Kamran Əsədov: “Axı onlar imtahanda iştirak edən hər bir iddiaçıya ayrıca sual kitabçası tərtib etmirlər”
Qəbul imtahanının qiyməti 7 manatdan çox olmamalıdır
25 manat istəyirlərsə, bu pulları hara xərcləyəcəklər?
Kamran Əsədov: “Axı onlar imtahanda iştirak edən hər bir iddiaçıya ayrıca sual kitabçası tərtib etmirlər”
Kamran Əsədov: “Axı onlar imtahanda iştirak edən hər bir iddiaçıya ayrıca sual kitabçası tərtib etmirlər”
Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Tarif (qiymət) Şurası test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib dövlət başçısına məlumat verməlidir.
Qeyd edək ki, hər il minlərlə gənc imtahanda iştirak etmək üçün sənəd verir. Sənəd verənlər arasında maliyyə durumu ağır və orta dərəcədə olan ailələr var. İlkin olaraq 25 manat təklif olundu. Ancaq 25 manat kifayət qədər böyük rəqəm olduğu üçün ciddi narazılıqla qarşılandı.
Bəs görəsən, ekspertlər bu barədə nə düşünür? Test imtahanında iştirak üçün ödəniləcək məbləğ təxminən hansı həcmdə olmalıdır ki, maddi durumu ağır olan ailələrin övladları da imtahanda iştirak etsin?
Məsələ ilə bağlı "Şərq”ə geniş açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu günə qədər cəmiyyətdə yanlış olaraq belə bir fikir formalaşmışdı ki, indiyə qədər keçirilən qəbul imtahanları ödənişsiz əsaslarla həyata keçirilirdi, bundan sonra isə ödənişli əsaslarla olacaq:
"Xeyr, bu belə deyil. Buraxılış imtahanları istisna olmaqla, TQDK tərəfindən təhsilin istənilən pilləsi üzrə keçirilən qəbul imtahanları ödənişli - pullu olub. İmtahanlarda iştirak edən iddiaçı xidmət haqqı ödədikdən sonra iştirak hüququ əldə edib. Sadəcə olaraq, bu ilə qədər TQDK-ya dövlət büdcəsinin vəsaiti ilə maliyyə dəstəyi olurdu. Bu məbləğ il ərzində beş milyon manat təşkil edirdi. TQDK ləğv olunub Hüquqi şəxsə çevrildikdən sonra bu quruma dövlət tərəfindən verilən vəsait dayandı. Bu ildən etibarən isə DİM özü göstərdiyi xidmətlərə görə öz maliyyələşdirilməsini həyata keçirəcək. Bu qurumun hazırda yeganə gəlir mənbəyi təhsilin müxtəlif pillələri üzrə sınaq və qəbul imtahanlarını keçirməklə əldə edəcəyi vəsait olacaq. Hesab edirəm ki, məhz bu ildən etibarən qəbul imtahanlarının iki mərhələdə keçirilməsini zəruri edən halların başında bu gəlir. Nəzərə alsaq ki, hər il bakalavr, magistr və rezidenturaya qəbul imtahanlarında həmçinin bu pillələr üzrə sınaq imtahanlarında 150 mindən çox insan iştirak edir, məhz bu imtahanları iki dəfə etməklə gəliri iki dəfə çoxaltmaq mümkündür.
Dövlət İmtahan Mərkəzi sınaq və imtahanların qiymətini ciddi şəkildə artırsa, nəzərdə tutulan kimi gəlir əldə edə bilməyəcək, əksinə, ciddi şəkildə maliyyə itkisi ilə qarşılaşa bilər. Bunu statistik göstəricilər deyir.
İndiyə qədər imtahanlarda iştirak edənlərin sayına diqqət yetirəndə bunu görmək mümkündür. 2014/2015 tədris ilində orta məktəbdə buraxılış imtahanlarının və qəbul imtahanlarının araşdırılması nəticəsində müəyyən olunub ki, abituriyentlərin 64,7 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıblar ki, bu da əslində qeyri-məqbul ("2”) deməkdir. TQDK ümid edir ki, bu qədər insan yenidən onların ictimaiyyətə eşitdirdiyi 25 manatı ödəyib imtahana girəcəklər, bu, yanlışdır. Onsuz da onlar bilirlər ki, yüksək bal toplamayacaqlar, daha boşuna niyə 25 manat pul ödəsinlər?
- Hesab edirsiniz ki, zəif oxuyan və imtahanda aşağı bal toplayacağına əmin olan abituriyentlər 25 manat ödəməyəcək?
- Əlbəttə ki, yox. Əgər həqiqətən də imtahan qiymətlərini 25 manat müəyyən edərsə, DİM gəlirlərlə bağlı gözləntilərinin tam əksi ilə qarşılaşacaq.
TQDK (DİM) səbəb olaraq imtahana böyük məbləğdə xərc çəkdiyini iddia edir. Amma həmin pullar nəyə xərclənir? Bax, bu bəlli deyil. Düzdür, son qəbul ilində qəbul prosesində ümumilikdə, respublikanın ümumi təhsil müəssisələrinin 11724 nəfər müəllimi nəzarətçi, ayrı-ayrı dövlət strukturlarından 800 nəfərdən çox mütəxəssis isə imtahan rəhbəri qismində iştirak edib. Xüsusi Dövlət Mühafizə Xidmətinin çoxsaylı əməkdaşları imtahan prosesinin təhlükəsizliyini yüksək səviyyədə təmin ediblər. Daxili İşlər Nazirliyi, "Azərbaycan Hava Yolları” Dövlət Konserni, Səhiyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşəkarlığı imtahanların mütəşəkkil keçirilməsində mühüm rol oynayıblar. Amma bunların arasında yalnız nəzarətçilərə pul ödənir. Digərləri xidməti vəzifəsini yerinə yetirir.
