Putin dediyindən dönməyəcək
Rusiya prezidenti Qərblə yarışda hər dəfə yeni bir cəbhə açır
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın NBC və PBS telekanallarına geniş müsahibə verib. O, müsahibə zamanı müxtəlif aktual mövzulara toxunub. V.Putin Ukraynada Viktor Yanukoviç hakimiyyətinin devrilməsinə görə ABŞ-ı ittiham edib: "Bizim ABŞ-dakı tərəfdaşlarımız Yanukoviçə qarşı olan qüvvələri dəstəklədiklərini gizlətmirdilər. Mən dəqiq bilirəm ki, Yanukoviçin devrilməsində ABŞ-ın da rolu var. Biz Yanukoviçi devirən insanların kiminlə, nə vaxt və harada görüşdüyünü, ona nə qədər pul verildiyini, hansı ölkələrdən təlimatçıların gəldiyini və s. bilirik. Amerikalı müttəfiqlərimiz bunu heç gizlətmirlər də”.
Moskva Ukraynanın suverenliyinə hörmət edir
Rusiya dövlət başçısı bildirib ki, keçmiş SSRİ ölkələrində daxili siyasi məsələlərin "narıncı inqilab”, çevriliş, antikonstitusion yollarla həll edilməsi cəhdləri Moskva üçün qəbuledilməzdir: "Biz bunu tamamilə rədd edirik. Moskva Ukraynanın suverenliyinə hörmət edir. Amma biz istəyirik ki, digər ölkələr də başqalarının, o cümlədən Ukraynanın suverenliyinə hörmət etsinlər. Suverenliyə hörmət etmək o deməkdir ki, dövlət çevrilişləri, legitim hakimiyyətlərin devrilməsi ilə məşğul olmursan. Rusiya ordusu Ukraynada hakimiyyətin devrilməsində iştirak etməyib və heç bir dövlətdə də iştirak etməyəcək”.
Avropada Birləşmiş Ştatların taktiki nüvə silahları var
Jurnalistin Rusiya ordusunun Ukraynada olması ilə bağlı sualına Putin elə sualla cavab verib: "Sizin Avropada hərbi iştirakınız varmı?” Suala müsbət cavab alan Putin daha sonra bunları deyib: "Avropada Birləşmiş Ştatların taktiki nüvə silahları var. Onda bu o deməkdir ki, siz Almaniyanın ərazisini işğal etmisiniz və ya bunu NATO qoşunlarının adı ilə edirsiniz? Əgər, biz öz qoşunlarımızı başqa bir ölkəyə yaxın yerdə, ancaq öz ərazimizdə saxlayırıqsa, siz bunu cinayət hesab edirsinizmi?”
Putin Suriyadakı rus qoşunlarından da danışıb
Putin jurnalistlərin Suriyadakı rus qoşunları ilə bağlı sualını da cavabsız qoymayıb. "Suriyadakı hərbi mövcudluğumuz bu gün yalnız Suriya hökumətinə silah-sursatla dəstək verməkdən, suriyalı hərbçiləri öyrətməkdən və Suriya xalqına humanitar yardım göstərməkdən ibarətdir. Moskva bu zaman beynəlxalq hüququn əsas prinsiplərindən kənara çıxmır. Həmin prinsiplərə görə, istənilən növ yardım, o cümlədən hərbi yardım yalnız legitim hökumətlərə, özü də sonuncuların müvafiq razılığı və xahişi əsasında göstərilə bilər və göstərilməlidir. İndiki halda isə vəziyyət belədir ki, biz Suriya hökumətindən onlara hərbi-texniki yardım göstərmək xahişi ilə müraciət almışıq. Həmin yardımı da tam leqal beynəlxalq müqavilələr çərçivəsində göstəririk”.
Moskva Suriyaya əsgər göndərməyəcək
V.Putin diqqətə çatdırıb ki, Rusiya bu məsələdə hansısa formada bir koordinasiya qurumu yaratmağa çalışır: "Mən Türkiyə Prezidentini, İordaniya və Səudiyyə Ərəbistanı krallarını bu məsələ ilə bağlı şəxsən özüm məlumatlandırmışam. Bizim ölkələrin hərbçiləri bu məsələni öz aralarında müzakirə edirlər. Terrorçulara qarşı mübarizə üçün ümumi platforma yarada bilsək, çox məmnun olarıq”.
