Yadigar Məmmədli: "İnanıram ki, TV ən qısa zamanda geniş auditoriya qazana bilər"
"Qarabağ TV" hədəflərə doğru irəliləyir
Müşfiq Ələsgərli: "Zamanla özünü göstərər, materiallarını yayar, biz də ondan sonra nə dərəcədə peşəkar fəaliyyət göstərdiklərini dəyərləndirərik"
Yadigar Məmmədli: "İnanıram ki, TV ən qısa zamanda geniş auditoriya qazana bilər"
Yadigar Məmmədli: "İnanıram ki, TV ən qısa zamanda geniş auditoriya qazana bilər"
İlham Quliyev: "Artıq Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini dünyaya çatdıra bilirik"
Yeni fəaliyyətə başlayan Qarabağ TV əsas hədəflərinə çatmaq, Azərbaycan həqiqətlərini və Qarabağın erməni işğalında olması faktını dünya mediasının diqqətinə çatdırmaq istiqamətində növbəti addımını atıb. Dövlət başçısı İlham Əliyevin "ən yaxşı müdafiə hücumdur” taktikasına istinad edən onlayn TV virtual dünyada erməni informasiya müharibəsini neytrallaşdırmağı və daha çox xarici jurnalistlərin TV-nin nümayəndəsi olmasına zəmin yaratmağı qarşısına məqsəd qoyub.
Qarabağ TV-nin təsisçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin verdiyi məlumata görə, hazırda Cənubi Amerikada fəal iş qurublar. Ekvadorda politoloq Vladimir Perez, Venesuelada Guillermo Miguelena və Kolumbiyada jurnalist və iş adamı Omar Salcedo rəsmən Qarabağ TV-nin nümayəndəsi olaraq fəaliyyətə başlayıblar. Avropa və Amerika Birləşmiş Ştatlarında, Türkiyədə, İranda və yaxın Şərq ölkələrində də nümayəndəlik açmaq barədə danışıqlar aparılır: "10 gün içərisində Amerikanın 2, Avropanın 3, Rusiyanın 4 və Ukraynanın 4 xəbər saytında Qarabağ həqiqətləri, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, BMT-nin Ermənistan tərəfdən icra olunmayan qətnamələri və digər mövzulara dair məqalələrimiz dərc edilib.
30 il ərzində Ermənistanın Azərbaycana işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox insanın səsini, Qarabağın işğal altında olmasını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrinə vurduğu ziyanlar, Qarabağ mədəniyyəti, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün Qarabağ TV verilişlər və araşdırma yazıları (www.karabakh-tv.org) saytı vasitəsilə 13 dildə dünyaya yaymaqda davam edir”. Baş redaktorun sözlərinə görə, Azərbaycan diasporunun da Qarabağ TV-yə böyük mənəvi dəstəyi var: "Almaniya, Amerika, İsveç, Danimarka, Rusiya, Türkiyə, İsrail, Fransa və digər ölkələrdə yaşayan azərbaycanlılar Qarabağ TV-nin könüllüləri olaraq fəal işləyirlər. Biz Qarabağ TV olaraq informasiya lobbisi sistemini qurmuşuq və yaxın gələcəkdə artıq bizim dünyanın əksər ölkələrində xarici jurnalistlərdən ibarət lobbimiz yaranacaq.
Bu gün "google” və digər axtarış sistemlərində, "Facebook”, "Twitter” və digər şəbəkələrdə Qarabağ TV-nin məlumatları, paylaşımları əlçatan səviyyədədir. "KarabakhTV” haştağı ilə daha çox insanın Qarabağ barədə məlumat əldə etməsinə nail olmaqdayıq.
Düşmənimizin özünü güclü saydığı zamanlar sona çatıb. Hazırda Qarabağ TV və komandası, ətrafında olan dostları və diasporumuz vasitəsilə ermənilərin informasiya müharibəsi neytrallaşmaq üzrədir. Biz dayanmaq niyyətində deyilik və hədəfimiz Şuşadan canlı yayım etmək və qələbə xəbərini dünyaya yaymaqdır”. Bununla bərabər Z.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan dövləti olaraq üzləşdiyimiz haqsız işğala qarşı mübarizədə informasiya sahəsində boşluqlar özünü göstərməkdədir. Uzun müddətdir ki, Qarabağla bağlı saytlar QHT-lər tərəfindən layihə çərçivəsində yaradılırdı. Lakin qrantın müddəti keçəndən sonra onların hostinq və domen ödənişlərinin edilməməsi səbəbindən saytlar bağlanır:
"Bu gün virtual məkanda Qarabağla bağlı bir neçədilli saytların və ümumiyyətlə, adi internet televiziyasının olmaması bizim düşmənə qarşı zəif nöqtəmizin olduğunun göstəricisidir. İnternet şəbəkəsində Qarabağla əlaqədar məlumatlar azdır, böyük bir qismi isə təəssüf ki, Azərbaycana məxsus deyil.
