“Qəzet kağızının gömrük rüsumundan azad edilməsi təqdirəlayiqdir”

Akif Aşırlı: “Bu, çap mediasının fəaliyyətinə müsbət təsir göstərəcək”





Gələn ilin ilk ayından etibarən Azərbaycana idxal edilən qəzet kağızı dövlət rüsumundan azad ediləcək.

Qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının durumunu qismən də olsa yaxşılaşdıra bilərmi?

Moderator.az-a açıqlama verən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu yeniliyin təqdirəlayiq olduğunu vurğuladı:

"Təbii ki, bu yenilik çap mediasının mövcud durumuna öz töhfəsini verəcək. Qəzet kağızının gömrük rüsumundan azad edilməsi hər zaman diqqət mərkəzində saxladığımız məsələ olub. Biz bununla bağlı bir qrup qəzet redaktoru olaraq ölkə başçısına müraciət etmişdik. Həmin müraciətdə də bildirmişdik ki, qəzet kağızının qiyməti yüksəkdir. Bu, Türkiyə və Rusiya ilə müqayisədə də özünü göstərirdi. Çünki birdən-birə kağızın qiyməti 35-40% qalxmışdı.

Hesab edirik ki, qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının fəaliyyətində müsbət yeniliyə səbəb olacaq. Çünki bizim yaradıcılıq məhsulumuz kağızda görünür, oxuculara kağızda təqdim olunur. Bu baxımdan sözügedən yeniliyin müsbət nəticələrə səbəb olacağı düşünür və bu qərarı alqışlayırıq”.