Qəzet kağızının qiymətində endirim olacaq

Media kapitanları, ekspertlər son qərarı yüksək qiymətləndirirlər




Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad edilib. Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayacaq. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub.

Rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, deşilməmiş kartlar və deşilməmiş kağız lentlər, əllə tökülmüş kağız və karton üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb. Bəs, media nümayəndələri bu qərarı necə dəyərləndirir? Görəsən, qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının durumunu qismən də olsa yaxşılaşdıra bilərmi?
Məsələ ilə bağlı münasibət bildirən "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, bununla bağlı Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə müraciət edib:
"Çox sevinirik ki, hər zaman olduğu kimi ölkə mətbuatının problemlərinə həssas yanaşılır. Prezident İlham Əliyev bu dəfə də mətbuatı nəzərə aldı. Bu qərar indiki çətin iqtisadi durumda çap mətbuatına bir qədər kömək olacaq”.

MŞ-nin bilavasitə iştirakı ilə imzalanan, KİV, qəzet baş redaktorlarının dövlət başçısına ünvanladığı müraciəti xatırladan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələyə diqqətlə yanaşılmasını təqdir edib:

"Bu, tək qəzetlər üçün deyil, eyni zamanda ölkədə nəşriyyat və poliqrafiya sahəsində çalışan insanlar üçün də əhəmiyyət kəsb edir. Yəni burada söhbət təkcə qəzetlərdən getmir. Eyni zamanda, hesab edirəm ki, bu qərar qəzetlərin yükünü kifayət qədər azaldacaq. Məlum olduğu kimi, qəzetçiliyin inkişafı üçün böyük vəsait tələb olunur. Bu aspektdən qəbul olunan qərarı, şübhəsiz, Azərbaycan dövlətinin mediaya, xüsusən də mətbuatın klassik siması olan qəzetçiliyə növbəti dəstəyi kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu, qəzetlərin maddi durumuna müsbət təsir göstərəcək”.
Qəzet kağızının gömrük rüsumundan azad edilməsinin kifayət qədər ciddi məsələ olduğunu vurğulayan Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ) Müşfiq Ələsgərli də Mətbuat Şurasının sədrinin parlamentdəki çıxışlarında bu mövzuya dəfələrlə toxunduğunu deyib: "Məsələ ondadır ki, ölkəyə idxal edilən qəzet kağızına tətbiq edilən vergi və rüsumlar dövlət büdcəsinə iri həcmdə, diqqət çəkən səviyyədə gəlir vermir. Belə deyək ki, qəzet kağızına tətbiq edilən vergi və rüsumlar Azərbaycan büdcəsi üçan "qəpik-quruşdur”. Amma əksinə, həmin "xırda vəsait” çap media üçün həyati əhəmiyyət daşıyır. Çap mediası üçün nəzərdə tutulan hər bir manat ölkənin informasiya məkanı üçün çox böyük faydadır.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, bu, gözlənilən və gərəkli qərardır. Baş redaktor vurğulayıb ki, ölkə başçısı illərdir, çap mətbuatına dövlət dəstəyini davam etdirir:

"Qəzet kağızının idxal rüsumlarından azad olunması onun qiymətinə böyük təsir göstərir. Əgər qəzet kağızının qiyməti aşağı düşəcəksə, çap tariflərinə də nəzərəçarpan dəyişikliyi göstərməlidir. Bütün mətbuatın mənafeyi naminə Prezidentin özündən asılı olan addımını yüksək dəyərləndirmək lazımdır. Məsələnin bundan sonrakı tərəfi isə nəşriyyatların ölkə başçısının qərarından nəticə çıxarmasından asılıdır. Nəşriyyat rəhbərləri ümumi mətbuatın inkişafı nöqteyi-nəzərdən, Prezidentin yanaşmasından lazımi nəticəni çıxaracaq, öz imkanları çərçivəsində qərarı davam etdirəcəklərsə, qəzet kağızlarının qiyməti xeyli aşağı düşə bilər. Fikrimcə, dövlət orqanları nəşriyyatların vəzifələrinin icrasına nə dərəcədə məsuliyyətlə yanaşmasına nəzarət etməli, monitorinq aparmalıdır. Əks halda nəşriyyat rəhbərləri variasiyalara imkan verə bilərlər. Məsələn, deyə bilərlər ki, biz əvvəl alınan kağızlardan istifadə etdiyimizə görə, tarifləri hələlik aşağı salmaq mümkün deyil və s. Nəşriyyatlar öz addımlarında qalsa, praktikada ölkə başçısının mühüm qərarının tətbiqi effektiv olmaz”.

