Qapıları açmalıyıq: Azərbaycan mediası sərhədləri aşıb səsini dünyaya çatdırmalıdır
“Beynəlxalq media ilə əməkdaşlığımız daha çox Türkiyə mətbuatının fonunda özünü doğruldur"
Sovet dönəmində Azərbaycanda müstəqil informasiya resurslarının mövcud olmaması 20 Yanvar faciəsinin, Xocalı soyqırımının və sonrakı dövrdə xalqımıza qarşı törədilən digər ağır cinayətlərin, işğal faktorlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xeyli çətinləşdirirdi. Azərbaycanın informasiya blokadasına alınması Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ermənilərin törətdikləri qanlı cinayətlərin ört-basdır edilməsilə nəticələnirdi. Həmin dövrdə müxtəlif xəbər kanalları vasitəsilə dövriyyəyə buraxılan informasiyalar isə daha çox qeyri-obyektivliyi ilə diqqəti çəkirdi. Ermənilər tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri idi. Təəssüflər olsun ki, yenicə müstəqilliyini əldə etmiş Azərbaycan ermənilərin maraqlarından çıxış edən Qərbin və Rusiyanın media nəhənglərinin qarşısında çətin vəziyyətdə qalmışdı. Bir çox hallarda ermənilər özləri törətdikləri vəhşilikləri əks etdirən faktları Qərbdə və Rusiyadakı havadarlarının əli ilə Azərbaycana qarşı yönəldirdi. Azərbaycan jurnalistləri öz qanları bahasına əldə etdikləri informasiyanı, video çəkilişləri yaymaqda belə problemlərlə üzləşirdi. Salatın Əsgərova, Çingiz Mustafayev və sairələri belə jurnalistlərdən idi. Onlar Azərbaycanın informasiya blokadasından çıxarılması üçün dəqiq və obyektiv məlumat toplayarkən erməni gülləsinin qurbanı oldular.
Bəs görəsən, bu gün ölkədə vəziyyət necədir? Azərbaycan jurnalistləri ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində hansısa uğurlara imza atıb? İlk növbədə qeyd edək ki, hazırda ölkəmizdə dünyanın nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir və Azərbaycan KİV-lərinin, media qurumlarının beynəlxalq əlaqələri elə də pis deyil, əksinə, qənaətbəxşdir. Amma bu əlaqə daha çox bir istiqamətdə - Türkiyə ilə qurulub. Lakin dünyanın aparıcı KİV-ləri və media qurumları ilə yaxından əlaqə qurmaq vacibdir. Çünki Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var. Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Onu da deyək ki, Azərbaycan mətbuatının dünya mediası ilə əlaqələrinin hansı səviyyədə olduğunu araşdırmaq üçün bir sıra media ekspertləri ilə əlaqə saxladıq. Amma Azərbaycan mediasının dünya kütləvi informasiya məkanına çıxış vəziyyəti ilə bağlı media ekspertlərinin fikirləri birmənalı deyil.
Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsi (CASCFEN) sədri Azər Həsrət Azərbaycanın media qurumlarının beynəlxalq əlaqələrinin olmasının zəruriliyindən danışıb. Onun fikrincə, istənilən ölkə haqqında məlumatlar beynəlxalq müstəviyə mətbuat vasitəsilə ötürülür. O hesab edir ki, media ölkə haqqında dəqiq və dürüst məlumatları beynəlxalq təşkilatlara düzgün çatdırmağa çalışmalıdır.
