Putinlə Ərdoğan arasında görüş keçirilib




Hamburqda keçirilən G20 sammitinin ikinci günündə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Lent.az-ın Hüriyyət-ə istinadən məlumatına görə, təxminən 1 saat davam edən görüşdə V.Putin Türkiyənin sayəsində Suriyadakı vəziyyətin yaxşılaşmağa doğru getdiyini vurğulayıb.
Putin qeyd edib ki, son illər iki ölkə arasında münasibətlərin inkişafı və ölkələr arasında yaşanan bəzi problemlərin həlli üçün çox addım atılıb.
Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə-Rusiya əlaqələrinin inkişafı artıq bölgədə müsbət nəticələrini verib: "Həm iqtisadi, həm də turizm və müdafiə sənayesi sahəsində irəliləyişlər ikitərəfli əlaqələri daha da gücləndirəcək. Hər şeydən əvvəl isə Suriya və İraqla bağlı məsələlərə dair gözləntilərimiz yüksəkdir. Görüşümüzü bu baxımdan çox önəmsəyirəm”.
Qeyd edək ki, R.T.Ərdoğanın İngiltərənin baş naziri Tereza Mayla da görüşü gözlənilir.