Nazirlər Brüsseldə bu görüşün keçirilməsinin mümkünlüyünü çözüblər
Amma cəbhə xəttində vəziyyət stabil deyil. Hansısa təxribatçı hadisə görüşün keçirilməsini dayandıra bilər
Ötən gün Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüş ATƏT-in Minsk Qrupunun və təşkilat sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü ilə reallaşıb.
Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb. Həmsədrlər nazirlərdən prezidentlərin cari ildə görüşünün keçirilməsinə dair təklifini ölkə başçılarına çatdırmağı xahiş ediblər. Görüşdə həmçinin, münaqişə tərəflərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu-Yorkda keçirilməsinə dair razılıq əldə olunub.
Həmsədrlər Brüssel görüşü ilə bağlı bəyanat yayıb
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşü ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, nazirlər öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq veriblər: "Həmsədrlər prezidentlərin görüşünün təşkil edilməsinə yardım təklif ediblər. Görüş zamanı təmas xəttindəki son durum da müzakirə olunub. Nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar”.
"Həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb”
Nazirlərin Brüssel görüşünə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi BMT Baş Assambleyasının sessiyası çərçivəsində nəzərdə tutulan görüşə razılıq verib. Hikmət Hacıyevin sözlərinə görə, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək: "Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb”.
"Əgər təkliflər tərəfləri razı salarsa...”
Brüssel toplantısını şərh edən politoloq İlqar Vəlizadə deyib ki, görüşün əsas məqsədi ATƏT-in cari sədrinin təklifi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə hazırlıqdır. Ekspertin fikrincə, nazirlər bu görüşün keçirilməsinin mümkünlüyünü müzakirə ediblər: "Bu görüş ATƏT-in Minsk Qrupunun gündəliyinə daxil olan görüş deyildi. Hətta deyərdim ki, görüş Minsk Qrupundan kənar idi. Burada sərbəst mövzulara toxunuldu, ona görə də hansısa təkliflərin verilməsi və ya qərarların qəbulu mümkün olmadı. Ehtimal edirəm ki, nazirlərin növbəti görüşü Minsk Qrupu çərçivəsində olacaq və prezidentlərin görüşü qərara alınacaq. Bildiyimiz kimi, nazirlər BMT Baş Assambleyası çərçivəsində də bir araya gələcəklər. Əgər təkliflər hər iki tərəfi razı salarsa, o zaman prezidentlərin görüşündən söhbət gedə bilər”. Politoloq vurğulayıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə cəbhədəki vəziyyətin birbaşa təsiri var: "Cəbhə xəttində vəziyyət stabil deyil. Hansısa təxribatçı hadisə görüşün keçirilməsini dayandıra bilər”.
"Görüşdə sadəcə müzakirələrin getdiyi bildirilib”
Politoloq Elçin Mirzəbəyli isə belə görüşlərdən heç nə gözlənilmədiyini söyləyib. Ekspert bildirib ki, görüşdə irəliləyişin baş verməsi ilə bağlı XİN-in bəyanatında məlumat yoxdur:
"Görüşdə sadəcə müzakirələrin getdiyi bildirilib. Prezident vurğulayıb ki, Azərbaycan yalnız sənədlərlə bağlı, konkret istiqamətlərdə danışıqlar aparacaq. Əgər Ermənistan yenidən danışıqlara qoşulmaq üçün addımlar atırsa, o zaman məsuliyyət təkcə Ermənistanın deyil, ATƏT-in rəhbərlərinin də üzərinə düşür”. Siyasi şərhçi əlavə edib ki, əgər görüşdə razılıq əldə olunsaydı, özünü büruzə verərdi: "Danışıqlar prosesində prinsipial razılıq əldə edilməzsə, Ermənistan təxribatlarını davam etdirəcək və prosesin pozulmasına çalışacaq”.
İsmayıl