Sovet dövründə Azərbaycan mediasının beynəlxalq əlaqələrinin lazımi səviyyədə olmadığını bildirən CASCFEN sədrinin sözlərinə görə, 15-20 il bundan əvvələ nisbətən Azərbaycan jurnalistikasının beynəlxalq aləmə inteqrasiyasında müəyyən xeyli irəliləyişlər var:
"1997-ci ildən etibarən beynəlxalq media orqanları ilə əlaqələrin qurulması istiqamətində fəal iş apardıqlarını diqqətə çatdıran ekspert, məhz elə həmin illərdən etibarən Azərbaycan KİV-nin beynəlxalq əməkdaşlığına nail olduqlarını qeyd edib. 1997-2000-ci illər ərzində biz ölkə mediasının beynəlxalq əlaqələrinin qurulması istiqamətində ardıcıl iş apardıq. Məhz bu işlərin nəticəsi olaraq həmin illər ərəfəsində bir sıra beynəlxalq media təşkilatlarında üzvlük səviyyəsində təmsilçilik hüququ qazandıq. Artıq beynəlxalq səviyyədə Azərbaycan jurnalistləri xeyli uğur əldə ediblər. Media ilə bağlı bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi bu sahədəki uğurlarımızdandır. Azərbaycan jurnalistləri bir sıra beynəlxalq jurnalist təşkilatlarının hətta beynəlxalq rəhbərliyində belə təmsil olunur. Hətta aparıcı jurnalist təşkilatlarının bir neçəsi, o cümlədən də mənim rəhbəri olduğum Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsi bir neçə beynəlxalq jurnalist təşkilatları ilə əlaqə saxlayır və bir sıra təşkilatların üzvüdür. Həmçinin biz bu əlaqələrimizi daha da genişləndirmək üçün çox ciddi addımlar atırıq. Beynəlxalq təşkilatlarla informasiya mübadiləmiz var”. A.Həsrət bir sıra jurnalist qurumlarının beynəlxalq əlaqələrinin sağlam əsaslar üzərində qurulmadığını da qeyd edib. Onun sözlərinə görə, jurnalistlər beynəlxalq əlaqələrini sağlam təməllər üzərində qurmalıdır. A.Həsrətin fikrincə, ağa "ağ”, qaraya "qara” deyən mətbu orqanlarının beynəlxalq səviyyəyə çıxarılması zəruridir: "Bəzi beynəlxalq təşkilatlar həbsdə olan elə jurnalistlərin adlarını siyasi məhbus siyahısına salırlar ki, onların jurnalistikaya heç bir aidiyyəti yoxdur. Hesab edirəm hər bir həbsə görə dövlətə qara yaxmaq olmaz”.
Konkret olaraq beynəlxalq media ilə əməkdaşlıq edən jurnalistlərimizin olub-olmamasına gəldikdə isə A.Həsrət bu sahədə müəyyən çatışmazlıqların olduğunu dilə gətirib. Onun sözlərinə görə, bu gün Azərbaycan jurnalistlərinin əksəriyyətinin dil bilgisi məhdud olduğu üçün onların xarici mətbuata çıxışı zəifdir. Bildiyiniz kimi, bizim üçün maraqlı olan rus dilli və ingilis dilli auditoriyalardır. Amma bizdə ingilis dilini mükəmməl bilən jurnalistlərin sayı o qədər də çox deyil: "Beynəlxalq media ilə əməkdaşlığımız daha çox Türkiyə mətbuatının fonunda özünü doğruldur. Zaman-zaman bir sıra jurnalistlərimiz Türkiyə mətbuatında yazılarla çıxış edir. Vüsalə Mahirqızının, Sevil Nuriyevanın yazılarına rast gəlmişəm. Elə mənim özüm də zaman- zaman Türkiyə, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan mətbuatında yazılarla çıxış etmişəm. Hətta Rusiyanın internet saytlarına belə yazılarım dərc olunub. Amma ümumilikdə götürsək Azərbaycan jurnalistlərinin beynəlxalq əlaqələri məni qane edəcək səviyyədə deyil. Xüsusən də ingilis dilli mediada Azərbaycan jurnalistlərinin yazılarına çox nadir hallarda rast gəlinir. Çox təəssüf ki, həmin yazılar da daha çox Azərbaycanın əleyhinə olan məlumatlardan ibarət olur. Yəni ingilis dilli media ilə işləyən bir sıra jurnalistlərimiz var ki, onlar Azərbaycana qarşı mənfi informasiyalarla yüklənmiş yazılar yazırlar. Hansı ki, həmin yazıların dövlətimizə və xalqımıza heç bir xeyri yoxdur, əksinə Azərbaycanın müstəqillik illərindən bəri topladığı beynəlxalq imicinə zərbə vurur. Amma rus dilli media ilə əməkdaşlığımızı qənaətbəxş hesab etmək olar. Bilirsiniz ki, Azərbaycanda bir sıra rus dilli mətbuat fəaliyyət göstərir. Məhz həmin mətbuat orqanlarının bir qismi də Rusiya mətbuatı ilə əməkdaşlıq edir. Eləcə də Ukrayna və Belarusiyanın KİV-ində çıxış edən jurnalistlərimiz var”.
