Qanunsuz miqrantlar çoxalıb

Qanun pozuntusuna yol vermiş şəxslərə qarşı sanksiyalar tətbiq olunur
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir. Üç gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşları olan 71 əcnəbi saxlanılıb.
Onlardan 10 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Müxtəlif vaxtlarda ölkəmizə gələn miqrantların saxlanılması ilə bağlı əməliyyatların keçirildiyini görmüşük. Lakin hər il miqrantların sayında artım olduğu da danılmazdır. Maraqlıdır, onları ölkəmizə gətirən səbəblər nədir?
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq”ə açıqlamasında Azərbaycana gələn miqrantların sayında hər il artım olduğunu təsdiq edib: 
"Nə qədər çox miqrant artımı baş verirsə, deməli, onların arasında qanunvericiliyi pozmağa meyilli şəxslərin də sayında artım var. Miqrantlarla bağlı olan qanun pozuntusuna diqqət yetirmək lazımdır. Əgər yaşadığı yer üzrə qeydiyyata düşməmiş şəxs ölkə ərazisinə daxil olursa, məsuliyyətə cəlb edilir. Təbii ki, burada inzibati məsuliyyətdən söhbət gedir. Qanun pozuntusuna yol vermiş şəxslərə qarşı sanksiyalar tətbiq olunur. Bu sanksiyaların forması isə cərimələrin tətbiqidir. Həmin şəxs cərimələnir və onun ölkə ərazisinə girişi qadağan olunur. Bir qisim miqrantlar isə qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olduqları üçün saxlanılırlar. Onlar ölkə ərazisinə gələrək burada ticarətlə və digər əmək fəaliyyəti ilə məşğul olurlar. Belə olduğu təqdirdə isə həmin şəxslə bağlı müvafiq sanksiya tətbiq olunur”.
A.Allahverənovun sözlərinə görə, Dövlət Miqrasiya Xidməti bu sahədə öz resurslarından istifadə edərək maarifləndirmə missiyasını uğurla həyata keçirir: 
"Zaman-zaman ictimaiyyətdə maarifləndirmə kompaniyaları olur və DMX sosial şəbəkələrdə miqrantların ölkə ərazisində qalması ilə bağlı müvafiq şərtləri əks etdirən informasiyaları yayır. Bəzi hallarda miqrant özü qaydanı pozmaqda maraqlı olur. Məsələn, ölkəyə turist kimi gəlir və şəhərin tarixi yerlərini görməkdənsə, küçədə ticarətlə məşğul olur və pul qazanmağa başlayır. Təbii ki, belə olduğu halda həmin şəxsə qarşı cərimə sanksiyası tətbiq olunur və ölkə ərazisini tərk edir”.
Yeganə Bayramova