Qaradağlı faciəsi...

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsihaqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi


İşğalçı ermənilər tarixən Azərbaycan xalqının başına çox müsibətlər gətiriblər. Torpaqlarımıza yerləşib, qonşu olduqları vaxtdan etibarən dəfələrlə azərbaycanlıların qanını töküb, qırğınlar törədiblər. Ermənilərin soyqırım siyasəti Dağlıq Qarabağı işğal etdikləri zaman daha intensiv xarakter alıb. 1992-ci il fevralın 17-də törətdikləri, tarixə Qaradağlı soyqırımı kimi düşən qırğın da ermənilərin həyata keçirdiyi müsibətlərdən biridir. Söhbət Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal etdiyi zaman törətdikləri kütləvi qətliamdan gedir. Xocalı soyqırımından 9 gün əvvəl işğalçılar tərəfindən həyata keçirilən Qaradağlı faciəsi miqyasına görə ikinci Xocalı soyqırımı da adlandırılır.

Qeyd edək ki, Qaradağlı kəndinin hər 10 sakinindən biri şəhid olub. Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri qətlə yetirilib. Ümumilikdə Qaradağlı soyqırımında kənd 117 övladını itirib, onlarla insan girov götürülüb. Həmin dövr Rusiya mətbuatında yazılan məlumatlarda göstərilib ki, ermənilər faciədə ölən azərbaycanlıları silos quyularına doldurublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq olub. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

"Mən ayılanda gördüm ki, hava qaranlıqdır, özüm də qan içindəyəm”

Qaradağlı soyqırımının canlı şahidi, ermənilər tərəfindən girov götürülmüş kənd sakini Vidadi Hüseynov əsir düşən saatları xatırlayarkən gözləri dolur: "Bizə maşınlara tərəf hərəkət əmri verildi. Bir erməni zabiti qocaları və qadınları KaMAZ - a, cavanları isə üstü çadırlı "Ural”a mindirdilər. Birdən bir mülki geyimdə olan orta yaşlı erməni maşına yaxınlaşıb dedi - "Mən burda 3 nəfər türk öldürməliyəm”. Sonra həmkəndlim Eldarı çağırdı. Eldar Dadaşov yerə düşən kimi tapança ilə onu alnından vurdu. O biri maşından da bir nəfər düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa, heç kim cavab vermədi. Maşınlar hərəkətə gəldi, Bəylik Bağını və ondan sonra gələn Tut bağını keçdik. Silos quyusunun yanında maşınlar dayandırıldı. Erməni zabiti arxada gedən "Ural” maşınına yaxınlaşıb 10 nəfərin düşməsini tələb etdi və yaxınlaşıb arxa "bort”u açdı. Mən arxada oturduğumdan birinci düşdüm. Mənim arxamca da 10-15 nəfər cavan döyüşçülər düşdülər. Bizi nəyə görə düşürdükləri aydın idi. Ona görə də hamımız sinəmizi açıb qışqırırdıq - "Güllələyin əclaflar, onsuz da qanımız yerdə qalmayacaq! Sizi it kimi qovacaqlar!” Bu sözləri eşidən 10-15 nəfər erməni əsgər və zabitləri avtomatlarını sinələrinə qaldırıb atəş açmağa hazırlaşırdılar. Mən yolun sağ tərəf kənarında dayanmışdım. Ermənilər isə sol tərəfdə maşının arxa hissəsinə yaxın bir yerə toplaşmışdılar. Ən axırıncı bizə tərəf Telman Tağıyev gəlirdi. O, mənim yanıma çatar-çatmaz qəfil ermənilərə tərəf döndü. 3-5 metr irəliləyib əlindəki qumbaranı onların ortasına atdı. Ermənilər qaçmağa macal tapmamış qumbara partladı. Partlayışın təsirindən mən yolun kənarındakı qalın kolluqla örtülü arxa düşdüm. Aldığım qəlpə yarasından və zərbənin təsirindən huşumu itirdim. Bu hadisə təxminən saat 14:00 - 15:00 radələrində baş vermişdi. Mən ayılanda gördüm ki, hava qaranlıqdır, özüm də qan içindəyəm. Ağlım başıma gəldikcə başıma gələnləri və harada olduğumu müəyyənləşdirə bildim. Gecə yarı yerimdən durub meşənin içi ilə Ağdamın Abdal Gülablı kəndinə gəlib çıxdım. Sonradan öyrəndim ki, həmin hadisə olan yerdə sağ qalan ermənilər bizim maşında olan silahsız adamları avtomat atəşinə tutub, 33 nəfəri qətlə yetiriblər. Sonra da cəsədləri silos quyusuna atıblar”.

