Qarabağ danışıqlarında sirli nə var?

Azərbaycan tərəfinin gizlədəcəyi bir şey yoxdur
“Erməni rəhbərliyi ölkə ictimaiyyətinə birbaşa açıqlama verə bilmir, ehtiyat edir Danışıqların mahiyyətinin üzə çıxarılmamasının başlıca səbəbi budur”

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda hansısa xoşagəlməz sürprizin olacağından söhbət gedə bilməz”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib. Danışıqlar prosesinin gizli saxlanılmasının Ermənistan və Azərbaycan cəmiyyətləri üçün xoşagəlməz sürprizlə nəticələnəcəyinin təhlükəli olacağı ilə bağlı danışan XİN sözçüsü deyib ki, müzakirə olunan məsələlərin gizli saxlanılmasında qorxulu heç nə yoxdur:

"Əgər danışıqlar prosesi tərəflərin iştirakı ilə getməsəydi, o zaman sizin dediyiniz kimi, təhlükəli olardı. Danışıqlar prosesində dövlət başçıları, nazirlər, hər iki tərəfdən ekspertlər iştirak edir. Onların hər şeydən xəbəri var. Ona görə də, bu prosesdə xoşagəlməz sürprizdən söhbət gedə bilməz”. Zaxarova bildirib ki, qorxulu məqam danışıqlar prosesinin razılıq olmadan nəticələnməsi olardı: "İndi fəal danışıqlar gedir. Bu, uzun sürən bir prosesdir. Qorxulu məqam danışıqlar prosesinin pozulmasıdır. İndi çox vacib məqamdır. Bütün komanda ümumi nəticənin əldə edilməsinə nail olmalıdır. Biz Bakıda və Yerevanda olduq. Küçədə sadə insanlar bizə yaxınlaşıb, fikirlərini bildirirdilər, onlar daha qan tökülməsini, insan itkilərinin olmasını istəmirlər. Bizim də əsas məqsədimiz məhz budur”.

"Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri, politoloq Elxan Mehdiyev "Şərq”ə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin çözümü işğal olunmuş ərazilərin boşaldılması ilə bağlıdır. Ermənistanda isə bu məsələ sanki ermənilərin "öz ərazilərini” Azərbaycana verməsi kimi dəyərləndirilir: "Ermənilər 24 il torpaqları işğal altında saxlayıb və "özününküləşdiriblər”. Erməni rəhbərliyi ölkə ictimaiyyətinə birbaşa açıqlama verə bilmir, ehtiyat edir. Danışıqların mahiyyətinin üzə çıxarılmamasının başlıca səbəbi budur. Azərbaycan tərəfinin gizlədəcəyi bir şey yoxdur. Nəticə etibarı ilə bizi narahat edən Dağlıq Qarabağın son statusu məsələsidir. Azərbaycanın siyasi rəhbərliyi konkret olaraq bildirib ki, Qarabağ yalnız dövlət sərhədləri daxilində yüksək status ala bilər. Bu məsələ indiki məqamda müzakirə edilmir və tərəflər sakit diplomatiyaya üstünlük verirlər”.

Politoloq bildirib ki, Azərbaycan tərəfi qazandığı üstünlükləri açıq şəkildə ifadə etməməyə diqqət edir. Çünki bu, qarşı tərəfin əks reaksiyasına səbəb ola bilər: "Açıqlanan məsələlər nəticəyə uyğun olmazsa, danışıq aparan rəhbərlik çətin vəziyyətə düşər və müzakirələr pozular. Ola bilər ki, hər zaman qeyri-konstruktiv hərəkət edən erməni tərəfinin gözlənilən addım atacağına şübhə ilə yanaşılır. İstənilən halda susqunluq erməni tərəfinə daha çox yarayır. Ermənilər "razılığa gedirik” görüntüsü yaratmaqla danışıqları uzatmağa çalışırlar. Konkret nəticə bilinmədiyinə görə, düşmən tərəf müsbət tonda hərəkət etməkdən çəkinmir.

Vasitəçi Rusiya da öz növbəsində prosesin gedişində tərəflərin üstünlüklərini ifadə etməmək və son nəticəni gözləmək qərarına gəlib. Bu səbəbdən Moskva danışıqların detallarını açıqlamır”.

İsmayıl