Qarabağın həlli Avrasiya İttifaqına üzvlükdən keçirmiş - Kremlin açıq mesajı




Rusiya prezidentinin avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazev ötən gün İrəvanda Ermənistan-Rusiya regionlararası forumu zamanı jurnalistlərlə söhbətində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü haqda danışıb.

"Sherg.az"virtualaz.org-a istinadən bildirir ki, Sergey Qlazev bu məsələnin "Ermənistandan asılı olduğunu" deyib, çünki Ermənistan Avrasiya İttifaqının üzvüdür və istəsə Azərbaycanın üzvlüyünə veto qoya bilər.

Bəs Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü məsələsinə Putinin müşaviri nə səbəbdən toxunub? Axı rəsmi Bakı bu ittifaqa üzvlük məsələsinə əvvəldən soyuq yanaşıb və heç kim xatırlamır ki, Azərbaycan üzvlük planları barədə danışsın və nəticədə Ermənistandan icazə istəmək haqda fikirləşsin? Rusiyada isə Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını əlbətdə, arzu edirlər və vaxtaşırı olaraq Bakını bu birliyə cəlb etmək təşəbbüsləri haqda eşitmək olar.



İndi isə məsələ burasındadır ki, Putinin müşaviri Azərbaycanın üzvlüyü məsələsinə jurnalistin sualı əsasında toxunub. "Azadlıq" radiosunun erməni xidmətinin məlumatına görə Sergey Qlazev deyib ki, postsovet ölkələrinin hamısını bu ittifaqda görmək istəyirlər.

"Avrasiya iqtisadi ittifaqının genişlənməsi təbii prosesdir, ona görə də bu proses hələ postsovet məkanında gedir. Hansı ki, orada bizim dövlətlərimiz əsrlərlə birgə yaşayıb, bir-birlərini yaxşı tanıyır, ünsiyyət qura bilir, ümumi ünsiyyət dilinə-rus dilinə malikdir. Biz Rusiya imperiyasını, Sovet imperiyasını birgə qurmuşuq və yaxın yüz il üçün də gələcəyimizi birgə qura bilərik. Mən sizə deyirəm ki, bu gün prezident Vladimir Putin tərəfindən irəli sürülən nəhəng Avrasiya İttifaqı layihəsi bizim dost ölkələri suverenliklərini saxlamaq, bir-birlərinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət əsasında birləşdirməyə imkan verir"-Sergey Qlazev deyib.

Putinin müşaviri Avrasiya İttifaqına inteqrasiyanın könüllü proses olduğunu vurğulayıb. Lakin əlavə edib ki, Qafqazda sülh məhz region ölkələrinin bu ittifaqa üzvlüyündən asılıdır. "Əgər biz Qafqazda sülhə nail olmaq, siyasi problemləri həll etmək istəyiriksə o zaman bütün Qafqaz olaraq Avrasiya İttifaqına inteqrasiya etməliyik"-Qlazev açıq deyib.

Qeyd etmək lazımdır ki, Qafqazdakı problemlərin həlli yolunun məhz Avrasiya İttifaqına üzvlükdən keçdiyi barədə Kreml ilk dəfədir bu cür açıq danışır. Və dərhal belə sual yaranır ki, doğrudanmı Qarabağ münaqişəsinin həlli də Azərbaycanın "Putin ittifaqına" üzvlüyündən asılı imiş?

Sergey Qlazev bu suala müsbət cavab verib. "Əgər Azərbaycan Avrasiya İttifaqına üzv olsa Qarabağ münaqişəsinin həlli mümkün olarmı?" sualına cavab olaraq deyib: "Mən əminəm ki, biz vahid iqtisadi məkan formalaşdırsaq, müəssusələrimiz, insanlarımız arasında uzunmüddətli münasibətlər formalaşsa, bizim işgüzar dairələrimiz birgə biznes qursa o zaman qarşılıqlı etimad da möhkəmlənəcək, iqtisadiyyat siyasəti qabaqlayacaq. Əgər iqtisadiyyat siyasətdən qabağa keçəcəksə deməli həlli mümkün görünməyən syasi problemlərin də həll edilməsi üçün əlavə imkanlar açılacaq".

Belə olanda Putinin müşavirindən soruşublar: bir-biri ilə müharibə vəziyyətində olan Ermənistanla Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü mümkündürmü?