“Qadınların böhran dövrü” - Ailələrini niyə atıb gedirlər ?

Masallı rayonunda iki uşaq anası övladlarını ataraq evdən qaçıb. Rayonunun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də evi tərk edib.
Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. O, vaxdan qızları ilə birgə atasının evində yaşayan Yeganə evdən gedərkən məktub yazıb. Yazdığı məktubda isə valideyinlərinə layiqli övlad olmadığını səbəb gətirərək, evi tərk etdiyini bildirib. Ailəsinin aldığı ilkin məlumata görə, o Bakı şəhərinə üz tutub.
"Xəzər” televiziyasının "XəzərXəbər” informasiya proqramında hadisə ilə bağlı hazırlanan süjet isə psixoloqların və sosioloqların tənqidinə səbəb olub. Televiziyada evi tərk edən qadının azyaşlı uşaqları ağlayır, anlarına geri dönməsi üçün yalvarır.
Diksiya təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkə hesabında uşaqların ekrana çıxarılmasını tənqid edib. O yazıb ki, belə addım atmaqla 2 körpə uşağa ömürlük unutmayacaqları travma vurulur:
"Bu ölkənin polisi var, o qızın yerini təsbit eləmək üçün ona maksimum bir-iki gün bəsdir. Bunu niyə ekrana çıxaracaq qədər şişirdirsiniz? 5 yaşında bir kəlmə sözdən darmadağın olmuş və hələ də o sözü unutmayan biri kimi deyirəm bunu! O 2 körpə nə bilir kamera nədir, onu yanındakılar öyərdiblər ki, filan sözləri de, ananı çağır! Uşaq deyir ki, ana, mən səni çox istəyirəm, bəs sən məni istəmirsən? Nə edirsiniz!? Nə haldasınız!
Normal cəmiyyətlərdə bu durumda bilirsiniz, nə edərlər? Uşağa deyərlər ki, ana səfərə çıxıb, ən pis halda xəstələnib, qayıdacaq. Niyə ona demisiniz anan səni atıb gedib. O qadın dağda, qarda itməyib ki! Tezliklə tapılacaq, uşaqları alət etməyin! Polisin işinə qarışmayın. Reytinqdən daha vacib şeylər var. Sizin unutduğunuz informasiyalar bəzi insanların qocalana qədər həyatını təsirləndirə bilir!”
Məsələ ilə bağlı "Sherg.az”a danışan psixoloq Sona Quliyeva da televiziyanı, uşaqların yaxınlarını diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, əvvəl qadının evdən getmə səbəbini araşdırmaq lazımdır:
"Sevgidən diqqətdən, qayğıdan kənar qalan qadınlar ailəsini atıb getməyə daha çox meyl edir. "Qadınların böhran dövrü” adlandırılan yaş həddi var – 30 yaşdan yuxarı qadınlarda bu daha çox müşahidə olunur. Sevgini, diqqəti başqalarından gördükdə fikirlərini də həmin istiqamətə yönəldirlər.
Uşaqları ekrana çıxarmaq, səbəbini bilmədən ananın gedişi haqqında danışdırmaq, "anan səni atıb” fikri ilə ağlatmaq çox yanlışdır. Həmin xanımın ailəsi münasibətlərin yaxşı olduğunu iddia edə bilər. Təbii ki, ata-ana mənfi fikir yürüdəsi deyil. Lakin heç kəs səbəbsiz yerə, ailəsini övladını qoyub getməz. Belə psixologiya yoxdur. Əqli normal inkişaf edən insan, övladlarını qoyub və xoşbəxt ailəsini atıb getmir. Görünür, həmin ailədə onun çəkdiyi çətinliklər və onu incidən problemlər olub. Qadını bilib-bilmədən qınamaqdansa, araşdırma aparıb, gedişinin səbəbini öyrənməliyik.
Uşaqları ekran qarşısına çıxarıb, "ananız sizi atıb, gedib” fikrini aşılamaq isə yolverilməzdir. Uşaq bunu qanmır, onun yanında belə deyildikdə, psixologiyasını pozur”.
