Etimad Əsədov məmurlara etiraz etdi
Aprel döyüşlərində qazi olan Yaşar Ağayevin qardaşı Anar Ağayev məmurların qardaşının səhhətinə qarşı laqeyd münasibətindən şikayətlənib.
Bu barədə mətbuatı məlumatlandıran Ağayev qardaşının 2016 -cı ildə aprel döyüşlərində başından yaralandığını, 5 dəfə əməliyyat keçirdiyini və yenidən daha bir əməliyyata ehtiyacı olduğunu deyib.
Növbəti əməliyyatın Türkiyədə həyata keçirilməli olduğunu vurğulayan şikayətçi cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın aprel döyüşlərində yaralanan qazilərin müalicəsinə verilən tapşırıqların hələ də yerinə yetirilməməsindən şikayətlənib. Onun sözlərinə görə, məmurlar bu məsələyə etinasız və səhlənkarlıqla yanaşırlar.
Qazinin qardaşının hələ də hospitalda yatdığını bəyan edən A.Ağayev deyib ki, başından güllə yarası alan qardaşı bir tərəfi iflic vəziyyətə düşdüyündən, yuxarı və aşağı ətrafları hərəkətsiz qalıb: "Ona görə də qazinin reabilitasiya keçməsinə də ehtiyac var. Əgər yaxşı reabilitasiya mərkəzində müalicə olunsa, hərəkəti bərpa olunar. Təəssüflər ki, səlahiyyətli şəxslər hər şeyi görməzdən gəlirlər”.
Vətən uğrunda gedən döyüşlərdə qazi olan Yaşar Ağayevin həyatına qarşı bu cür laqeyd münasibət göstərilməsindən təəccüblənməyən "Qarabağ Qaziləri” İctimai Birliyinin rəhbəri Etimad Əsədov "Şərq”ə açıqlamasında bu mənzərənin ona çox tanış və doğma olduğunu deyib:"Aprel döyüşləri zamanı Azərbaycan ordusunun ortaya qoyduğu mövqe və düşmənə qarşı mübarizədə göstərdiyi şücaət, işğalçıların məğlubedilməzlik sindromunu məhv etməsi birmənalı şəkildə Azərbaycan dövlətinin və onun rəhbərliyinin beynəlxalq arenada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin gücləndirilməsinə xidmət edir. Hər bir Azərbaycan gənci əsgər mundirini əyninə geyinib, vətənin müdafiəsi uğrunda gedən savaşda öz qeyrətlərini ortaya qoydu və canları, qanları bahasına bu yoldan bir addım belə geri çəkilmədilər.
Azərbaycan əsgəri öz vəzifəsinin öhdəsindən artıqlaması ilə gəldi və bunu cümlə-aləmə bəyan elədi. İndi isə növbə Azərbaycan hökumətinindir. Müvafiq qurumlar canını, sağlamlığını vətən üçün qurban verən hər bir əsgərin, zabitin qeydinə qalmalıdır. Bu, onların başlıca olaraq vəzifə borcudur. Savaşda yara alan və həyatı təhlükədə olan bir qazini müalicə etdirmək fərdi şəxslərin yox, birbaşa dövlətin öhdəliyidir. Ancaq aidiyyəti qurumlar canından yaralı olan insanları süründürməklə onları mənəvi cəhətdən də yarımcan edirlər”.
Ötən il hadisələrin qaynar vaxtı təmas xəttinə yaxın ərazilərdə məskunlaşan əhali, döyüşçülər arasında döyüş ruhunun qaldırılması üçün cəbhə bölgəsinə göndərildiklərini vurğulayan Birlik sədri artıq yavaş-yavaş Lələtəpənin də, "4 günlük müharibə” qəhrəmanlarının da yaddan çıxarıldığını deyib:
"Xəbəriniz var ki, artıq şəhidlərimiz üçün təntənəli dəfn mərasimləri də həyata keçirilmir. Qusardan və Ağcabədidən şəhid olan hər iki əsgərimiz üçün keçirilən dəfn mərasimi həddindən artıq sönük oldu. Noldu, aradan bir il keçdi deyə, yaralar qaysaq bağladı?! Lələtəpə uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin!
Şəymən