Polkovnikdən çağırış:”Hərbi hissə, ordunun say tərkibi və dövlət sirri haqda xəbər yaymaq olmaz”









"Cəmiyyət ordu barədə müəyyən məlumatlara malik olmalıdır”.

Bunu "Sherg.az”a müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general Kərim Vəliyevin "Ordu haqqında danışarkən həssas olmaq lazımdır” çağırışına münasibət bildirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O diqqətə çatdırıb ki, bəzi məsələlər - hərbi hissə, dövlət sirri və s. haqda açıqlama vermək olmaz:

"Təəssüf ki, bəzi jurnalistlər məsələn, müdafiə nazirinin hansı hərbi hissədə iclas keçirməsi, hansı say tərkibində hərbi generallarla görüşlər aparması haqqında məlumatlar verirlər. Yaxud elə məxfi məsələlər var ki, mətbuata çıxması düzgün deyil. Amma bəzi informasiya portallarında bunlar yerləşdirilir. Nəzərə almaq lazımdır ki, mətbuatımızı xaricdən izləyənlər arasında düşmənlərimiz də var və onlar məlumat toplamağa çalışırlar. Ordunun say tərkibi, hansı silahlarla təmin olunması, hərbi hissələr və s. barədə məlumat əldə etmək istəyən düşmən kəşfiyyatı var. Bütün bunların mətbuatda yazılması yolverilməzdir.

Ümumi əsgərlərin şəraiti, orduda olan ruh yüksəkliyi, döyüşə hazırlıq təbliğ olunmalıdır. Lakin bu zaman da rəsmi məlumatlara diqqət etmək lazımdır. Çünki bəzən jurnalistlər məlumatların hansı müsbət və mənfi nəticələr verəcəyini bilmir. Bilərəkdən və bilməyərəkdən düşmən dəyirmanına su tökənlər də var. Bizi istəməyən qüvvələr bunlardan Azərbaycana qarşı istifadə edirlər”.

Qeyd edək ki, K.Vəliyev orduya ictimai nəzarət haqqında danışıb və tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşünün təşkil olunduğunu söyləyib:
"Hərbi hissələrdə keçirilən görüşdə iştirak edənlər real vəziyyəti görürlər. Əlliyə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.

Aysel Aslan