“Lavrov deyir ki, münaqişə tərəflərinin mövqeyi biri-birindən çox uzaqdır. Bu ifadənin özü işğalçı Ermənistanı müdafiə etməkdir”
Ötən ilin aprel ayından sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi nisbətən canlansa da, bir neçə ay sonra müzakirələr demək olar ki, dayandı. Xüsusən son üç ay ərzində Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi fonunda danışıqlar tamamilə donduruldu. Moskvada həmkarı Sergey Lavrovla görüşən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da açıq şəkildə bəyan edib ki, Ermənistanla danışıqlar bitib.
Nazir bildirib ki, Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, işğalçı dövlət danışıqlara yaxın durmur: "Təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan bundan imtina edir. Aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılması təklifini də irəli sürmüşük”. Vurğulayaq ki, Sankt-Peterburq və Vyana görüşlərində əldə olunmuş "razılığa” əsasən tərəflər atəşkəsi qorumalı və danışıqlar prosesini davam etdirməli idilər. Ancaq sentyabrdan sonra Ermənistan həmsədrlərin dəstəyi ilə mövqeyini dəyişdi və danışıqlar sürəcindən çıxaraq kəskin ritorika sərgiləməyə başladı. Sarkisyan rejimi bununla da Vyana və Sankt-Peterburq görüşlərində şifahi əldə olunan anlaşmanı birinci olaraq pozdu. Bununla paralel işğalçı Ermənistan ordusu Azərbaycanın mövqelərinə artilleriya və diversiya həmlələri etdi. Hazırda vəziyyət gərgin olaraq qalmaqdadır. Əksər ekspertlər bitmiş danışıqlar prosesinin alternativi kimi sadəcə müharibəni görürlər. Onların fikrincə, işğalçı ölkəni danışıqlar masasına gətirmək mümkün olsa belə, müsbət nəticə əldə olunmayacaq.
Məsələ ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, bizim üçün Ermənistanın masa arxasına gəlməsi o qədər önəmli deyil:
"Əslində danışıqlar prosesinin bərpası birbaşa düşmən tərəf üçün lazımlıdır. Onlar oturub götür-qoy etməli, öz aqibətlərini düşünməlidirlər. Rusiya XİN başçısı Sergey Lavrov deyir ki, münaqişə tərəflərinin mövqeyi biri-birindən çox uzaqdır. Bu ifadənin özü işğalçı Ermənistanı müdafiə etməkdir. Ancaq çox yanlış yanaşmadır, belə olmamalıdır. Əgər Minsk Qrupunun həmsədrləri münaqişənin həllində maraqlıdırsa, onda təcavüzkar dövlətə real təzyiq göstərməlidirlər. Yalnız o halda Ermənistanı masa arxasına qaytarmaq, güzəştlərə razı salmaq mümkün olar. Aparıcı dövlətlər başa düşməlidir ki, işğala məruz qalan tərəf Azərbaycandır, bizim torpaqlarımız işğal olunub. Bizdən güzəşt ola bilməz”.
Ekspertin fikrincə, Ermənistanı danışıqlara məcbur etmək məsələnin birinci tərəfidir:
"Əsas məsələ düşməni torpaqlarımızdan çıxmağa məcbur etməkdir. Bizim üçün önəmli olan da məhz budur. İş bu istiqamətdə getməlidir. Lakin düşmən tərəf danışıqlardan yayınır. Çünki yaxşı başa düşür ki, gec-tez beynəlxalq hüquq normalarına əməl etmək, tələb ediləni vermək məcburiyyətində qalacaq”.
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə "Şərq”ə deyib ki, Minsk Qrupunun arxasınca sürünmək lazım deyil:
"İndiki vasitəçilik missiyasının alternativi bundan yaxşı olmayacaq. Həmsədrlər dünyanın üç ən böyük ölkəsindən təşkil olunub. Onları Finlandiya, İndoneziya kimi ölkələrlə əvəzləmək müsbət nəyə gətirib çıxaracaq ki?! Əsas aparıcı qüvvələr məlumdur və onlar məsələyə laqeyd yanaşırlar. Əgər həlledici addım atılmırsa, o zaman biz hərəkətə keçməliyik. Keçən ilin aprel ayında buna cəhd etdik, lakin Rusiyanın işə qarışmasından sonra proses dayandı. İndiki halda danışıqlar prosesi və aparılan müzakirələr sürünməkdən başqa bir şey deyil”.
İsmayıl