Ağa Zeynalov: "Saakaşvili prezidentliyə ambisiyasının olmadığını vurğulayıb. Sual ortaya çıxır ki, ambisiyan yoxdursa, necə partiya yaradıb, onun başına keçirsən, prezidentə impiçment tələb edirsən?"
"Saakaşvilinin məqsədi millətin səsini qazanmaq, təkidlə xilaskar kimi çağırılmaqdır"
"Həm Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili, həm də Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko Qərb tərəfindən dəstəklənirdi”.
Bu sözləri "Sherg.az”a Qərbi Kaspi Universitetinin Tətbiqi Poliotologiya Mərkəzinin eksperti Ağa Zeynalov söyləyib. O vurğulayıb ki, son olaylar Qərbin seçim qarşısında qaldığını göstərir:
"İndiki zamanda Ukraynadakı durum onu göstərir ki, P.Poroşenkonun mövqeləri getdikcə zəifləyir. Söhbət ondan gedir ki, insanlar prezidentə inamını itirib. Saakaşvili isə Odessaya mer gəldikdən sonra bu şəhərdəki vəziyyət xeyli düzəldi. Odessa Ukraynanın "döyünən ürəyidir”. Üstəlik, Krımın işğalından sonra yeganə dəniz və istirahət zonası Odessa oldu. Ora M.Saakaşvilidən əvvəl sovet dövründən qalma kriminal şəhər kimi tanınırdı. Saakaşvili gəldikdən sonra kriminalı azaltdı, polislərə gücünü, dəstəyini verdi, vergi, gömrük islahatları həyata keçirdi. Bu da Poroşenkonun kriminal dəstəsinə sərf etmirdi. Kriminal üzərində qurulmuş dövlət Poroşenkonun özünə sərf edirdi.
Saakaşvilinin tutulması, məhkəmə qarşısında cavab verməsi, azadlığa çıxması sübut etdi ki, Qərb artıq Poroşenkonun impiçmentini hazırlayıb. Saakaşvili azad olduqdan sonra jurnalistlərə açıqlamasında prezidentliyə ambisiyasının olmadığını vurğuladı. Buradan sual ortaya çıxır ki, ambisiyan yoxdursa, necə partiya yaradıb, onun başına keçirsən, prezidentə impiçment tələb edirsən? Onun məqsədi millətin səsini qazanmaq, təkidlə xilaskar kimi çağırılmaqdır. Siyasi zəmin elədir ki, hər zaman vəziyyət dəyişə bilər. Ukraynadakı hazırkı vəziyyət buna ehtimal verir”.
Saakaşvilinin prezident olması ehtimalına da toxunan A.Zeynalovun sözlərinə görə, tarixdə ambisiyası olmadan siyasi hakimiyyətə gələn liderlər var:
"Ukrayna vətəndaşlarının əksəriyyəti Saakaşvilini dəstəkləyir. Çünki həqiqətən Poroşenkonun ən böyük səhvi onu vətəndaşlıqdan məhrum etmək oldu. Xüsusilə, həbs olunmasından sonra onun nüfuzu daha da artdı. Saakaşvili bu tezisi istifadə edərək, təzyiqləri, dövlətin basqısını üzərindən uzaqlaşdırıb, prezident kürsüsünə əyləşə bilər. Amma siyasət hər zaman dəyişə bilər”.
Qeyd edək ki, Gürcüstanın eks prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili prezident Petro Poroşenkonun ona Baş Nazir postu təklif etdiyini bildirib. Saakaşvili prezidentlik ambisiyasının olmadığını da vurğulayıb: "Mən Ukraynada normal hökumətin formalaşmasına görə məsuliyyəti öz üzərimə götürməyə hazıram. Heç vaxt prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm. Düşünürəm ki, Ukrayna prezidenti milliyyətcə ukraynalı olmalı, burada dünyaya gəlib, böyümüş insan olmalıdır”.
Aysel Aslan