"Xankəndi həbsxanasında 8 Qaradağlı sakini acından öldü”

Soyqırımın digər canlı şahidi Aslan Tağıyev isə hadisələri belə xatırlayıb: "Xocavənddə 5 azərbaycanlı kəndindən biri olan Qaradağlı 41 erməni kəndinin əhatəsində idi. Qaradağlı ən yaxın azərbaycanlı kəndindən 13 kilometr aralı idi. Bu kəndlər isə 1991-ci ilin noyabr ayında ermənilər tərəfindən işğal olunmuşdu və Qaradağlı blokadada qalmışdı. Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə silos quyusuna töküb, üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular”. O, xatirəsində qeyd edib ki, ermənilər tərəfindən həmin kəndin yüzdən artıq sakini girov götürülüb: "Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq. Xankəndində yerləşən həbsxanada 8 Qaradağlı sakini acından öldü. Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndində həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.

"Mən ölən, qan içində boğulan azərbaycanlıları gördükcə...”

Qaradağlı faciəsi ilə bağlı ermənilərin özlərinin dedikləri də, bu qətliamın necə faciəli olduğunun sübutudur. Azərbaycan türklərinin qətliamında iştirak etmiş erməni cəlladı Monte Melikonyanın xatirələri əsasında Qaradağlıya son hücum haqqında Daşnaksütyun Partiyasının üzvü Hrayr Karapetyan yazır: "Fevralın ortalarında dəstəmiz Əsgəranın Mehtişen (Xocalının Mehdibəyli kəndi) kəndinə çağırıldı. Orada digər komandanlar da var idi. Xocalı əməliyyatına hazırlaşan Monte demək olar ki, bütün gün Xankəndi qərargahında fəaliyyət planı hazırlanmasına bütün qüvvəsini sərf etdi. Bir gün gecə o gəlib dedi ki, Qaradağlı tezliklə götürülməlidir. Həm də kəndin əhalisi məhv edilməlidir. Dərhal Qaradağlıya tərəf getdik... Və biz azərbaycanlılarla döyüşə girdik. Onlar demək olar ki, əli yalın idilər, amma mübarizə aparırdılar. Sonunda biz məqsədimizə nail olduq”.

Hadisələri müşahidə etmiş İran ermənisi Maqsud Mehriyan isə Qaradağlıdan yazarkən bunları xatırlayır: "Azərbaycan torpaqlarında müharibə idi. Bu müharibə planlarında mən iştirak etmirdim. Qoy bunu tarixçilər, siyasətçilər araşdırsınlar. Mən ədəbiyyatçıyam. Mənşəcə də erməniyəm. Azərbaycanlılar vuruşurdular. Onlar vuruşduqca cəsarət və hünərlərinə həsəd aparırdım. Mən ölən, qan içində boğulan azərbaycanlıları gördükcə, qorxurdum. Qan içindən çıxan, qan içindən dirilib gələn azərbaycanlıdan qorxurdum. Nəticədə Qaradağlını tərk etdim. Bir daha o yerlərə getməyəcəyimə söz verdim...”.

Dəhşətli qətliam, dəhşətli işgəncə...

