Qarabağda dövlət qurmaq puçdur

Bütün dünya görür ki, Azərbaycan dövləti danışıqlarda daha çox ordusuna güvənir


"Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, bunu kimsə gözləməsin”. Bu sözləri hərbçilərlə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Həmçinin, Prezident vurğulayıb ki, ən müasir silahlarla silahlanan Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları həll etmək iqtidarındadır:

"Silahlı Qüvvələrimiz güclü ordular sırasındadır. Son illər ərzində ordunun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq. Həmin texnika və silahlar ordu potensialımızı gücləndirib. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissi çox yüksək səviyyədədir”. Son günlər münaqişə ətrafında müşahidə olunan gərginliyə diqqət çəkən ekspertlər Prezidentin xəbərdarlıq xarakterli çıxışını müvafiq dairələrə mesaj kimi xarakterizə ediblər. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib ki, Dağlıq Qarabağın "müstəqilliyi” bütövlükdə regionun təhlükəsizliyinə ciddi zərbə deməkdir: 

"Bundan təkcə Azərbaycanın suverenliyi ziyan görməyəcək. Eyni zamanda Ermənistan, İran və Rusiya bu coğrafiyada ayrı-ayrı "dövlətlərin” meydana çıxacağı təqdirdə separatizm və etnik münaqişələrlə üzləşəcəklər. Son günlərdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi 1990-cı illər daxil olmaqla böyük zaman kəsimini özündə ehtiva edən məxfi məlumatları yayıb. Həmin məlumatlardan aydın olub ki, Amerika SSRİ-nin dağıdılmasında indiki münaqişələrin mühüm rol oynayacağını əvvəlcədən görüb və hər vasitə ilə problemi stimullaşdırmağa çalışıb. İndi müəyyən dairələrdə hələ də belə bir illuziya var ki, guya zamanla Azərbaycanı ram etmək mümkün olacaq, nəsillər dəyişəcək və hansısa siyasi konsensusa gəlinəcək. Nəticədə Qarabağ özünün "müstəqil”liyini qəbul etdirəcək. Təbii ki, bunların heç biri reallaşmayacaq”. 

Deputat deyib ki, ən böyük təhlükə Qarabağda yaşayan ermənilər üçündür: 

"Sarkisyan son açıqlamasında söyləyirdi ki, guya bu məsələyə iki ölkənin rəhbərləri qarışa bilməz. Yalnız orada yaşayan bir ovuc ermənilər öz gələcək həyatları ilə bağlı qərar çıxarmalıdırlar. Əlbəttə, belə bəsit yanaşmaya kimisə inandırmaq mümkün deyil”. 

Z.Orucun fikrincə, Prezidentin verdiyi mesajlar Rusiya XİN rəhbəri Lavrova cavab ola bilər. Lakin məsələnin dairəsi bununla məhdudlaşmır: 

"Cənab Prezident açıqlamasını hansısa mülki tədbirdə etmədi. Hərbçilərlə görüşdə verilən bəyanatlar bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti Dağlıq Qarabağ danışıqlarında orduya arxalanır. Şübhəsiz ki, Azərbaycan tərəfindən başlana biləcək müharibə daha geniş miqyaslı silahlı toqquşmalara yol aça bilər. Erməni tərəfi müəyyən qədər bunu arzulayır. Çünki onlar zənn edirlər ki, guya Rusiya prosesə müdaxilə edəcək və KTMT burada mühüm rol oynayacaq. Belə olan halda isə Türkiyə Ermənistana qoşun yeridəcək və beləliklə bölgədə böyük dövlətlərin iştirakı ilə nəhəng savaş çıxacaq”. Millət vəkili bildirib ki, Prezidentin sözləri təkcə Moskva və İrəvan üçün deyildi: "Dövlət başçısının mesajları həm də digər Qərb dövlətlərinin, Asiya ölkələrinin müəyyən dairələrinə ünvanlanmış mesaj idi, ölkəmizə təzyiq göstərmək niyyətində olanlara qarşı ciddi reaksiya idi. Dövlət başçısı qırmızı xətti bir daha xatırladaraq bu məsələdə qətiyyən güzəşt olmayacağını bəyan etdi. Son illər ərzində Dağlıq Qarabağ müstəvisindən kənar fəaliyyət göstərən qələm adamlarının çoxu artıq 90-cı illərin eyforeyasına qapılmırlar. Onlar da fərqindədirlər ki, Qarabağda dövlətçilik qurmaq ideyası puçdur. Düşmən iki dövlət qurmaq istəyirdi, amma ikisindən də məhrum oldu. Əslində Qarabağ problemi Ermənistanın müstəqil dövlət kimi oturuşmasına böyük zərbə vurdu”.

İsmayıl