Nəzərə alsaq ki, informasiya mübarizəsi sahəsində son illərə qədər nailiyyətlərimizlə sevinməyimizə əsasımız çox deyil, o halda məsələnin aktuallığını göz önündə canlandırmaq daha da asan olar. Xarici media, QHT-lər, ictimai fikirdə Qarabağ barədə məlumatsızlıqlar özünü göstərir. Bizə qarşı informasiya aparan qüvvələr var. Onların böhtan xarakterli yazıları əsasən erməni lobbisinin təsiri altında hazırlanır. Psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi yalan, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə bir ölkə vasitəsilə digər ölkənin apardığı siyasəti gözdən salmağa, xalqla ordu arasında nifaqa çalışır. Bir sözlə, insanlar arasında dövlətə inamsızlıq yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Erməni qəzetlərinin və saytlarının Azərbaycanla bağlı yaydıqları yalan informasiyaların qarşısını almaq üçün Qarabağ TV bütün beynəlxalq təcrübədən istifadə etməlidir. Yəni analizlər, təhlillər və faktlarla erməni yalanlarına qarşı çıxıb, Azərbaycanın sərhədlərini keçməyə cəhd edən erməni informasiyasını blokadaya almalıyıq. Bunun üçün də hər kəsin dəstəyinə ehtiyac var”.
Yeni yaradılan Qarabağ TV-nin fəaliyyəti ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, virtual aləm texnologiya baxımından dünyanın hər yerində Azərbaycanın səsini yaymağa imkan verir. Onun sözlərinə görə, qəzet və televiziyadan fərqli olaraq, onlayn müstəvidə bu işi görmək çox rahatdır:
"Hansısa materialın kağız formasında uzaq məsafəyə aparılması lazımi effekt vermir, çünki çox vaxt aparır. Televiziyalarda lisenziya məsələsi və qarşılıqlı razılaşmalar kimi problemli məqamlar var. Amma onlayn müstəvidə fəaliyyət göstərən xəbər portallarının və onlayn televiziyaların dünyaya çıxışı asandır. Onların dünyaya yayılması üçün hansısa xüsusi prosedur tələb olunmur. Ona görə də internet üzərindən Azərbaycanla bağlı nə qədər çox informasiya yayılarsa, bu, xeyrimizə olar. Ancaq burada bir məsələni xüsusi qeyd etmək lazımdır. Çalışmalıyıq ki, "Qarabağ” adından kimlərsə manipulyasiya məqsədi üçün istifadə etməsin. Azərbaycanın işğal altında olan torpaqları adından, xüsusən Qarabağ adından istifadə ediriksə, burada işlər mütləq peşəkar formada qurulmalıdır. Əgər televiziyada qeyri-peşəkarlar olacaqsa, başqa yerlərə xidmət edən informasiyalar yayacaqlarsa, ermənilər bunu əllərində bayraq edəcəklər. Səs-küy salacaqlar ki, "baxın, azərbaycanlıların Qarabağ adından çıxış etməyə haqları çatmır”. O baxımdan Azərbaycanı simvolizə edən hər hansı termindən yararlanaraq media orqanı təşkil ediriksə, işləri peşəkarcasına qurmalıyıq”.
