Baş nazir bilir ki, güclü rəqibini zərərsizləşdirməsə onun hakimiyyətini devirəcəklər
Nikol Paşinyanın Ermənistanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədən kapital axını kəskin şəkildə artıb. "Joxovurd” nəşrinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında ölkədən 951 milyon 38 min dollar pul çıxarılıb. Ötən ilin yanvar-oktyabr aylarında isə bu rəqəm 779 milyon 196 min dollar olub. Nəşrin yazdığına əsasən, sabiq rəhbərlik Ermənistandan öz var-dövlətini tədricən çıxarır. Deyilənə görə, 9 dekabr seçkisinin nəticəsindən sonra ümidləri tamamilə yox olan Sarkisyan-Koçaryan cütlüyü və onların tərəfdarları Ermənistandan çıxmaq barədə düşünürlər. Şübhəsiz ki, indiyədək erməni xalqını çapıb-talayan, korrupsiya hesabına var-dövlət toplayan Sarkisyan və tərəfdarları ölkəni əliboş tərk etmək istəmirlər. Ona görə də mümkün variantlarla öz sərvətlərini xarici dövlətlərə daşımağın yollarını axtarırlar.
Dalana dirənmiş "Qarabağ klanı”nın narahatlığını "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, ölkənin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla "Qarabağ klanı” arasında ziddiyyətlər artıq açıq müstəviyə keçib:
"Paşinyanın yaxın tərəfdarlarından biri olan Sasun Mikayılyan seçki öncəsi söylədi ki, Ermənistanda baş vermiş "rəngli inqilab” Dağlıq Qarabağdan daha əhəmiyyətli məsələdir. Bu açıqlama qondarma rejim tərəfindən böyük etirazla qarşılandı. Ancaq Paşinyan öz tərəfdaşının mövqeyini müdafiə etdi. Baş nazir hələ seçki öncəsi açıq mətnlə separatçı Bako Saakyanı ittiham edirdi. Bildirirdi ki, Dağlıq Qarabağda seçki ilə bağlı anlaşılmaz mövqe var. Hətta Saakyanı hədələyirdi ki, seçkilərdən sonra onunla görüşüb problemi "həll edəcək”.
Bu reallıqlar fonunda Robert Koçaryanın həbs edilməsi də təsafüdi sayılmamalıdır. 9 dekabr seçkisindən sonra Paşinyanın özünə rəqib bildiyi "Qarabağ klanı”nı siyasətdən uzaqlaşdırması üçün geniş imkanlar yarandı. Çünki Respublikaçılar Partiyası seçkidə 4.7 faiz səs topladı, yəni 5 faizlik baryeri belə keçə bilmədi. Əslində bu, erməni xalqının Sarkisyan-Koçaryan cütlüyünə inamsız olduğunu göstərir. Lakin Paşinyan "Qarabağ klanı”nı tamamilə siyasi səhnədən uzaqlaşdırmaq istəyir. Anlayır ki, əgər bunu etməsə, o zaman onun özünü devirəcəklər. Ona görə də sabiq siyasətçilərə qarşı mübarizəni gücləndirir, onları sıxışdırır. Təbii ki, korrupsiya yolu ilə əldə etdikləri sərvəti də almaq istəyir”.
Millət vəkili bildirib ki, Koçaryanın həbsi, Çexiyada Sarkisyanın qardaşı oğlunun saxlanılması göstərir ki, yaxın zamanda Serj Sarkisyan özü də həbs edilə bilər:
"Eyni aqibəti Bako Saakyanın da yaşayacağı ehtimalı böyükdür. Keçmiş hakimiyyətin rəhbərliyi ölkədəki korrupsiyanın başında dayanan şəxslər olublar. Deməli, istənilən an cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Təhlükələri nəzərə alan köhnə klanın rəhbərliyi öz var-dövlətlərini ölkədən çıxarmağa çalışırlar. Son məlumata görə, yaxın zaman ərzində 951 milyon dollar ölkədən çıxarılıb. Paşinyan pul axınının qarşısını almağa cəhd göstərir. Belə davam edərsə, bir müddət sonra baş nazirlə "Qarabağ klanı” arasındakı gərginlik qanlı toqquşma müstəvisinə keçə bilər. Paşinyan iqtisadi islahat keçirmək istəyir, ancaq bunun üçün zəruri resurslar yoxdur, çünki ölkənin olan-qalan var-dövləti də Ermənistandan daşınır”.
İsmayıl