Günel Səfərova: "Məsələnin səbəbini araşdırmalıyıq. Həmin səbəblər isə konkret rəqəmlərə, bilgilərə əsaslandırılmalıdır. Ola bilər ki, sosial vəziyyət, insanların stressinin çoxalması ilə bağlı olsun"
"Qadın ya kişi fərqi yoxdur, alkoqol asılılığının aradan qaldırılmasına çalışmalıyıq”.
Bunu "Sherg.az”a alkoqol aludəçisi olan qadınların sayının artmasına münasibət bildirərkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirib.
O qeyd edib ki, 651 nəfər qadının alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə müraciət etməsi Azərbaycan üçün böyük rəqəmdir:
"Qadın təşkilatları, gənclər qurumları bu məsələdə tədbirlərini gücləndirməlidirlər. Alkoqol aludəçilərinin gənc qadınlar olması mənfi haldır. Düzdür, sosial cəhətdən yükləmək düzgün olmaz ki, o ana olmalıdır. Lakin alkoqol asılılığı olan qadının ana olmasının hansı problemlər törədəcəyini əvvəlcədən bilirik.
Məsələnin səbəbini araşdırmalıyıq. Həmin səbəblər isə konkret rəqəmlərə, bilgilərə əsaslandırılmalıdır. Ola bilər ki, sosial vəziyyət, insanların stressinin çoxalması ilə bağlı olsun. Çünki son vaxtlar insanların stress, gərginlik, ümidsizlik içərisində olması ilə bağlı fikirlər irəli sürülür. İstənilən halda dərin araşdırma aparmaq, alkoqol aludəçilərinin sayının artması, xüsusilə qadınların buna meyllənməsinin səbəblərini öyrənməliyik. Əsaslandırılmış səbəbləri biləndən sonra, konkret mübarizə addımları da seçmək olar”.
Alkoqol aludəçiliyinin aradan qaldırılması üçün inzibati qadağaların kifayət etmədiyini diqqətə çatdıran G.Səfərovanın sözlərinə görə, əsas addım maarifləndirmə olmalıdır:
"Bir çox problemin həllində qanunların sərtləşdirilməsi həll yolu kimi seçilir. Amma bu tək çözüm yolu deyil. Bir az da maarifləndirməyə üstünlük verməliyik. Maarifləndirmə isə qısamüddətli təlimlərlə olmamalıdır. Məktəbdə , yuxarı siniflərdə pis vərdişlərdən qorunmaqla bağlı bilgilər verilməlidir.
Bu gün televiziyada pis vərdişlərlə bağlı heç bir reklam, sosial çarxlar yayımlanmır. Yaxud verilişlərin heç birində bu kimi mesajlar verilmir. Əhalinin evdə olan hissəsi ənənəvi mediadan, işləyənlər isə daha çox internet mediasından istifadə edir. Biz sosial şəbəkədə, ənənəvi KİV-lərdə sosial çarxlara demək olar rast gəlmirik. Daha çox şou xarakterli verilişlər, hətta sosial problemin şoulaşmasını görürük.
Maarifləndirməni mətbuatdan, məktəblərdən başlamaqla bütün sahələrdə aparmaq lazımdır ki, qarşısını ala bilək. Televiziyalarda çoxlu həkim verilişləri var, hansısa xəstəliklə bağlı danışıb, müzakirə aparırlar. Amma bu verilişlərdə konkret sosial mesajlar olmalıdır ki, insanlar bunu duya bilsin. Nəyə görə alkoqoldan istifadə etməməliyik? Bunun fəsadları nədir? Hamısı insanlara çatdırılmalıdır.
Hər kəsin evində olduğu kimi bizdə də türk və rus telekanallarına daha çox baxılır. Həmin kanallarda ailə bağlarına əsaslanan, gözəl ailə modelini təbliğ edən, problemin nəyə gətirib çıxaracağını göstərən sosial çarxlar yayımlanır. Bu vasitələr insana təsir edir, belə çarxlara baxanlar ətrafdakıları və özünü pis vərdişlərdən qorumağa səy göstərir. Televiziyada və ya sosial şəbəkələrdə gündəmdə saxlanmalı mövzular bu problemlər olsa da, kiminsə şəxsi həyatı daha çox önə çəkilir”.
Qeyd edək ki, alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə 21 909 nəfər xəstə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır. Qeydiyyatda olan xəstələrdən 651 nəfəri isə qadındır.
Aysel Aslan