Mövcud əlaqələri yetərli hesab etməyən A.Həsrət bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatıracaq jurnalistlərin sayı maksimum həddə çatmalıdır. Ən azından bizim jurnalistlər xarici mediada Azərbaycan əleyhinə gedən yazılara cavab verməkdə aktivlik göstərməlidirlər. Biz öz işimizi elə qurmalıyıq ki, Azərbaycanla bağlı həqiqətləri və problemləri bütün dünyaya duyura bilək.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan mediası ölkə sərhədləri çərçivəsində yayımlanır, buna görə Azərbaycan həqiqətləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayyətinə, beynəlxalq aləmə çatdırılması üçün o qədər geniş imkanlara malik deyil:
"Son illərdə bildiyiniz kimi, elektron kütləvi informasiya vasitələri, internet mediası inkişaf etməyə başlayıb. Bunların arasında bir neçə media qurumu var ki, ingilis, rus və digər xarici dillərdə məlumatlar yayımlayırlar. Onların məlumatlarından beynəlxalq media qurumları, transmilli media da istifadə edir. Bu baxımdan son dövlərdə bu istiqamətdə müəyyən addımlar atılır və nəzərə çarpmaqdadır. Ancaq Azərbaycan mediasının bu istiqamətdə nə qədər fəaliyyəti olsa da, bu istər-istəməz konkret bir tərəfin münasibəti kimi qəbul olunacaq”. E.Mirzəbəyli hesab edir ki, bu məsələdə daha çox ayrı-ayrı ölkələrin media qurumları ilə işləmək məqsədəuyğundur. Baş redaktor transmilli media, CNN, BBC kimi böyük holdinqlər, eyni zamanda ayrı-ayrı dövlətlərdə yayımlanan mətbuat oqranları ilə bu sahədə əməkdaşlıq edilməsi yolu ilə Xocalı soyqrımı haqqında məlumatlar formalaşdırmağın tərəfdarıdır: "Bu daha yaxşı effektiv nəticə verə bilər. Çünki hər bir ölkənin vətəndaşları öz media qurumlarının yayımladıqları informasiyalara inanırlar, etimad göstərirlər. Ancaq bu istiqamətdə də müəyyən işlər görülüb. "Xocalıya ədalət kompaniyası” çərçivəsində müasir təbliğat texnologiyalarından istifadə edilərək bir sıra işlər görüldü və hətta bununla bağlı klip də çəkildi. Xocalı soyqırımının fərqli təqdimatı ilə bağlı İctimai Televiziyanın maraqlı yanaşması oldu. Yəni bir şəxsin taleyindən, faciəsindən çıxış edərək reklam roliki hazırlandı, yayımlandı və bu da effektiv nəticə verdi. Bu baxımdan, mən müasir modern texnologiyalarından istifadə edilməsinin daha çox tərəfdarıyam. Hesab edirəm ki, bu istiqamətdə mətbuatın üzərinə nə iş düşürsə, onu edib, öz sərhədləri çərçivəsində bunu etməyə çalışıb. Amma bizim imkanlarımız da məhduddur”.
Media üzərində yükün çox olduğunu deyən baş redaktor hesab edir ki, Azərbaycan mətbuatı istər Xocalı soyqırımı, istər Azərbaycan tarixində baş verən digər faciəli hadisələri hər zaman gündəmdə saxlayır, oxucuya çatdırmağa çalışır. "Bu gün də eyni missiyanı yerinə yetiririk. Biz gündəlik işimizi onsuz da görürük. Xüsusi formada nəyinsə 20, 25, 30 illikdir deyə, yanaşılmasını mən doğru hesab etmirəm. Xocalı faciəsinə və Azərbaycan tarixində baş verən digər hadisələrə də kampaniya xarakterli yanaşma ortadan qalxmalıdır. Bu ümumi bir fəaliyyət proqramının tərkib hissəsinə çevrilməli və ilboyu həmin istiqamətdə fəaliyyət göstərmək lazımdır”.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb