Qəbul yox, oxumaq çətin olmalıdır

Ekspertlər qəbul imtahanlarının ildə üç dəfə aparılmasının tərəfdarıdır



"Facebook”da "Qəbul imtahanı ildə bir neçə dəfə keçirilsin” adlı kampaniya başlayıb. Azərbaycanda ali məktəbə qəbul imtahanlarının şərtlərinin stressli olduğunu düşünən bir qrup şəxs hesab edir ki, ali məktəblərə qəbul imtahanlarından sonra abituriyentlərin intihar cəhdinin qarşısının alınması üçün mütləq imtahanların formatında müəyyən dəyişikliklər edilməlidir.

Azərbaycanda ali məktəbə qəbul imtahanının Qərb ölkələrindən fərqli olaraq ildə bircə dəfə keçirildiyini vurğulayan kampaniya üzvləri iddia edir ki, ali məktəblərə qəbul imtahanları ləğv olunsa, orada oxumaq istəyənlərin sayı yarıbayarı azalacaq və abituriyentlərin üzərindəki məsuliyyət götürüləcək.

Universitetə qəbul yox, orda oxumaq çətin olmalıdır

Tarixçi-alim Altay Göyüşov da hesab edir ki, Azərbaycanda da xarici ölkələrdə olduğu kimi təhsil almaq stimullaşdırılmalı və universitetə qəbul ildə bir neçə dəfə aparılmalıdır: "Qəbul imtahanının qaydalarını dəyişmək və imtahanı ildə üç dəfə keçirmək olar. Bu, mütləq həyata keçirilməlidir. Bir günə bu qədər stressə salmaq nəticələrə təsir edir. İnsanın imtahan günü halı pisləşə bilər və s. Elə olur ki, abituriyent qaralamada doğru yazır, ağlamaya köçürəndə səhv edir. Xüsusilə də oğlanlar üçün çətindir. Onlar əsgər gedəcəklərsə, daha çox həyəcan keçirirlər. Bu

çox böyük bir iş deyil - qaydaları dəyişmək olar və imtahanı ildə üç dəfə keçirmək olar. Bu, mütləq həyata keçirilməlidir. Niyə bu işi uzadırlar, başa düşmürəm.

Təhsilin özü daha çətin olmalıdır, nəinki qəbul olunmaq. Bizdə isə indi tərsinədir. Uşaq üçün universitetə qəbul olunmaq yox, oxumaq daha çətin olmalıdır. Bu sıxma-boğma keyfiyyətə təsir etməkdir”.

A.Göyüşov deyib ki, məqsəd təhsil verməkdirsə, onda cəmiyyət gəncə qucaq açmalı, hər kəsə imkan yaratmalıdır.

Universitet nə qədər əlçatan olsa, o qədər yaxşı olar

Təhsil eksperti Rəşad Əliyev də hesab edir ki, imtahanların ildə bir neçə dəfə keçirilməsi ona mütləq və qeyri-sağlam münasibəti aradan qaldırardı: "Cəmiyyətimiz müəyyən qədər mühakiməyə meyillidir və bu baxımdan imtahana girərkən gənclərimizin əsas narahatçılıqlarından biri məhz odur ki, bu imtahanda əldə edəcəkləri nəticələr onların həm yoldaşları ilə, həm də qohum-qonşuda olan digər gənclərlə müqayisə, bir çox hallarda isə mühakimə edilməsi üçün istifadə olunacaq. Bu mənada qəbul imtahanlarının ildə cəmi bir dəfə keçirilməsi onun əhəmiyyətini həddindən artıq şişirdir. Bir halda ki, ali məktəblərimizdə "Boloniya sistemi” və onun əsas elementlərindən biri olan kredit sistemi tətbiq edilir, nəyə görə ali məktəblərimiz "Boloniya sistemi”nə qoşulmuş digər ölkələrin ali məktəbləri kimi ildə iki dəfə deyil, bir dəfə qəbul keçirir?”.

Psixoloq Dəyanət Rzayev isə ali məktəblərə qəbul imtahanlarının ləğv olunmasının tərəfdarıdır: "İmtahanlar yığışdırılmalıdır. Universitet nə qədər əlçatan olsa, o qədər yaxşı olar. İmtahanlar yığışdırılsa, orada oxumaq istəyənlərin sayı yarıbayarı azalacaq. İnsanlar oxumaq istəməyəcək. Düşünəcəklər ki, nə vaxt istəsəm, gedib oxuyaram. Ali məktəblərə artıq həqiqətən həmin peşəni istəyən insanlar gedəcəklər. Daha kodlaşdırma ilə, sadəcə universitet oxumaq xətrinə hansı peşə oldu, oxumayacaqlar. Uşaqlıqdan meyli olduğu yerlərə gedəcəklər. Bu da abituriyentlərin intiharının qarşısını ala biləcək”.

