Qardaşların “namus” cinayəti...

Bacısına “göz verib, işıq verməyən” kişiləri cəmiyyət qınamalıdır
Sevinc El-sevər: “Biz oğlan övladlarını qadını, bacısını qorumaq ruhunda böyütmək istədikcə vəziyyət ifrat dərəcəyə çatır”


Bir çox dünya ölkələrindən fərqli olaraq, kriminal hadisələrin az olması baxımından Azərbaycan nümunəvi əhəmiyyət daşıyır. Buna baxmayaraq, ölkəmizdə də qətl və cinayətlərə, qadın hüquqlarının ciddi pozulmasına rast gəlinir. Mətbuatın işıqlandırdığı bu mənfi olayların içərisində elələri olur ki, insan dəhşətə gəlir. Elə bu günlərdə Bakının Nərimanov rayonunda baş verən qətl hadisəsi də bu qəbildəndir.

Belə ki, mayın 26-da Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Faiq Yusifov küçəsi 42 ünvanında yaşayan Emin Çobanov qətl hadisəsi törədib. Dəhşətlisi budur ki, həmin şəxsin bıçaqlayaraq öldürdüyü Rübabə adlı qadın onun öz bacısı olub. Cinayətin tez-tez rastlaşdığımız qısqanclıq zəminində olması ehtimal olunur. Bu qətllə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Ümumilikdə qısqanclıq səbəbindən baş verən ailə cinayətləri - qardaşın bacını, atanın qızını, kişinin öz həyat yoldaşını qətlə yetirməsi kimi hallar cəmiyyətdə birmənalı qarşılanmır.

Oxşar əsaslarla baş verən "namus” cinayətləri cəmiyyətdə ailə institutunun və tərbiyənin, xüsusilə, qardaş-bacı münasibətlərinin daha geniş müzakirəsinə səbəb olur. İctimaiyyət nümayəndələri, hüquq müdafiəçiləri bu kimi hadisələri dəfələrlə qınasalar da gözlənilən nəticəni vermir desək, yanılmarıq.

Elə "Şərq”in həmsöhbəti, əsərlərində və şeirlərində maarifçiliyi təbliğ edən, mentalitetin mənfi xüsusiyyətlərini qınaq obyektinə çevirən şairə Sevinc El-sevər də qadına ikinci cins kimi baxılmasını cəmiyyətin özünün qınamalı olduğunu deyir. Şərq ölkələrinin çoxunda tarixdən qalan qadına mənfi münasibət motivinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirilməsinin vacibliyini qeyd edən xanım şairə qonşu Türkiyədə son zamanlarda bunun üçün geniş maarifləndirmə tədbirlərinin olduğunu xatırladıb: "Qısqanclıq zəminində törədilən cinayətlər qardaş bacı arasında olmamalıdır. İndiyə qədər maarifçilərimiz və ictimaiyyət nümayəndələri, yazıçılar çox yazıblar bu barədə. Mən özüm də dəfələrlə bu düşüncəni tənqid etmişəm. Lakin yenə də istənilən nəticəni ala bilmədiyimizi düşünürəm. Düzdür, cəmiyyət özü-özünü tənqid edərsə, zamanla müəyyən inkişaf ola bilər. Amma təəssüf ki, təcrübə insanların təfəkküründə qalan bu əski fikirlərin yoluna qoyulması üçün maarifləndirmələrin kifayət etmədiyini sübut edir”.

Sevinc El-sevər tərbiyənin və qardaş bacı arasındakı münasibətin düzgün qurulmasının ailədən formalaşdığını əsas götürür. Övladların biri-biri ilə əlaqələrinin düzgün qurulması üçün valideynlərin buna ciddi yanaşmasını tövsiyə edən şairənin sözlərinə görə, cəmiyyətimizdə kişinin üstünlüyü, qardaşın bacı üzərində ağalığı, qadına ikinci cins kimi baxılması müəyyən qədər öz günahımızdır: "Biz oğlan övladlarını qadını, bacısını qorumaq ruhunda böyütmək istədikcə vəziyyət ifrat dərəcəyə çatır. Ailədə böyük qardaş artıq bacısını qorumaqdan çox onu cəzalandırmağa, "göz verib, işıq verməməyə” yönəlir. Bu da əlbəttə ki, sonda belə cinayətlərlə nəticələnə bilir. Hətta "namus cinayəti”nə görə həbsxanaya düşən insanlara orada xüsusi hörmət edilir. Bu insanlar, belə desək bununla fəxr edir. Bu, sadəcə faciədir. Nə qədər acı olsa da, fərdi şəkildə mən bir şeyi müşahidə etmişəm ki, "qılınc müsəlman” ifadəsi müəyyən qədər özünü doğruldur. Yəni cəmiyyətdəki mənfi situasiyaları düzəltmək üçün artıq insanların maarifçiliyə qaçması istənilən, sürətli nəticəni vermir. Bu sahədə ümid ancaq qanunun ciddiləşdirilməsinə qalır. Bəlkə qanun nəsə edə bilər”.

Aysel Aslan