10 il bundan əvvəl TQDK (DİM) sınaq və qəbul imtahanlarına daha çox xərc çəkə bilərdi. O vaxtı abituriyentlərə bütün xidmət kağız daşıyıcılarla edilirdi. Ancaq indi bütün proses elektron qaydada həyata keçirilir. Elektron ərizə qəbulundan tutmuş, hər ixtisas qrupu üzrə qəbul imtahanı keçirildikdən sonra abituriyentlərin imtahan ballarının internet vasitəsilə əldə edilməsinə qədər bütün proseslər ödənişli olub və iddiaçı buna görə məbləğ ödəyib.
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində də iştirak etmək hüququ qazanmış abituriyentlər internet vasitəsilə ixtisas seçimi edirlər. Deməli, TQDK-nın xərcləri qeyd etdikləri qədər də böyük deyil.
- Bəs, Tarif Şurası məbləği nə qədər müəyyənləşdirməlidir?
- Nəzərinizə çatdırım ki, bu günə qədər keçirilən sınaq və qəbul imtahanlarının qiymətləri fərqli olub. Sınaq imtahanları 3 manat 54 qəpik, qəbul imtahanları isə 2 manat 54 qəpik olub. İndi bu rəqəm maksimum 7-8 manat ola bilər. TQDK (DİM) qeyd edir ki, bir sual kitabçası onlara 25 manata başa gəlir. Axı onlar imtahanda iştirak edən hər bir iddiaçıya ayrıca sual kitabçası tərtib etmirlər. Bu gün kifayət qədər kurslar qazanc əldə etmək üçün sınaq imtahanları keçirirlər. Onların qiyməti 7 manatdan artıq deyil. Onlar da TQDK (DİM)-nin xərcləri qədər maliyyə sərf edirlər. Bundan əlavə hələ növbəti 2 il ərzində də ənənəvi qaydada qəbul həyata keçiriləcək. Yeni test tapşırıqları da qəbul edilmir. Deməli, TQDK (DİM) test tapşırıqlarına vəsait sərf etməyəcək. Belə çıxır ki, indi müəyyən olunan qiymətlər 2 ildən sonra kurikulum əsasında qəbul aparılanda dəyişəcək?
Magistr pilləsi üçün imtahan qiyməti isə 10-15 manatdan baha ola bilməz.
Ənənəvi test tapşırıqlarının yoxlanılmasına da o qədər vəsait sərf edilmir. Bundan başqa imtahan nəticələrinin öyrənilməsi ilə də bağlı xərclər var. SMS qiymətləri. Hesab edirəm ki, bu da 50 qəpikdən çox ola bilməz.
- Yuxarıda qeyd etdiniz ki, zəif oxuyan uşaqlar ödənişli imtahanda iştirak etməkdə maraqlı olmayacaq. Belə çıxır ki, bu qərar ali məktəblərə qəbul prosesinə də təsir edəcək?
- Bilirsiz, hazırda Azərbaycanda 36 dövlət və 15 özəl ali məktəb vardır. Azərbaycanda yalnız dövlət universitetlərinə deyil, özəl universitetlərə də hər il hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Lakin xaricdə tamamilə bunun əksidir. Dövlət universitetləri istisna olmaqla, özəl universitetlər nə qədər tələbə qəbul edəcəklərini özləri müəyyən edirlər. Xaricdə daha bir üstünlük bundan ibarətdir ki, orada yaxşı təhsil verən özəl universitetə köməklik göstərilir. Lakin bizdə əksinə, yaxşı təhsil verən özəl universitet sıxışdırılır. Bu da öz növbəsində təhsilin keyfiyyətini aşağı salır. Əgər imtahanda iştirak edənlərin sayı azalsa və müsabiqə şərtlərini ödəyən abituriyentlər yalnız dövlət universitetlərini seçsələr, özəl universitetləri böhran gözləyir.
- İmtahanların ödənişli olmasının təhsil sisteminə ümumi təsiri necə olacaq?
- Əvvəla onu deyim ki, bu ildən etibarən orta məktəblər tam şəkildə təmayülləşməyə keçir. Bu, regionlarda şagirdlərin 10-11-ci siniflərdə kütləvi şəkildə məktəblərdən yayınmasına və məhrum olmasına gətirib çıxaracaq. Bundan başqa yüksək qiymətlərlə sınaq və qəbul imtahanları keçirsək, bu da onların təhsilə cəlb olunmasına ciddi şəkildə maneə olacaq. Onsuz da, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ali təhsillilərin sayı o qədər də çox deyil.
Təhsil Nazirliyi Azərbaycanda ali təhsillilərin sayının artması istiqamətində iş apardığı halda orta məktəblərin təmayülləşməsi və sınaq qəbul imtahanlarının qiymətinin kəskin artması buna mənfi təsir edəcək. İnsanlar yüksək imtahan xərci və yüksək təhsil haqqı ödəyib Azərbaycanda oxumaqdansa, daha ucuz qiymətə xarici ölkələrə üz tutacaqlar.
Şəymən