Qarabağ düyünü niyə AÇILMIR ? - PƏRDƏARXASI MƏQAMLAR

"Rusiya yenidən münaqişəni alovlandırmaq, dalanda olan danışıqlar prosesinə başlamaq və Azərbaycanın beynəlxalq layihələrdə iştirakının, TAP, TANAP-ın realizə olunmasının qarşısını almaq istəyir"
"Nə sülh, nə də müharibə vəziyyəti uzun müddət davam edə bilər".
Bunu "Sherg.az"-a Ermənistan hərbi qoşunlarının Füzuli rayonunda törətdiyi təxribatın siyasi pərdəarxasını izah edərkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyib. 
O bildirib ki, danışıqlar prosesi dalana dirənib:
"Son müzakirə olunan mövzu yenilənmiş "Madrid prinsipləri” idi. Ermənistan isə bununla razılaşmadı. Danışıqlar nəticə vermirsə, deməli, yeganə yol Azərbaycanın öz ərazisində yerləşmiş separatçıları məhv etməsidir. Lakin nə Rusiya, nə də Minsk qrupunun həmsədri olan digər ölkələr bölgədə yeni savaşın alovlanmasını istəyir. Azərbaycan tərəfi beynəlxalq hüququ əsas götürərək öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Buna rəğmən Azərbaycan hələ də savaşı istisna edir və danışıqlara davam etmək üçün addımlar atır.
Atəşkəs dövründə Azərbaycan bir çox beynəlxalq layihələrə qoşulub. O cümlədən TAP, TANAP layihəsi Azərbaycanın qərbə inteqrasiyası zəncirinin əsas həlqəsidir. Dövlətin gələcək inkişafı və Avro-Atlantik məkana inteqrasiyası Rusiya təsirindən azad olması üçün mühüm addımdır.
Son hadisələrin Rusiyanın qızışdırması nəticəsində baş verdiyi heç kəsə sirr deyil. Rusiyanın təkidi ilə Ermənistan bu addımı atıb. İlk dəfə deyil ki, cəbhə xəttində dinc Azərbaycan vətəndaşları, körpələr şəhid olur. Rusiya bunu qıcıqlandırmaqla yenidən münaqişəni alovlandırmaq, dalanda olan danışıqlar prosesinə başlamaq və Azərbaycanın beynəlxalq layihələrdə iştirakının, o cümlədən TAP, TANAP-ın realizə olunmasının qarşısını almaq istəyir”.
Bölgədə Qərbin hərbi iştirakının mövcud olmadığını diqqətə çatdıran A.Rəşidoğlunun sözlərinə görə, Rusiya isə Gürcüstanın və Azərbaycanın işğal olunmuş bölgələrində iştirak edir, Ermənistanda da öz qoşunlarını yerləşdirib:
"Odur ki, münaqişənin həllində əsas söz sahibinin Rusiya olması danılmazdır. Azərbaycan hakimiyyəti isə beynəlxalq layihələrə qoşulmaqla Rusiya təsirini azaltmaq və Azərbaycanın Avro-Atlantik məkana qoşulmasını təmin etmək istəyir.
Bugünkü proseslər onu göstərir ki, ATƏT-in Minsk qrupu tamamilə fəaliyyətsizdir və münaqişənin həlli istiqamətində heç bir addım ata bilmir. Lakin Minsk qrupundan imtina Rusiyanın nüfuzunu artıra bilər. Bir daha qeyd edirəm, Rusiya yeganə dövlətdir ki, bölgədə öz qoşunları ilə mövqe tutur.
Düşünürəm ki, proseslərə bir qədər soyuqqanlı və emosiyasız yanaşmaq lazımdır. TAP, TANAP və digər layihələrdə Azərbaycanın iştirakı bölgə üçün əhəmiyyətlidir. Əgər yaxın onillikləri götürsək, bu layihənin Azərbaycana və bölgəyə hansı uğuru gətirə biləcəyini deyə bilərik”.
Aysel Aslan