Həkimlər lisenziyadan kənar fəaliyyətlə məşğul ola bilməyəcək
Azərbaycanda həkimlərə lisenziyadan kənar fəaliyyət göstərmək qadağan olunacaq. Bununla bağlı artıq Milli Məclisin Sosial siyasət komitəsinin bir neçə gün əvvəl keçirilən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında” qanununa yeni bəndin əlavə olunması da müzakirə edilib.
Belə ki, yeni bəndə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibbi fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibbi fəaliyyətin həyata keçirilməsinə yol verilmir.
MM-in Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli buna əsas kimi bildirib ki, son vaxtlar bir sıra həkimlərin lisenziyadan kənar, hətta ixtisasına aid olmayan tibbi fəaliyyət növü ilə məşğul olur.
Məlumat üçün qeyd edək ki, dəyişikliklər ilkin tibbi müayinəyə şamil olunmur.
Tibb elmləri doktoru Şəmsiyyə Namazova belə bir addımın atılmasını dəstəkləyir: "Çünki ixtisas sahəsinə aid olmayan həkimin digər tibbi sahəyə müdaxilə etməsi yolverilməzdir. Bu baxımdan belə bir qanunun da qəbul edilərək rəsmiləşdirilməsi yerinə düşərdi. Hər bir həkim öz işində daha çox məsuliyyət hiss edər”.
Həkim-terapevtin fikrincə, belə bir qanunun qəbul olunub-olunmamasından asılı olmayaraq hər bir həkimin öz peşəsinə uyğun olaraq xəstəyə xidmət göstərərək müayinə və müalicə etməlidir: "Çünki təbabət elmi çoxşaxəlidir. Hər bir sahənin özü də müəyyən sahələrə bölünür. Məsələn, əvvəllər ümumi cərrahiyə bir idi. Sonradan bu bölüm də bir neçə qollara ayrıldı. Bütün
kosmetoloji cərrahiyədən, orqan köçürülməsinə, oftalmoloji cərrahiyə və digər əməliyyat növləri daxildir. Həmçinin ümumi cərrah qarın boşluğu üzərində istənilən əməliyyat apara bilər. Lakin qastroenteroloq-cərrah bədənin mədə-bağırsağı üzrə həkimdir və yalnız bu istiqamət üzrə əməliyyatlar apara bilər. Orqanların köçürülməsi ilə isə transplantoloqlar məşğul olurlar. Təbii ki, bir istiqamət üzrə nə qədər çalışsan, bir o qədər böyük təcrübəyə malik olub püxtələşə bilərsən.
Digər bir nümunə nevropotoloq ümumi xəstə qəbul edir və müayinəsini keçirdir. Xəstənin mədəaltı vəzində problem var. Ümumi olaraq bütün ixtisasdan olan həkimlərin bu orqan haqqının fəaliyyəti haqqında məlumatları var. Lakin konkret olaraq nevroloqun peşə yönümü nevroloji xəstələri müalicə etməkdir. Təbii ki, belə olan halda həmin həkim fəaliyyət istiqamətinə aid olmayan sahəyə müdaxilə edərsə, bunun yan və xoşagəlməz fəsadları ortaya çıxa bilər. Yalnız həkim burada xəstəyə konsultasiya edərək problemlə bağlı aidiyyəti üzrə həkimin yanına getməyi tövsiyə edə bilər”.
Tibbi ekspert xəstəliklərin təyinatı üzrə dərmanların yazılması məsələsində belə amillərin də mühüm rol oynadığını bildirib: "Xəstə allergiya ilə bağlı allerqoloqun yanına gəlir, eyni zamanda bu xəstənin kardioloji (ürək narahatlığı) problemi varsa, pasiyent mütləq kardioloqa da müraciət etməlidir. Çünki ürəyin risk pozğunluqları, blokadaları, işemik və qan-damarlarında tıxanma kimi bir çox xəstəlikləri var. Yəni allerqoloq sahəsi ilə bağlı yardım etməsi ilə bərabər ürəyə də müdaxilə edəcəksə, burada da mənfi təsirləri ola bilər. Misal üçün, xəstəyə mədəcik ekstrasesində ritm pozğunluğu üçün "karkaron” adlı dərmandan qalxana bənzər vəzidə problemi olanlara məsləhət görülmür. Lakin allerqoloq bunu bilmir”.
Digər ekspert həkim Kəmalə Hüseynova belə bir dəyişikliyi müsbət qiymətləndirir: "Hesab edirəm ki, bu hər bir həkim və xəstə üçün əhəmiyyətlidir. Bunun dəstəkləyirəm”.
Vüqar Şahinoğlu