Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istəyib
“Qarabağ müzakirələri tezliklə başlamalıdır”
Ərdoğan: “Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”
Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istəyib
Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istəyib
Rusiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə görüşüb. İki lider arasında bir saatlıq görüş olub. Prezident Putin bildirib ki, son vaxtlar hər iki ölkə dünyadakı, o cümlədən Suriyadakı böhranın həlli üçün aktiv şəkildə çalışır. Putin, həmçinin Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpasının yüksək templə getdiyini əlavə edib və Moskvanın bundan şad olduğunu deyib:
"Biz çox şadıq ki, dövlətlərarası münasibətlərimiz olduqca sürətli templə bərpa olunur. 2014-cü ildə keçirilən axırıncı Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasından çox vaxt keçib. Bu müddət ərzində çoxlu hadisələr baş verib. Son vaxtlar biz Rusiya-Türkiyə münasibətlərinin layiq olduğu səviyyəyə çıxması üçün aktiv çalışmışıq”.
"Rusiya və Türkiyə hərbi birləşmələri arasında bu şəkildə bir yaxınlaşmanın olacağını heç kim gözləmirdi”
Rusiya rəhbəri bildirib ki, Ankara və Moskva arasında hərbi və təhlükəsizlik sahəsində güclü əlaqələr qurulub: "Rusiya və Türkiyə hərbi birləşmələri arasında bu şəkildə bir yaxınlaşmanın olacağını heç kim gözləmirdi. Digər sahələrdə münasibətlərimizin daha yüksək səviyyədə olması üçün çox aktiv şəkildə çalışırıq”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Türkiyə ilə Rusiya arasında enerji sahəsindəki əməkdaşlıq çox faydalı və perspektivlidir. Ərdoğan iki ölkə arasında "Türk Axını” qaz kəməri və Akkuyu AES-nin tikintisi ilə bağlı qarşılıqlı fəaliyyətin inkişaf etdiyini vurğulayıb: "Bugünkü gündə iki ölkə arasında əməkdaşlığın əsas elementləri sənaye və energetikadır. Moskva və Ankaranın bu sahədəki qarşılıqlı fəaliyyəti və eləcə də bir sıra digər məsələlər danışıqlar zamanı müzakirə olunacaq. Son zamanlar neft-qaz sahəsində əməkdaşlığımız artmaqdadır. Xüsusən, "Türk Axını” layihəsi və Akkuyu Atom Elektrik Stansiya ilə işlər sürətlə davam etməkdədir. İqtisadi, ticarət, hərbi, müdafiə sənayesi və başqa sahələrdə atacağımız birgə addımlar əlaqələrimizi daha da güclü və etibarlı edəcək”.
"Bu gün Rusiya prezidenti Vladimir Putinlə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı dəyərləndirmələrimizi bölüşdük. Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib. O bildirib ki, terrorla mübarizədə birgə hərəkət etmək böyük əhəmiyyət daşıyır: "Müvafiq qurumlarımız bu barədə təkliflərini verəcəklər. Suriyada İŞİD-ə qarşı nümayiş etdirdiyimiz mövqeni digər terror təşkilatlarına qarşı da nümayiş etdirməliyik. Bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətlərinə son verilməsini xüsusi qeyd edirik”.
"Rusiyada FETO ilə əlaqədə olanlar haqqında lazımi addımlar atılacağına inanıram”
Türkiyə prezidenti daha sonra deyib: "FETO terror təşkilatı ilə mübarizəyə nə qədər önəm verdiyimiz məlumdur. Bu mövzuda göstərdiyiniz həssaslığa görə sizə təşəkkürümü bildirirəm. Ancaq bu terror təşkilatının başqa adlar altında fərqli sahələrdə gizli fəaliyyət göstərdiyini unutmaq olmaz. Moskva və Sankt-Peterburqda FETO ilə əlaqədə olan insanlar və təşkilatlar haqqında gərəkli addımları atacağınıza inanıram”.
"Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu göstərir”
"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”. Bu sözləri də Türkiyə prezidenti Ərdoğan deyib.
R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: "ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”.
"Moskva terrorçular haqqında məlumatların Ankara ilə mübadiləsində maraqlıdır”
"Rusiya güc strukturları türkiyəli həmkarları ilə terrorla əlaqəsi olan şəxslərin mübadiləsində maraqlıdır”. Bu sözləri isə Rusiya prezidenti Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.
Rusiya prezidenti qeyd edib ki, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq və müdafiə nazirlikləri xətti ilə təmaslar çox böyük önəm daşıyır.
İsmayıl