətdir

Bu hadisə birbaşa Azərbaycan dövlətçiliyinə qarşı çıxmaqdır



Məlum olduğu kimi, ötən gün Gəncədə radikal elementlərdən ibarət bir qrup şəxs terrorçu Yunis Səfərova dəstək məqsədilə qanunsuz aksiya keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları meydana toplaşanlarla təxribat xarakterli aksiyanı dayandırmaq barədə danışıqlar apararkən qəflətən aqressiv əhval-ruhiyyədə olan, gözü dönmüş dini fanatiklərin hücumuna məruz qalıblar.
Hadisə nəticəsində Gəncədə hörmət bəslənilən iki polis əməkdaşı - polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov soyuq silahla qətlə yetiriliblər. Vəzifə borclarını yerinə yetirən, şəhərdə asayişi qoruyan iki polis zabitinin amansızlıqla qətlə yetirilməsi ölkə ictimaiyyəti tərəfindən sərt şəkildə qınanılıb. Olaya münasibət bildirənlər polisin canına qəsd edən cinayətkarların tezliklə tapılmasını və ən sərt şəkilə cəzalandırılmasını tələb ediblər. 

Əslində Gəncədə təxribat törətmək istəyənlərə hüquq-mühafizə orqanları yetərincə nəzakətli reaksiya verdi. İnsanlara heç bir güc tətbiq etmədən izah edildi ki, qanunsuz əməl törətməsinlər. Hətta bu nəzakətli davranış o həddə oldu ki, polislərimiz insanların qarşısına arxayın, rahat və silahsız çıxdılar. Nəticədə nə baş verdi? İki yüksək rütbəli polis zabitimiz xaincəsinə şəhid edildi. Əksəriyyət hesab edir ki, bizim ölkəmizdə bu baş verməməliydi. Çünki Azərbaycan hüquqi dövlətdir, bütün məsələlər qanun çərçivəsində və müstəvisində həll edilməlidir. Görünür, Azərbaycanın sabit hüquq dövləti olması Gəncə təxribatını körükləyən xarici mərkəzlərin və onların içimizdəki beyinsiz uzantılarının ürəyincə deyil. Ona görə də heç bir zor tətbiq etməyən polisləri şəhid etməklə dövlət qurumlarını təxribata çəkmək istəyiblər. Lakin xalq bu cür təxribatların haradan və nədən qaynaqlandığını yaxşı anlayır.

Hadisə ilə bağlı "Şərq”ə danışan ehtiyatda olan polis polkovniki Eldar Mirzəbəyov deyib ki, vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarına hücum etmək, onları amansızcasına qətlə yetirmək birbaşa Azərbaycan dövlətçiliyinə qarşı çıxmaqdır: 

"Çox ağlasığmaz hadisədir. Mən neçə il xidmət göstərmişəm, hərc-mərclik dövrünü nəzərə almasaq, bu günə qədər Azərbaycanda belə bir hadisənin şahidi olmamışam. İnanın, adam şoka düşür. Cinayəti törədənlərin kimliyi artıq bəllidir. Onlar əvvəllər də cinayətlər törədiblər, oğurluq, quldurluq ediblər. İstənilən problem qanun çərçivəsində həll olunmalıdır. Şükür Allaha, güclü və hüquqi dövlətimiz var, qanunlara riayət olunur. Azərbaycan polisləri hər zaman, gecə-gündüz dövlətimizin və xalqımızın müdafiəsində dayanır. Təxribat törədənlərin üzərinə əlıyalın, silahsız gedən, onlarla xoş danışıb dərdlərini dinləyən polisləri qətlə yetirmək çox çirkin, bağışlanmaz hadisədir. Buna nə ad verək? Görürsüz, xarici ölkələrdə kiçik bir aksiya olanda hüquq-mühafizə orqanları necə sərt reaksiya verirlər. İnsanları vəhşicəsinə döyür, tutur, sürüyüb aparırlar. Ancaq bizdə belə hadisələr baş vermir. Polis əməkdaşları insanlarla normal, əxlaq çərçivəsi daxilində, hörmət-izzətlə davranırlar. Təzyiqlə üzləşsələr belə səbrli hərəkət edirlər. Əgər bizim polis zalım olsaydı, meydana silahla, avtomatla çıxardı, atəş açaraq insanları dağıdardı. Öz işini görən, asayişi qoruyan polisləri şəhid etmək, dövlətimizin, xalqımızın nüfuzuna zərbə vuran amillərdir. Polis rəisləri, müavinləri çox gözəl insanlar idi. Dövlətin və millətin müdafiəsi üçün hadisə baş verən yerə getmişdilər. Hamı onlar haqqında müsbət fikirlər səsləndirirdi. Nümunəvi polis işçiləri olublar. Bir müddət əvvəl dövlət rəhbərliyi tərəfindən mükafatla təltif edilmişdilər”.

Hüquqşünas Sahib Məmmədov da bəyan edib ki, asayişi qoruyan polis əməkdaşlarının qətlə yetirilməsi faciədir:

 "Faciə baş verdi. Asayişi təmin edən vəzifəli polislər qətlə yetirildi. Amma düşmənlərin planı baş tutmadı. Xalq təxribata getmədi. Nəticədə dövlətə qarşı yönələn qəsdə dəstək verən olmadı. Azərbaycan polisi bu günlərdə əsl fədakarlıq göstərdi. Yollarda təmirə görə tıxaclar yarananda günün altında hərəkəti tənzimləyən onlardır. Elektrik enerjisinin kəsilməsi zamanı insanların təxliyyə olunmasının da əsas yükü onların üzərinə düşdü. Asayişin təmin olunmasında həyatlarını qurban verərək əllərindən gələni etdilər”.

Tanınmış jurnalist Ceyhun Musaoğlu da bildirib ki, cinayətin qarşısını alan polisə dərin minnətdarlıq düşür:

 "Bəli, dəqiq ifadədir: öldürülən yüksək rütbəli polislər şəhiddir. Məntiqlə öldürən kim olur? Düşmən. Öz vətənində düşmən kimi davranmaq cahillikdən doğan aqressiyanın təzahürüdür. Belə münasibətə lənət olsun”.

Tarixçi Zaur Əliyev də bildirib ki, bu gün polisə qalxan qatil əl sabah müəllimə, alimə, həkimə, hərbçiyə və nəhayət, Bayrağımıza qalxacaq: 

"Bu əlləri vaxtında kəsmək, qollarından qopartmaq lazımdır”.

İsmayıl