V.Putin deyib ki, ölkəsinin "hal-hazırda” Suriyaya döyüşməyə əsgər göndərmək planları yoxdur, ancaq Suriya hökumətini dəstəkləməkdə davam edəcək. Rusiya lideri ABŞ-ın Suriya üsyançılarına hərbi dəstəyini də kəskin tənqid edib, bu yardımı nəinki qanunsuz, hətta əks-təsir yarada biləcək amil adlandırıb.
Putinin açıqlamalarını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Rusiya Prezidenti dediyindən dönməyən siyasətçidir: "Qərblə yarışda hər dəfə bir cəbhə açır. Bunun səbəbi də Moskvanın birqütblü dünya yaratmaq istəyindən irəli gəlir. Amma bunun üçün Rusiyanın potensial imkanları çox zəifdir. Hər halda Amerikanın uğursuz siyasəti nəticəsində istər postsovet məkanında, istərsə də o məkandan kənarda Kreml təşəbbüsü ələ ala bilib. Məsələn, şimal qonşumuz Suriyada əzələ siyasətinə üstünlük verməyə başlayıb. Belə qeyri-standart vəziyyətlərə hazır olmayan Qərb dövlətləri, ilk növbədə ABŞ çaşqınlıq keçirir. Bu ölkənin ordu nümayəndələri iddia edirlər ki, Rusiya bizi qəflətən yaxalaya bilər və onun hərbi hücumu qarşısında biz aciz qala bilərik. Başqa biri isə deyir ki, qlobal siyasətdə Rusiya amilini nəzərə almaq lazımdır. Amerika və Qərbin siyasi dairələrində Rusiya ilə bağlı münasibətlərdə fikir birliyi hiss edilmir. Halbuki Qərb bütün parametrlərə görə, Rusiyanı üstələyir. Qərbin sanksiyaları Rusiyanı ağır hala salıb və durumu getdikcə ağırlaşır. Düzdü, Rusiya silah istehsalı və ordunun vəziyyətinin düzəldilməsi istiqamətində müəyyən irəliləyişə nail olub. Amma ordunun özünün potensialı barədə Qərbdə əfsanəvi fikirlər formalaşıb. Məsələn, Qərbdə düşünürlər ki, Rusiyanın döyüş texnikası tamamilə müasirdir. Əsgərlər yüksək döyüş hazırlığına malikdir. Bir sözlə, şimal qonşumuzun yeni müharibə taktikasından danışırlar. Amma bütün bunlar şişirdilib. Rusiyanın potensialı dəfələrlə şişirdilib”.
Obama və Putin arasındakı Nyu-York görüşünə diqqət çəkən ekspert söyləyib ki, bu görüşmənin dünya siyasətinə xeyri çox olacaq: "Burada dünyanın ən qaynar məsələləri - Suriya və Ukrayna böhranı müzakirəyə çıxarılacaq”.
Ekspertin fikrincə, Qərb, Obamanın şəxsində Rusiya ilə bağlı münasibətlərdə qətiyyətli mövqe orta qoymalıdır: "Lakin bunun şahidi olmuruq. Əksinə, Putin vəziyyəti gərginləşdirmək xəttinə köklənib. Obama isə sülh və əminamanlıqdan danışır”.
Q.Hüseynli vurğulayıb ki, Nyu-York görüşü çox gərgin atmosferdə keçəcək: "Ukrayna məsələsində Rusiyanın güzəştə getmək əhval-ruhiyyəsini hiss etmirəm. Orada 15 mindən artıq rus qoşunları var. Xeyli texnika yerləşdirilib. Rusiya bunu boynuna almır. Moskvanın Suriyaya qoşun yeritməsi, kosmosdan çəkilib”.
Qərb Ukrayna məsələsində daha prinsipial mövqe tutmalıdır: "Çünki Ukraynanı yaxşı silahlandırmadan Kremli geri çəkilməyə məcbur etmək mümkün olmayacaq. Suriya məsələsində tərəflər bəlli bir ortaq nöqtə tapa bilərlər. Necə olursa olsun, Yaxın Şərqdəki Qərb dövlətlərinin hərbi potensialı Rusiyanın orada yerləşdirdiyi hərbi potensialdan dəfələrlə güclüdür”.
Ayyət Əhməd