Professor deputat və nazirlərə səsləndi: "Mediaya qarşı həssas olun ! "




"Deputatlar, ictimai xadimlər cəmiyyətdə mövqe tutan şəxslərdir. Onlar ölkənin həyatı, millətin heysiyyatı üçün prinsipial məsələlərdə mütləq medianın sorğularına cavab verməlidirlər”.

Bunu Sherg.az-a açıqlamasında BDU-nun professoru, tanınmış jurnalist Qulu Məhərrəmli deyib. 

O bildirib ki, bəzən deputatlar, nazirlər, vəzifə tutan şəxslər kəskin siyasi suallardan qaçırlar:

"Rusiya, İran, yaxud Türkiyə ilə bağlı məsələlər olduqda onlar yayınırlar. Bunu müəyyən mənada başa düşmək olar. Çünki onların dediyi sözün müəyyən ictimai yükü var və bəzən qalmaqala səbəb ola bilir.

Deputatlarımızın, vəzifə tutan şəxslərin çoxunun səviyyəsi arzuolunan deyil. Onların əksəriyyəti mətbuatı, hadisələri izləmir. Deputatlardan 2-3-ü - Fazil Mustafa, Qənirə Paşayeva, Zahid Oruc daim mətbuatın qarşısındadır.

Təəssüf ki, cəmiyyət qarşısında məsuliyyətini hiss etməyən deputatlar da var. Xüsusilə belə mühüm məsələdə mətbuatın suallarına cavab vermək onların vəzifəsidir. Amma hər hansı prinsipial məsələ ilə bağlı deputat desə ki, istirahətdəyəm, adam ancaq bundan üzülər. Doğrudur, ola bilsin deputatın daha vacib işi olsun, amma o telefona cavab verə bilirsə, deməli  jurnalistin suallarını da cavablandıra bilər.

Həmin anda cavab verə bilmirsə, bir müddət sonra cavablandıra bilər. Konkret son hadisə ilə bağlı düşünürəm ki, parlamentin sədrindən tutmuş, deputatlara qədər hamısı ümummilli məsələ ilə bağlı sualları cavablandırmalıdırlar.

Bir daha deputatlardan, nazirlərdən, ictimai şəxslərdən xahiş edirik ki, mediaya qarşı həssas olsunlar və münasibətlərini düzgün qursunlar. Çünki onların vasitəsi ilə hadisəyə münasibətin mənzərəsi yaranır”.


Qeyd edək ki,  bəzi deputatlar ötən günlərdə Füzulinin Alxanlı kəndində separatçı Ermənistan ordusunun iri çaplı silahlardan açdığı atəş nəticəsində kənd sakini 2 yaşlı Zəhra və nənəsinin amansızcasına qətlə yetirilməsi ilə bağlı jurnalistlərə "istirahətədəyəm, dicəlirəm, bizim də istirahət haqqımız var" deyib açıqlama verməkdən imtina edib. 

Ayyət Əhməd