Qar olmasa da, yağış oldu...

Baş aqronom məhsuldarlığın aşağı olacağı fikri ilə razılaşmır
“Çünki qarla yanaşı, yağışlar da təbiətdə böyük rol oynayır. Yağış isə payız fəslində bol oldu”


Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqlim dəyişikliyi ilə bağlı açıqlaması qar həsrətində olanları məyus etdi. İnstitutun direktoru Ramiz Məmmədov APA-ya bildirmişdi ki, qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, qlobal istiləşmə ilə bağlıdır. Bundan sonra da belə olacaq. Yəni, qışda qar həsrəti çəkəcəyik. Akademik iqlim dəyişmələrinin bir çox fəsadlara səbəb olduğunu da deyib.

Qlobal istiləşmə insan sağlamlığına da mənfi təsir göstərir, məhsuldarlığın da aşağı düşməsinə səbəb olur. Nahaq demirlər ki, qar yağsaydı, mikroblar ölərdi, xəstəliklər azalardı. Amma bu qış xəstəliklər əhalini əldən saldı. Hamı da qarın yağmasını arzulayırdı ki, viruslar məhv olsun, adına qrip dediyimiz xəstəlikdən azad olaq. İnstitut direktoru qış fəslində bol qar yağmasının dağ çaylarında sululuğun artmasına müsbət təsir göstərdiyini, qar sayəsində toplanan su ehtiyatının həm məhsuldarlıq baxımından, həm də ümumiyyətlə təsərrüfat işlərində böyük əhəmiyyət daşıdığını da vurğulayıb.
Bu açıqlamadan sonra bu il kənd təsərrüfatı sahəsində məhsuldarlığın aşağı olacağı, nəticə etibarilə bunun həm də bazarda qiymət yüksəkliyinə gətirib çıxaracağı da proqnozlaşdırılır.

Lakin vəziyyətin o qədər də mürəkkəb olmadığını düşünənlər də var. Ağac, bəzək bitkiləri sovxozunun baş aqronomu Oqtay Tağızadə "Şərq”ə açıqlamasında qarın yağmasının o qədər də vacib olmadığını dedi:

- Düzdür, qarın yağması yaxşıdır. Qış fəslinin normasına uyğun qar yağırsa, bu o deməkdir ki, torpağın alt qatlarında su ehtiyatı toplanır. Bu da dənli bitkilərin yetişdirilməsində əhəmiyyətlidir. Lakin təkcə qarın olmamasına görə məhsuldarlığın aşağı olacağını söyləmək elmi baxımdan düzgün deyil. Çünki qarla yanaşı, yağışlar da təbiətdə böyük rol oynayır. Yağış isə payız fəslində bol oldu. Qışı, təkcə Bakıyla müqayisə etməyək. 

Rayonlara qar yağıb. Ona görə də məhsuldarlıq aşağı olacaq fikri, məncə, doğru deyil. Digər tərəfdən, indi qədim zamanlar deyil ki, ümidi qara, yağışa bağlayasan. Müasir suvarma sistemləri var. Yağıntılar az olubsa, suvarma vasitəsilə torpağın su ehtiyatı qarşılanmalıdır. Həmçinin, zərərli bakteriyaların, mikrobların, qurdların tələf edilməsində xüsusi maddələrdən istifadə edilir. Ağaclar, tarlalar, bostan dərmanlanmalıdır. Sözsüz, təbiət insanın ən böyük yardımçısı, köməkçisidir. Amma texnikanın, texnologiyanın inkişaf etdiyi bir zamanda əyləşib, təkcə qara, yağışa ümid bəsləmək sadəlövhlükdür. İnsan təbiətdən düzgün və səmərəli istifadə etməyi, təbiəti yönləndirməyi bacarmalıdır. Məsələn, Bakı yarımsəhradır. Bakıda suvarmasız heç nə əmələ gəlməz. İstər bütün qışı qar yağsın, yağış yağsın. Mütləq suvarma olmalıdır.

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında bildirdi ki, qışın mülayim keçməsi insan sağlamlığına mənfi təsir göstərir:

- Hər fəslin öz iqlim norması var. İqlim norması aşağı və ya yuxarı olarsa, bu, insanların səhhətinə də mənfi təsir göstərir, kənd təsərrüfatına da. Gördünüz ki, Azərbaycanda qışın ən sərt ayı hesab olunan fevral necə mülayim, hətta bəzi günlərdə iqlim normasının əksinə, isti keçdi. Bu, kifayət qədər ziyanlıdır. Mənşəyi bilinməyən bakteriyalar, viruslar yayılır. Hamımız da müşahidə etdik ki, əhali arasında xəstələnmə halları intensivləşdi. Heç bilmədik nə virusudur, qripdir, yoxsa paraqripdir. İnsanlar tez-tez xəstələndi, xəstələnənlər çətin sağaldı. Bunların hamısı anormal iqlim şəraiti ilə bağlıdır.
Bəs belə hallarda əhali özünü necə qorumalıdır?

Həkim qeyd etdi ki, ilk növbədə insanlar immunitetlərini qoruyub saxlamağa çalışmalıdır:

- Çünki immunitet zəifliyi xəstəliyə tez yoluxmayla nəticələnir. Orqanizm zəiflədikdə viruslara qarşı dözümsüz olur. Və sağalma müddəti də uzanır. Adətən, belə hallarda həkimlər pasiyentə virus əleyhinə preparatlar təyin edir. Vitamin, ağartı məhsullarının qəbulunu tövsiyə edir. Həm də əhali qış aylarında havanın isti, mülayim keçməsinə aldanmamalı, qış geyimlərindən imtina etməməlidir. Çox zaman soyuqdəymə məhz qış geyimlərindən, isti paltarlardan imtina səbəbindən baş verir.

Məlahət Rzayeva