Prezident müjdəni verdi, Cocuq Mərcanlı kəndi bərpa olunur
Sakinlər işğaldan azad olunmuş torpaqlarına qayıtmağa hazırlaşır
Yanvarın 24-də Prezident İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı” sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub.
Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Silahlı Qüvvələrin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Bu məqsədlə dövlət başçısı Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 fərdi
yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 4 milyon manat vəsait ayrılıb.
"Biz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndinə qayıdacağıq”
Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunsa da, 1994-cü ildə həyata keçirilən "Horadiz əməliyyatı” nəticəsində erməni işğalından azad edilib. İndiyə qədər kənddə yalnız bir ailə yaşayır. 2016-cı ilin aprel savaşında Lələ təpə erməni işğalından azad ediləndən sonra Cocuq Mərcanlıya təhlükə də aradan qalxıb. Prezident İlham Əliyev əksər çıxışları zamanı dəfələrlə işğal altındakı torpaqlarımızın azad ediləcəyini, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacaqlarını ifadə edib. Hazırda dövlət başçısı tərəfindən atılan addımlar, verilən qərarlar həmin dövrün başlandığına işarə edir: "Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndinə qayıdacağıq. Əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa, bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik”. Ölkə rəhbəri bəyan edib ki, işğalçı ölkənin vətəndaşları öz ölkələrini tərk edirlər. Amma azərbaycanlılar doğma yurdlarına qayıdacaqlar: "Ermənilər çıxıb gedir. Biz isə torpaqlarımıza qayıdacağıq. Qayıtmaq üçün düşünülmüş strategiya, konsepsiyamız var. Strateji xəttimiz müəyyən olunub və biz hər il taktiki addımları atacağıq”.
Düşməndən azad edilmiş ərazilər minalardan təmizlənəcək
Çocuq Mərcanlı kəndində bərpadan öncə ANAMA tərəfindən minaların təmizlənmə işləri həyata keçiriləcək. Bu barədə Agentliyin əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib. O bildirib ki, işğal altında olmuş həmin ərazidə çoxlu sayda döyüş sursatlarının və minaların olması ehtimalı var: "Bununla bağlı ANAMA tərəfindən təmizləmə işlərinin aparılması planlaşdırılır. İlkin olaraq planlaşdırma işləri aparmaq, kəşfiyyat işləri həyata keçirmək nəzərdə tutulur. Həmin ərazinin 3 milyon kvadrat metr olacağı qənaətindəyik. Mən bu işlərlə bağlı növbəti həftə həmin əraziyə səfər edəcəyəm”.
Cocuq Mərcanlı sakinləri kəndlərinə köçməyə hazırlaşır
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Cocuq Mərcanlı sakinləri kəndlərinə köçməyə hazırlaşır: "Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndində yaşamaq imkanı yaranıb. Çünki kənddə təhlükə sovuşub. İşğaldan əvvəl kənddə 400 ailə yaşayıb və artıq 190 ailə kəndə köçmək üçün ərizə ilə müraciət edib. Müraciətlər davam edir. Mən bunu məruzə edəndən sonra cənab Prezident sərəncam imzaladı və 4 milyon vəsait ayrıldı. Vəsait orada 50 evin və 1 məktəbin tikilməsinə yönəlib. Artıq "Azərişıq”, "Azərsu” və "Azəriqaz”a müraciət etmişik ki, texniki şərt versinlər. İstəyirik orada evlər tez tikilsin. 190 ailənin 50-sini ora köçürəcəyik və təbii ki, proses sonra da davam edəcək”.
"Dövlət başçısı xalq qarşısında götürdüyü öhdəliyi layiqincə yerinə yetirir”
Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Prezidentin sərəncamı həyatımızda yeni səhifənin başlandığını göstərir: "İlk dəfədir ki, işğaldan azad olunan yaşayış məntəqəsinin bərpası ilə bağlı dövlət başçısı sərəncam imzalayır, tapşırıqlar verir. Bunun özü Azərbaycanın torpaqlarını işğaldan azad etmək əzmində olduğunu göstərir. Bu, dövlət başçısının xalq qarşısında götürdüyü öhdəliyini yerinə yetirdiyini göstərir. Ötən ilin aprelində
Azərbaycan Silahlı Qüvvələrinin yüksək hazırlığı, müasir texnika ilə təchiz edilməsinin nəticəsi olaraq torpaqların bir hissəsi işğaldan azad edildi. Sərəncam bir daha göstərdi ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə təhlükəsizliyi təmin etməyə, orada yaşayış üçün lazımi şəraitin yaradılmasına hazırdır. Bunun üçün kifayət qədər resursu və ən əsası siyasi əzmi var. Qısa bir zamanda 50-yə qədər yaşayış evinin və məktəbin tikilməsi dövlətin çox ciddi niyyətindən xəbər verir. Belə sərəncamların sayı çox olacaq. Şuşa, Laçın, Ağdam və digər işğal olunmuş şəhər və rayon mərkəzlərinin bərpası ilə bağlı sərəncamların verilməsi də mütləq olacaq. Bir kəndin timsalında Azərbaycan dövləti, xalqı öz torpağına olan məhəbbətini göstərdi. Hesab edirəm ki, ictimaiyyət həmin kəndin bərpa işlərini diqqətdə saxlamalıdır, mənəvi dəstəyini verməlidir”.
"Prezidentin sərəncamı ermənilərə mesajdır”
Millət vəkili Eldar İbrahimov da deyib ki, Prezidentin sərəncamı düşmən ölkəyə bir mesajdır. Deputat bildirib ki, Azərbaycan ordusunun parlaq qələbəsi nəticəsində əldə olunan yüksəkliklər kəndi tam təhlükəsiz edib: "Əvvəllər ermənilər həmin ərazilərə atəş aça bilərdisə, bu ərazilərin işğaldan azad edilməsi nəticəsində düşmən bunu edə bilmir. Dövlət başçısının sərəncamı əsasında tarixi torpaqlarından çıxarılan vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Ermənilər də görəcək ki, Azərbaycan imkanlarından istifadə edərək öz torpaqlarında quruculuq işləri aparır, insanlar öz evlərinə qayıdır”. E.İbrahimovun sözlərinə görə, bununla da Ermənistan bilməlidir ki, Azərbaycan tezliklə işğal olunmuş bütün torpaqlarını geri qaytaracaq və vətəndaşlarımız öz yurd-yuvalarına dönəcəklər: "Mən ATƏT-in tədbirlərində erməni deputatlara sual verirdim ki, ərazilərimizi işğal etmisiz, bəs niyə orada heç kim yaşamır? Çünki düşmən ölkənin orada yaşamağa adamları yoxdur. Hazırda İrəvanın özündə belə erməni qalmayıb. Sadəcə düşməndə işğal xəstəliyi var. Düşünürəm ki, Ali Baş Komandanın göstərişi ilə haqq-ədalət işimizi həyata keçirəcək, torpaqlarımızı sülh və ya hərbi yolla geri qaytaracağıq. Bu baxımdan Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı bu yolda ilk addımdır”.
"Prezidentin sərəncamı aprel qələbəsinin davamıdır”
Siyasi ekspert Arzu Nağıyev deyib ki, Prezident İlham Əliyevin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir: "Azərbaycanın əsas məqsədlərindən biri işğal edilmiş ərazilər azad edildikdən sonra soydaşlarımızın öz doğma torpaqlarına qaytarılmasıdır. Məhz buna görə Cocuq Mərcanlı kəndində tikinti işlərinə start verilib. Bundan başqa, Tərtər rayonunda da aprel döyüşlərində azad edilmiş ərazilərdə binalar inşa olunur, tikinti işləri aparılır. Düşünürəm ki, tikinti işləri yaxın zamanlarda başa çatdırılacaq və həmvətənlərimiz doğma torpaqlarına qayıda biləcəklər”.
İsmayıl