Televiziyada yayımlanan verilişlərdə və süjetlərdə uşaqlarla davranış qaydalarına toxunan psixoloq deyib ki, uşaqlara böyüyə veriləcək suallar verilməməlidir:
"Böyüklərin danışacağı məsələlər müzakirə olunarkən də uşaqları kənarlaşdırmaq lazımdır. İstənilən fikir uşağın şüuraltına hopa bilər. "Qapaq altı” deyilən şüur nəyisə yığırsa, zaman keçdikcə tətbiq etməyə başlayır.
Reytinq xətrinə efirə çıxarılan uşaqların psixologiyası sonradan necə olur, nə yerdədir, heç kim araşdırmır. Ana evi tərk edib gedirsə, boşanma halı, söz-söhbət varsa, uşağı nənə, baba, bibi öyrətmək əvəzinə psixoloqa aparmalıdır ki, bu uşaq nə etməlidir, yaxud biz nə etməliyik ki, uşağın psixologiyasına hadisə mənfi təsir etməsin. Ana da hər halda düşüncə sahibidir və övladını qoyub gedibsə, mütləq səbəbi var. Gedənin arxasınca danışmaq o qədər rahatdır ki. Amma ortada uşaqlar varsa, nəinki valideynlər, cəmiyyət, televiziyalar da diqqət etməlidir. Uşaqların psixologiyası ilə oynasaq, zaman keçəndən sonra həmin uşaqlar daha qəddar addımlar ata, psixoloji problemləri yarana bilər”
Əksər vaxtlarda mətbuatın uşaqları müdafiə etməkdən daha çox onlara zərər verdiyini düşünən Sağlam Cəmiyyət İctimai Birliyinin sədri Lalə Mehralı uşaq hüquqlarının tapdanmasına diqqət çəkib. O vurğulayıb ki, mətbuatda yetkinlik yaşına çatmayan uşaqlar haqqında material işləyəndə, habelə cinsi zorakılığa məruz qalmış, intihar etmiş uşaqlar barədə məqalə dərc edəndə, uşaqların şəklinin yayımlanması kimi hallara yol verilir:
"Şəkil yayımlasa belə, uşağın üzü görünməməlidir. Mətbuat kimsəsizlərin, çarəsizlərin silahıdır, zərərsiz, amma kəsərli silah. Uşaqlar bu siyahıda birincidir, onların müdafiəyə daha çox ehtiyacı var. İstismara məruz qalan, döyülən, söyülən, zorakılıq görən uşaqları çox vaxt mətbuat aşkarlayır, lazımi orqanlara xəbər verir. Bir neçə il əvvəl valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan qız uşağı vardı, onu da mətbuat aşkar etmişdi, amma uşağın üzünü də yayımlamışdılar, bu doğru deyildi. İntihara cəhd etmiş, ehtiyatsızlıqdan kiçik qardaşını öldürmüş azyaşlıların şəklini yayımlamaq da olmaz. Eləcə də bu hadisədə körpənin psixologiyasını zədələməklə anasını evə qaytarmağa çalışırlar. Halbuki bu işi uşaqdan xəbərsiz də edə bilərlər. Bu cür travmanı o körpələrə yaşatmaq qansızlıq, insafsızlıqdır. Ananı geri qaytarmağa cəhd etmək, qaytaranadək uşaqlara münasib dillə ananın uzaqda olduğunu başa salmaq lazımdır. "Anan səni atıb gedib!” demək hansı fövqəlşüurun ağlına gəlib görəsən? Uşağa sözləri zorla dedirtmək, əzbərlətmək hansı ibtidai düşüncəli insanın ağlına gəlib bilmirəm, amma uşaq hüquqlarından, psixologiyasından nə qədər məlumatsız olduğunu aşkar görürük.
O qadın evdən niyə gedib, iki balasını atmağa onu nə vadar edib? Bu araşdırılır. Amma iki övladı, özü də qız övladı olan ana öz gələcəyini yox, uşaqlarının gələcəyini düşünməlidir. Dünyaya gətiribsə, məsuliyyət daşıyır, böyütməli, oxutmalı, tərbiyələndirməlidir. Qoca ata-ananın üstünə atıb məsuliyyətdən yaxa qurtarmaq olmaz. Buna cəhd edəndə də bəzi adını jurnalist qoymuş insanlar o körpələrin psixologiyasını beləcə məhv edirlər”.
Aysel Aslan