Politoloqdan MESAJ: "Dünayada silahlanma baş alıb gedir"




"NATO Rusiya sərhədinə doğru hərəkət etdikcə, rəsmi Moskva da öz hazırlıqlarını görür”

Bunu Sherg.az-a Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "ABŞ-ın Avropada hərbi qüvvələr yerləşdirməsi planı region üçün ciddi təhdiddir" bəyanatını şərh edərkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, dünyada müharibə şəraiti yaranarsa, toqquşmalar böyük dağıdıcı nəticə verəcək:

"NATO-nun Şərqə doğru yürüşü təəssüf ki, davam etməkdədir. Bir halda ki, digər bölgələrdə yeni silah növləri cəmlənir, iri raketlər yerləşdirilir. Bu proses Rusiya tərəfindən diqqətsiz qala bilməz. Vaxtilə Mixayıl Qorboçov demişdi ki, Sovet İttifaqı Şərqi Avropadan qoşunlarını çıxartdığı təqdirdə, Amerika Şərqə doğru irəliləməsə, o zaman sülhə addımları əsaslı xarakter daşıyacaqdı. Ancaq Qərb o zaman razılıq versə də, vədinə əməl etmədi. Sovet İttifaqı qoşunlarını Avropadan çıxartdıqca, NATO rusların sərhədlərinə doğru hərəkət etməyə başladı. Bu proses ABŞ-ın başçılığı altında indi də davam edir. Onun dəstəyi ilə təşkilat Şərqdə hərbi hazırlıqlar aparır. Buna əzələ nümayişi demək düzgün deyil. Çünki canlı qüvvə ilə yanaşı tanklar, raketlər bəzi bölgələrə yerləşdirilir. Ona görə, Rusiya məsələyə göz yuma bilməz. Öz növbəsində rəsmi Moskva da adekvat şəkildə öz hazırlıqlarını həyata keçirir. Krım yarımadasında  raketlərini yerləşdirir, postsovet ölkələri olan Baltikyanı dövlətlərdə Qərb üçün cavab addımları hazırlayır. 

Belə vəziyyət isə heç kəsi qane edə bilməz. Silahların bir yerdə cəmləşməsi hər zaman böyük təhlükələrin və risklərin əlamətidir. Rusiya Amerikaya açıq-aydın bildirir ki, sizin müdaxilə istəyiniz yoxdursa, onda niyə qoşunlarınızı yerləşdirirsiniz? Təbii ki, bu əsaslı arqumentdir. ABŞ tək Avropada deyil, Koreya adasında, Fars körfəzi ətrafında hərbi-strateji raketlərini, hava hücumundan müdafiə sistemlərini qurur. Bu Qərbin öz müttəfiqləri ilə birlikdə Rusiyanı sıradan çıxarmağa səy göstərməsindən xəbər verir. Qüvvədən düşən bəzi müqavilələr strateji silahların məhdudlaşdırılmasını özündə əks etdirirdi. Təəssüf ki, ABŞ həmin razılaşmalardan çıxdı. Bununla da silahlanma baş alıb gedir. Bu kifayət qədər ciddi məsələ olduğundan dünya diplomatiyası, Avropa ölkələri, eləcə də Rusiya və Amerika buna yenidən baxmalı, razılaşmaları təzələməlidir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Avropada hərbi qüvvələr yerləşdirməsi planının regionun təhlükəsizliyi üçün ciddi təhdid olduğunu deyib.

Aysel Aslan