Qardaşı Suriyada öldürülən azərbaycanlı son söz deyəcək





Avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Musavat.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilməli olan proses təqsirləndirilən şəxslərin vəkillərinin prosesə gəlməməsi səbəbindən təxirə düşüb.
Hakim təqsirləndirilən hər iki şəxsin növbəti məhkəmə prosesində son söz deyəcəklərini və buna hazır olmalarını tələb edib.
Məhkəmə prosesi sentyabrın 2-nə təyin olunub.
Xatırladaq ki, son prosesdə dövlət ittihamçısı çıxış edərək hər iki təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, R.Ağcabəyov və M.Vladimir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində həbs ediliblər. İttiham aktına əsasən, hər iki şəxs 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti (İŞİD)”, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı ləğv edilən MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Xatırladaq ki, Xaçmaz rayonunda anadan olan R.Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada gedən döyüşlər zamanı öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.