M.Ələsgərli bildirib ki, diaspora təşkilatlarımız, jurnalistlərimiz, ictimai fəal şəxslərimiz hərəsi bir onlayn resurs yaradarsa və imkan daxilində Azərbaycanla bağlı həqiqətləri dünyaya yayarlarsa, bundan ancaq fayda götürmək olar:
"Sadəcə diqqətli olmaq, boşluğa və qeyri-peşəkarlığa yol verməmək lazımdır. Qarabağ TV təzə yaradılıb. Zamanla özünü göstərər, materiallarını yayar, biz də ondan sonra nə dərəcədə peşəkar fəaliyyət göstərdiklərini dəyərləndirərik”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli "Şərq”ə açıqlamasında deyib ki, müasir dövrdə, virtual aləmin genişləndiyi bir mühitdə onlayn mübarizəni gücləndirmək zərurətdir:
"Google”da Qarabağ sözü yazanda bu ada istinad edən çoxlu sayda erməni media qurumları qarşımıza çıxır. Bu, olduqca acınacaqlı vəziyyətdir. Məsələyə önəm vermədiyimiz üçün bədnam qonşularımız boşluqlardan öz məqsədləri üçün çox məharətlə istifadə edirlər. Bu baxımdan Azərbaycanda onlayn media müstəvisində Qarabağ televiziyasının meydana çıxması və yeni formatda fəaliyyəti çox təqdirəlayiq haldır. Bu işdə bütün vətəndaşlar əllərindən gələn köməkliyi göstərməlidir. Hazırda internet məkanında bu sahədə ciddi boşluq var. Görüləsi işlər çoxdur. Bilirsiz, bəzi məsələlər bizə adi gəlir, prosesə həssas yanaşmırıq. Halbuki bir an belə usanmadan, dayanmadan həqiqətləri dünya birliyinin diqqətinə çatdırmalıyıq. Məqsədimiz sadəcə eşitdirmək yox, həm də qəbul etdirmək olmalıdır. Bəzən haqlı olduğumuz durumda belə mövqeyimizi sərgiləyə bilmirik. Yeni yaradılan Qarabağ TV-nin üzərinə ciddi missiya düşür. İnanıram ki, TV ən qısa zamanda geniş auditoriya qazana bilər. Səbrlə, təmkinlə işə davam etmək lazımdır. Mən onların işini alqışlayıram. Bu sahədə düşməni üstələmək imkanlarımız var və onlardan istifadə etməliyik”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev "Şərq”ə bildirib ki, Qarabağ münaqişəsi müstəqillik əldə etdikdən sonra bizim əsas problemimiz olaraq qalır. Baş redaktorun sözlərinə görə, cəmiyyətin bütün təbəqələri bu problemin həllinə öz töhfələrini verməyə çalışırlar:
"İlk illərdə informasiyanın çatdırılması ilə bağlı ermənilərlə müqayisədə xeyli geri qalırdıq. Düşmən əlində olan imkanlardan istifadə edərək bizi informasiya blokadasına salmışdı. Amma sonrakı illərdə biz görülən işlər nəticəsində bu blokadadan çıxa bilmişik. Artıq Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini dünyaya çatdıra bilirik. Bunun üçün əlimizdə müxtəlif vasitələr var. Təbii ki, vasitələrin çoxalması heç də pis olmazdı. Qarabağ TV də bu vasitələrdən biri kimi nəzərdən keçirilə bilər. Effekti hesablanaraq bu kanala müxtəlif yollarla yardım edilməsi mümkündür. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə, ayrı-ayrı ianələr vasitəsi ilə və s. üsullarla bunu etmək olar. Amma onu da bilməliyik ki, bir telekanalla bütün problemlərin həllini düşünmək sadəlövhlük olardı. Belə baxanda bu gün dünyanın önəmli mərkəzləri Qarabağ münaqişəsi haqqında məlumatlıdırlar. Problemin nədən qaynaqlandığını, niyə həll olunmadığını çox gözəl bilirlər. Diqqət yetirsək, artıq bu münaqişəyə yanaşmada üçüncü əsas qüvvənin rolu da qabardılmağa başlayıb. Biz də münaqişənin tək erməni iddiaları ilə bağlı olmadığını, kənar qüvvələr tərəfindən tətikləndiyini, konservləşdirildiyini çatdırmalıyıq”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli Qarabağ TV-yə fəaliyyətində uğurlar arzulayıb. Redaktorun fikrincə, beynəlxalq miqyasda və ölkə hüdudlarından kənarda xarici ekspertləri də bu prosesə cəlb edərək, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir və bu, prioritetdir:
"Əlbəttə, Azərbaycan faktiki olaraq informasiya müharibəsində illərdir hücum taktikasına keçib. Azərbaycan bu sahədə erməni təbliğat maşınının, belə demək mümkünsə, dişini qırıb. Təbii, bununla kifayətlənmək olmaz və hücum taktikasını daha da gücləndirmək lazımdır. Azərbaycan həqiqətlərini dünyaya daha geniş və əhatəli şəkildə çatdırmaq, erməni yalanlarını ifşa etmək faydalı olar”.
(Davamı var)
İsmayıl