Qarabağ Türkiyə hakimiyyəti üçün də ağrılı milli məsələdir" - Deputat

Aydın Mirzəzadə: "Azyaşlı Zəhranın həlak olması ilə nəticələnən erməni provokasiyasının yaratdığı vəziyyəti iki ölkə rəhbərləri müzakirə edir. Bu məsələ ilə bağlı görüləcək işləri müəyyənləşdirirlər"


"Türkiyə və Azərbaycan arasındakı münasibətlər iki qardaş və dost ölkə münasibətləridir”.

Bunu Sherg.az Türkiyə və Azərbaycan prezidentlərinin görüşünün nəticələrindən danışarkən millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Türkiyə və Azərbaycan arasında vaxtaşırı görüşlərin sayı hesabı yoxdur və belə görüşlər həmişə davam edəcək:

"Son görüş bir daha qardaş münasibətlərini göstərmək və iki ölkə üçün maraqlı olan məsələləri birlikdə müzakirə etməkdir. Bu gün hər iki ölkə üçün tək özünə aid olan məsələ yoxdur. Qardaş Türkiyənin də problemləri, rastlaşdığı çətinliklər də onun üçün ağrılı məsələlərdir. Dağlıq Qarabağ məsələsi Türkiyənin hakimiyyəti üçün ağrılı milli məsələlərindən biri hesab edilir. Vaxtaşırı iki ölkə arasında problemin həlli ilə bağlı məsləhətləşmələr keçirilir. Türkiyə dövlətinin daim Azərbaycanın yanında olması, prinsipial mövqeyini müzakirə etməsi, problemin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan üçün çox əhəmiyyətli məsələlərdir. 

Şübhəsiz ki, 4 iyulda azyaşlı Zəhra Quliyevanın həlak olması ilə nəticələnən erməni silahlı qüvvələrinin provokasiyasının yaratdığı vəziyyəti iki ölkə rəhbərləri müzakirə edir. Bu məsələ ilə bağlı görüləcək işləri müəyyənləşdirirlər. Birgə qardaşlıq addımının Dağlıq Qarabağ probleminin tezliklə həllinə gətirib çıxaracağına şübhə yoxdur”.

Qeyd edək ki, İyulun 9-da Azərbaycan prezidenti İlham Əliyev İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb və birgə şam ediblər. Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Aysel Aslan