... kim hansı ali məktəbdə oxumaq istəyir, pulunu verib oxuyur

"Xəzər” Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı da hər zaman qəbul imtahanlarının ildə bir dəfə, həm də bu qədər stressli və gərgin keçirilməsinin əleyhinə olduğunu vurğulayıb: "Bu qədər gərgin imtahan prosesində kifayət qədər istedadı və biliyi olan uşaqların da qəbul imtahanında zəif nəticə göstərməsi mümkündür. Amma belə olan halda bizdə oxumayan uşaqla ona heç bir fərq qoyulmur. Halbuki həmin imtahan günü o xəstə ola, stressdən həyəcanlana bilər. Bütün bunlara səbəb olmamaq üçün də qəbul imtahanlarının ildə bir neçə dəfə keçirilməsini müsbət təklif kimi qiymətləndirirəm. Amma prinsip etibarı ilə bu təcrübənin Azərbaycanda tətbiq edilməsi bir qədər mürəkkəbdir. Çünki qəbul imtahanları çox çətin bir prosesdir. Bir imtahanın təşkili üçün uzun müddət çalışmaq, insan qüvvəsi toplamaq lazımdır”.

H.İsaxanlının sözlərinə görə, Azərbaycanda təhsili stimullaşdırmaq üçün dünyada yayılmış bir praktikadan istifadə etmək olar. Yəni ki, qəbul imtahanlarının formatı nisbətən yüngülləşdirilməli, bu cür sərt qaydalarla keçirilməməlidir: "Qəbul imtahanları ali məktəblərə qəbul üçün yox, dövlət ödənişi ilə oxumaq istəyən insanlar arasında keçirilməlidir. Yəni ki, dövlət bir il ərzində 20 min yüksək bal toplayan abituriyentin təhsil haqqını ödəyəcəyini elan edir, qalan halda isə kim hansı ali məktəbdə oxumaq istəyir, pulunu verib oxuyur. 18 yaşlı bir gəncin öz gələcəyini sırf qəbul imtahanlarının nəticələrinə görə müəyyən etməsi düzgün deyil. Ali təhsil almaq vacibdir, amma bu o demək deyil ki, imtahandan keçə bilməyən gənclər öz həyatlarını bitmiş hesab etməlidir. Gəncləri qəbul imtahanı stressindən çıxarmağın ən yaxşı yolu bütün sivil ölkələrdə olduğu kimi imtahan formatını yüngülləşdirməkdir. İmtahanı yaxşı verən abituriyentlər dövlət hesabına, oxumaq istəyən digər insanlar isə müxtəlif ali məktəblərə müraciət edərək öz hesablarına oxuyurlar”.

Bəzi ölkələrdə qəbul imtahanları ilə buraxılış imtahanlarının birləşdirilməsi təcrübəsindən istifadə edildiyini vurğulayan H.İsaxanlı deyib ki, bu prosesin də indiki şərtlər daxilində Azərbaycanda özünü doğrultması real deyil: "Belə olan təqdirdə dövlət hansı tələbənin ödənişli, hansı tələbənin dövlət vəsaiti hesabına təhsil alacağını müəyyən etməkdə xeyli çətinliklərlə üzləşəcək. Azərbaycanın orta ümumtəhsil məktəblərində attestat qiymətlərin şəffaflığına zəmanət də yoxdur ki, məktəbi yüksək qiymətlə bitirən uşaqlar üçün ödənişsiz təhsil müəyyən edilsin”.

Anlaşılan məsələ deyil, necə yəni, kimsə imtahandan kəsilib və intihar edib?

Təhsil eksperti Etibar Əliyev isə yeni sistemə keçid tipli təklifləri düzgün hesab etmir: "10 minə yaxın abituriyent qəbul imtahanında iştirak edib. Sovet vaxtı da müvafiq bal toplaya bilməyən abituriyent çıxış yolunu intiharda görürdü. Psixoloqlar, xüsusi ilə psixoterapevtlər intihar edənlərin sağlamlıq durumu ilə bağlı rəy verməlidirlər. Anlaşılan məsələ deyil, necə yəni, kimsə imtahandan kəsilib və intihar edib? Sovet təhsilində 8 il ali məktəbə imtahan verib kəsilənlər olub. O zaman da hər bir abituriyentdə bir fikir formalaşmışdı ki, həkim, yaxud da müəllim olacaq. Bu intiharlar fərdi haldır. Mənə elə gəlir ki, bu məsələdə imtahan prosesini lənətləmək olmaz, yaxud da yeni sistemə keçid kimi təkliflər düzgün deyil”.

E.Əliyev Qərb təhsil sistemi ilə bağlı da fikirlərini bildirib: "Qərb sistemi elədir ki, şagirdlər ancaq orta məktəb qiymətləri əsasında ali məktəbə daxil olurlar. Bu sistemi təkmilləşdirmək mürəkkəb məsələdir. Əlbəttə, intihar halları baş verməməliydi, amma istisnalar hər zaman var. Oxuyub, yüksək bal toplayaydı”.

Şəymən