Professordan dilimizin qorunmasına dair təklif: "Bələdiyyələrin nəzdində bir qurum yaradılsın !"

"Paytaxt Bakıda, eləcə də rayonlardakı reklam lövhələrində söz və ifadələrin yanlış yazılması hallarına tez-tez rast gəlirik".
Bunu "Sherg.az"a ADU-nun professoru Bilal İsmayılov bildirib.
Professor qeyd edib ki, bundan başqa bəzən elanlarda "narahatçılıq” sözü işlədilir ki, Azərbaycan diləndə belə bir söz yoxdur:
"O sözün düzgün ifadəsi "narahatlıq”dır. Bununla yanaşı "Müvəqqəti” sözünü çox zaman yanlış yazırlar. Bu sözü əsasən "müvəqəti” kimi və ya "q” hərfini bir , "v” hərfini iki dəfə təkrar etməklə yazırlar. Bunlar düzgün deyil. Biz Azərbaycan dilinin normalarına bütün hallarda dəqiqliklə əməl etməliyik.
 Prezidentin fərmanı ilə Azərbaycan dili və dilçiliyin inkişafı ilə bağlı təşkil olunmuş komissiyada iştirak etmişəm. Həmin komissiyada bir çox dilçi alimlər yer almışdı. Biz elan və reklam lövhələrində, kitabda, hətta qəzetdə sözlərin səhv yazılmasına ciddi etiraz etdik. Çox adam Azərbaycan dilinin normalarını bilmir. Məncə, məsələyə elə buradan başlamaq lazımdır. Bir çox hallarda sosial şəbəkələrdə status və şərhləri, paytaxt küçələrindəki reklam xarakterli yazıları ləhcələrdə yazırlar. Aidiyyəti qurumlar məsələyə ciddi yanaşmalıdır. 
AMEA-nın Dilçilik İnstitutu buna diqqət etməlidir. Amma onlar belə halların qarşısını ala bilmirlər. Bu acınacaqlı vəziyyətdən çıxış yolu odur ki, bələdiyyələrin nəzdində sözlərimizin yanlış yazılmasına qarşı bir qurum yaradılsın. Onlar şəhər və rayonlarda mütəmadi monitorinqlər keçirərək, yanlışları aşkarlayıb onu yazanları cəzalandırsın. Bu təklifi reallaşdırıb, məsələyə ciddi nəzarət həyata keçirsələr, nəticə əldə etmək mümkündür. Amma əlaqədar qurumların bu təşəbbüsünü görmürəm. 
Elanlarda çox vaxt sözlərlə yanaşı ifadələri də yanlış yazırlar. Əslində "Müvəqqəti narahatçılığa görə üzr istəyirik” deyil, "Sizi rahatsız etdiyimizə görə, üzr istəyirik” olsa, bu, daha yaxşı olar. Bununla yanaşı mağazalarda yumurta ilə bağlı məlumatda "yumurta" sözü əvəzinə "murtda” yazırlar. Bu kimi sözlərimizin yazılışında yanlışlıqların olması üzücüdür. Azərbaycan dili dövlət dili statusunda olan bir dildir. Bu dil Azərbaycan millətinin dilidir. Dilimizə, millətimizə hörmət etməliyik”.
Kənan Eynuroğlu