"Qarabağda törədilən cinayətlərdən bütün dünya narahatdır"





"Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqlarında qanunsuzluğun baş alıb getməsi danılmazdır”.

Bunu "Sherg.az"a millət vəkili Aqil Abbas Böyük Britaniya vətəndaşı olan araşdırmaçı Harold Kanenin işğaldakı ərazilərimizdə törədilən cinayətlərlə bağlı araşdırmasından danışarkən deyib.

Deputat diqqətə çatdırıb ki, artıq uzun illərdir ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarında müxtəlif cinayət hadisələri yaşanır:

"Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda insan alveri, narkotik qaçaqmalçılığı, təbii ehtiyatların oğurlanması, maddi mədəniyyət abidələrinin dağıdılması və s. bu kimi arzuolunmaz hallar yaşanır. Amma bunların içərisində narkotik qaçaqmalçılığı daha çox yayılıb. Həmçinin həmin ərazilərdə Suriya və başqa ölkələrdə terrorçular gətirilib, yetişdirilir. Bir insan kimi, bu dünyanın sakini kimi Böyük Britaniya vətəndaşı olan araşdırmaçı Harold Kane bu məsələni gündəmə çəkib, bu halın nə qədər davam edəcəyini öyrənmək istəyir. 

Çünki belə neqativ hadisələr işğal olunmuş Azərbaycan torpaqlarında yaranıb, bütün dünyaya yayılır. Bundan tək ətraf ölkələr yox, bütün dünya narahatdır. Amma bəzi ölkələr belə hadisələrə maraqlıdır. Çünki həmin dövlətlər terroru narkotikdən gələn vəsaitlə maliyyələşdirirlər. Məsələn, Əfqanıstanda gedən müharibə birbaşa narkotik üstündə gedir. Böyük Britaniya vətəndaşı olan araşdırmaçı Harold Kanenin belə bir məsələni gündəmə gətirməsini müsbət dəyərləndirirəm”.

Qeyd edək ki, Böyük Britaniya vətəndaşı olan araşdırmaçı Harold Kane "Dağlıq Qarabağda cinayətkarlığa məruz qalma şoku" başlıqlı yazı yazıb. Müəllif yazıda Erməsnitanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilən cinayətlərin kataloquna işıq salır. O qeyd edir ki, işğaldakı Azərbaycan torpaqlarında yol verilən özbaşınalıqlar və cinayətlər Qafqaz bölgəsindən kənara çıxır və beynəlxalq ictimaiyyətə də mənfi təsir göstərir. Müəllif əsasən bu ərazilərdə olan insan alveri, narkotik qaçaqmalçılığı, təbii ehtiyatların oğurlanması, maddi mədəniyyət abidələrinin dağıdılması və s. məsələlərdən yazır.

Kənan Eynuroğlu