Qarabağ münaqişəsinin həllini istəmirlər

“Minsk konfransının təcili toplanmasına çağırış etmək lazımdır”“Əks təqdirdə, Minsk Qrupu üçlüyü bu prosesi sonsuza qədər öz inhisarında saxlayacaq, status-kvo bu şəkildə qalacaq”
İrəvanda səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerin Dağlıq Qarabağ münaqişəsinin həllinin Avropa İttifaqı üçün mühüm əhəmiyyət daşıdığını deyib. Aİ rəsmisinin sözlərinə görə, "status-kvo” saxlanıla bilməz, həmçinin münaqişənin hərbi yolla həlli qəbuledilməzdir.
Moqerini münaqişənin beynəlxalq hüquq normalarına uyğun və "Madrid prinsipləri” əsasında sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin əlavə edib ki, dialoqu yüksək səviyyədə davam etdirmək lazımdır: "Gərginliyin intensivliyini azaltmaq, sülh prosesinə mane olan hərbi ritorika və zorakılıqdan çəkinmək lazımdır”. Qeyd edək ki, Moqerin Bakıda səfərdə olan zaman da təxminən eyni mövqeyi sərgiləyib: "Aİ sülh quruculuğuna və münaqişə nəticəsində ayrı düşmüş insanlar arasında birbaşa əlaqələrin qurulmasına istiqamətlənmiş bütün fəaliyyətləri dəstəkləməyə davam edəcək”.
Avropa İttifaqının Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyni şərh edən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, bu münaqişənin həllinə əngəl olan yeganə faktor prosesə yanlış yanaşmanın sərgilənməsidir: "İşğalçı tərəflə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyulur. Moqerin Azərbaycanda səfərdə olarkən belə bir ifadə işlətdi: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır”. Əgər belədirsə, deməli Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hər hansı bir xələl dəyməməsi şərti ilə həll olunmalıdır. Ancaq bu gün Ermənistan bu prinsipi qəbul etmir. Üstəlik də ortada işğal faktoru varsa, buna adekvat olaraq da beynəlxalq hüquq prinsipləri üstün tutulmalıdır. Ancaq çox təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisində beynəlxalq hüququn tələbləri yerinə yetirilmir, hətta deyərdim ki, dünya gücləri tərəfindən bu hüquq göz ardı edilir. Əksinə, güc faktoru əsasında ortaya çıxan reallıqlar nəzərə alınır. Amma bu günün reallığında güclü tərəf Azərbaycandır axı!? Belə çıxır ki, Azərbaycan da 90-cı illərdə Ermənistanın etdiyi kimi güc faktorundan istifadə edərək işğal altındakı torpaqlarını azad etməlidir. Dünya gücləri isə Azərbaycanın güc tətbiqini qəbul etmirlər. Bu isə artıq ikili münasibətdir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinə yanaşma tərzi dəyişməlidir. Artıq problemin həlli istiqamətində ATƏT-in Minsk Qrupu üçlüyünün edə biləcəyi hər hansı bir ciddi iş yoxdur. Zənnimcə, Minsk konfransının təcili toplanmasına çağırış etmək lazımdır. Şərt kimi də ortaya qoymalıyıq ki, Minsk konfransı çağırılmasa, Minsk Qrupundan 24 illik hesabat tələb olunmasa, Azərbaycan bu qrupun həmsədrlərini öz ölkəsində müzakirə tərəfi olaraq qəbul etməyəcək. Əks təqdirdə, Minsk Qrupu üçlüyü bu prosesi sonsuza qədər öz inhisarında saxlayacaq, status-kvo bu şəkildə qalacaq və Dağlıq Qarabağ problemi də öz həllini tapmayacaq”.
Şəymən