Prezident İlham Əliyev sammitdə çox ciddi məsələlərə toxundu

Ermənistan işğalçıdır, “Metsamor” təhlükə mənbəyidir, azərbaycanlı qaçqınların varlığı unudulmamalıdır




"İlham Əliyevin Dünya Humanitar Sammitindəki çıxışını 3 hissəyə bölmək olar”. Bunu politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidenti İlham Əliyevin mayın 23-də İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışını şərh edərkən deyib. Ekspert bildirib ki, Prezident çıxışının birinci hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr edib:

"Azərbaycan Prezidenti tədbirdə BMT baş katibinin iştirakından istifadə edərək öz iradını çatdırdı. İrad bundan ibarət idi ki, BMT-nin bəzi hallarda qətnamələri bir neçə həftəyə icra edilir, ancaq Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı 4 qətnaməsi 22 ildir yerinə yetirilmir. Dövlət başçısı çıxışının ikinci hissəsində diqqəti Ermənistanda yerləşən "Metsamor” Atom Elektrik Stansiyasına yönəltdi. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, avadanlıqları köhnəlmiş "Metsamor” Atom Elektrik Stansiyası bölgə üçün təhlükə mənbəyidir. İkinci səbəb isə odur ki, Ermənistan hakimiyyəti atom elektrik stansiyasının tullantılarından "çirkli bomba” hazırlaya bilər. Prezidentin çıxışının üçüncü hissəsi Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı qaçqınlarla bağlı idi. Dövlət başçısı dünyaya bu mesajı verdi ki, beynəlxalq aləm işğal nəticəsində azərbaycanlı qaçqınlarının varlığını da unutmamalıdır”. Politoloq hesab edir ki, ölkə rəhbəri İlham Əliyevin İstanbuldakı çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən öncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər: "Çünki Azərbaycan və Ermənistan Prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa, bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq”.

"Prezidentin çıxışı qətnamələrin icrası üçün son çağırış idi”

Millət vəkili Fəzail Ağamalı da bildirib ki, Prezident İlham Əliyevin Türkiyədə keçirilən sammitdə çıxışı Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Deputatın sözlərinə görə, dövlət başçısının sözügedən çıxışı Ermənistanın ölkəmizə təcavüzü və onun doğurduğu ağır nəticələrdən bəhs edirdi: "Prezident İlham Əliyev BMT katibinin və dünyanın aparıcı dövlətlərinin iştirak etdiyi mühüm toplantıda Azərbaycan həqiqətlərini önə çəkərək, Ermənistanın təcavüzkarlığını diqqətə çatdırdı. Konkret faktlar ortaya qoydu. Ölkə başçısının bu çıxışları kifayət qədər arqumentli, patoloji bazaya söykənən bir yanaşma idi. Dövlət başçısının nitqinin konkret nəticəsi ondan ibarət idi ki, əgər BMT-nin Təhlükəsizlik Şurası, dünyanın aparıcı dövlətləri, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı cilovlamasa və təcavüzkarlığa son qoymağa məcbur etməsə, o zaman bütün məsuliyyət məhz beynəlxalq təşkilatların üzərinə düşəcək”. F.Ağamalı onu da bəyan edib ki, ölkə rəhbərinin sammitdəki çıxışı haqlı olaraq ədalətə və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə söykənir: "Bu, BMT tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsi ilə əlaqədar son çağırış idi. Bundan başqa, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bütün dünya üçün ciddi mesaj idi”.

"Prezidentin sammitdə çıxışı Ermənistana xəbərdarlıq idi”

Millət vəkili Çingiz Qənizadə də deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yaranmış şəraitdən istifadə edərək Dağlıq Qarabağ həqiqətlərini, Ermənistanın riyakar və işğalçı siyasətini dünya birliyinə çatdırması qürurvericidir. Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti iştirak etdiyi bütün tədbirlərdə dövlətin milli maraqlarına uyğun çıxış edərək, hər kəsin ürəyindən keçən məqamları qabardıb: "İstanbulda səslənən sərt ifadələr Ermənistana, eləcə də onun havadarlarına xəbərdarlıq məqsədi daşıyırdı. Aprelin əvvəllərində ordumuz tərəfindən 2000 hektardan çox ərazinin işğaldan azad edilməsi göstərir ki, Azərbaycan istədiyi halda daha çox öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Amma biz hələlik müharibə deyil, sülh yoluna önəm veririk. Prezidentin sammitdə çıxışı bir daha imkan və vaxt verir ki, düşmən tərəfi düşünüb işğal etdiyi ərazilərdən geri çəkilsin. Bundan başqa, Ermənistanın havadarlarına bir daha xəbərdarlıq olundu ki, gələn dəfə hərbi əməliyyatı 3 gün deyil, lazım gələrsə, 23 gün də davam etdirə bilərik”.

İsmayıl