Qaradağlı soyqırımını araşdıran tarixçi-alim Məhərrəm Zülfüqarlı bu faciənin dəhşətli bir qətliam olduğunu deyib. O, kitabında bunlar haqqında, hadisələrin necə baş verdiyini yazdığını qeyd edib: "Vətəni olmayan dünyadakı üç etnosdan biri ermənilərdir ki, gəlib Azərbaycanın tarixi torpaqlarında məskən salıblar. Sonra isə məskunlaşdıqları türklərin ərazisində zaman-zaman türklərə qarşı soyqırım siyasətini həyata keçirməklə məşğul olublar. Bu soyqırım, işğalçılıq siyasəti bu gün də davam edir. Qaradağlı faciəsi də ermənilərin törətdikləri ən böyük soyqırımlarından biridir. Ermənilər demək olar ki, Qaradağlı kəndinin, bir kəndin əhalisini məhv ediblər. Qadın, qoca, uşaq demədən çox dəhşətli işgəncələrlə Qaradağlı sakinlərini soyqırıma məruz qoyublar. Əsir götürdükləri kənd əhlinə çox dəhşətli işgəncələr veriblər. Bu işgəncələrlə bağlı sağ qalmış azsaylı qaradağlılar danışıblar. Onların dediklərini oxuyanda insanın tükləri qalxır”. M.Zülfüqarlı bildirir ki, bütün dünya ictimaiyyəti Qaradağlı faciəsi ilə maraqlansalar, ermənilərin işğalçılıqlarını necə barbar, vəhşicəsinə yerinə yetirdiklərinin şahidi ola bilərlər: "Kifayət qədər Qaradağlı faciəsi ilə bağlı materiallar var. Onları dünya ictimaiyyətinin davamlı olaraq diqqətinə çatdırmalıyıq”.

"Serj Sarkisyan başda olmaqla Dağlıq Qarabağın separatçı rejiminə rəhbərlik edənlər soyqırımları törətmiş insanlardır”

Ermənilərin 1990-cı illərdə törətdiyi soyqırımların şahidi olan millət vəkili Elman Məmmədov deyir ki, tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan ermənilər xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər: "26 il öncə Xocalıda, Qaradağlıda soyqırımlar törətməklə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurdular. Xocalıda, Xankəndində, Qaradağlıda, ətraf kənd və qəsəbələrdə, 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciələr hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını yaşamışam. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Qarabağdan, doğma yurdumuzdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən dəhşətləri yenidən xatırlayıram. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir”.

Deputat vurğulayıb ki, Xocalı soyqırımı da, Qaradağlı faciəsi də, ermənilərin Qarabağın bütün bölgələrində törətdiyi digər qətliamlar da bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdəndir: "Ötən illər ərzində düşmənin həyata keçirdiyi soyqırım siyasətinin dünyada tanınması istiqamətində ardıcıl tədbirlər görülüb. Biz çalışmalıyıq ki, bizə qarşı həyata keçirilən qətliamlar dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün hüquqi və siyasi qiymətini alsın. Həmçinin erməni cəlladları törətdikləri cinayətlərə görə, cəzalandırılsınlar. 

Bu gün o dəhşətli əməlləri, qətliamları həyata keçirmiş cinayətkarların içərisində böyük bir dəstə Ermənistana rəhbərlik edən şəxslərdir. Serj Sarkisyan başda olmaqla Dağlıq Qarabağın separatçı rejiminə rəhbərlik edənlər Xocalı, Qaradağlı kimi soyqırımları törətmiş insanlardır. Biz bu cinayətkarların cəzalandırılması istiqamətində işimizi aparmalıyıq. Dövlət rəhbərliyi, cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva soyqırımlarımızın dünyada tanıdılmasında böyük əmək sərf ediblər, edirlər. Amma bu həmçinin ümumxalq məsələsidir. Hər bir azərbaycanlı ermənilərin başımıza gətirdiyi fəlakətlərin, qətliamların dünyada tanıdılması işində iştirak etməlidir. Bununla da, hər birimiz bu soyqırımların tanıdılması, ermənilərin iç üzünün açılması üçün çalışmalıyıq”.

Bu il də Qaradağlı faciəsinin 26-cı ildönümü yad edildi, faciədə həlak olan şəhidlər anıldı. Amma bu, yetərli deyil. Ekspertlərin də, Qaradağlı sakinlərinin də dediyi kimi, ümumxalq olaraq faciələrimizi, işğalçıların bizə etdikləri zülmləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu faciələrə beynəlxalq məhkəmələrdə hüquqi qiymət verilməsinə nail olmalıyıq.

Anar Bayramoğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.