İqtisadçı-ekspert, "Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı isə o fikirdədir ki, dövlət həmişə mətbuatın yaşaması, inkişafı üçün əlindən gələn hər şeyi edir. Qəzet kağızının da kömrük rüsumundan azad edilməsi bu istiqamətdə növbəti addımdır. Onun sözlərinə görə, bu qərarın qəzet jurnalların xərclərinin azalması ilə bağlı faydası olacaq və nəticədə onlar xeyli əlavə xərcdən azad olacaqlar: "Ola bilsin ki, qəzet və jurnalların qiymətlərinin azalması da mümkün olsun ki, bu da oxucuların onları daha rahat ala bilməsinə gətirib çıxara bilər.
Lakin təəssüflə deməliyəm ki, bu addım da qəzetləri böhrandan, oxucu azlığından xilas edə bilməyəcək. Çünki burada başqa problemlər var. Bu problem qəzetlərin özündədir. Onlar dövrün tələblərinə uyğun, peşəkar və yüksək səviyyəli fəaliyyət göstərməsələr, istəyir qəzet lap 10 qəpik olsun, heç kim onları almayacaq. Hər şeyi dövlətin üstünə atmaq olmaz. Qəzetlər onlar üçün edilmiş bu qədər güzəştin müqabilində özləri də addım atmalıdırlar və keyfiyyəti yüksəltməlidirlər.

Düzdür, burada problemin bir hissəsi də qəzetlərin özlərindən asılı deyil. İnternetin inkişafı print medianı bütün dünyada sıradan çıxarır. Lakin başqa ölkələrdə mətbuat hələ ki, müqavimət göstərə bilir öz keçmiş səviyyələrini nisbətən qoruya bilirlər. Bunu bizim mətbuat haqda demək olmaz. Dövlətin yardım və güzəştləri olmasa, bizim qəzetlər dərhal sıradan çıxar. Mübaliğəyə yol vermədən demək olar ki, bu gün bizdə mətbuat yalnız dövlətin çiyinlərində ayaq tutub dayana bilir.
Mən arzu edərdim ki, qəzet və jurnallar elə işləsin ki, onların "bu pulu verməyə dəyər” deyə düşünən oxucusu çox olsun. Onların satışdan və reklamdan gəlirləri çox olsun, onda əsl peşəkar mətbuat olar ortada və heç bir qüvvə onu sıradan çıxara bilməz. İnternet nə qədər inkişaf etsə də, hələ uzun müddət kitablara, qəzetlərə, jurnallara tələbat olacaq və olmalıdır. Bircə şərtlə ki, bu çap məhsulları səviyyəli materiallarla oxucuları cəlb edə bilsin”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də qəzet kağızının gömrük-idxal rüsumundan azad olunmasını müsbət qiymətləndirir. O hesab edir ki, minimal da olsa bu qərar çap mediasının xərcini azaldacaq:
"Ancaq çap mediasının gözləntisi əlavə dəyər vergisinin ləğvi ilə bağlıdır. Bu məsələ xeyli müddətdir müzakirə olunur və narahatlıq doğurur. Redaktorlar bununla bağlı ölkə başçısına müraciət də ünvanlayıblar, habelə məsələ parlamentdə də qaldırılıb, hörmətli Əflatun Amaşov bununla bağlı xahişlər edib. Bu baxımdan çap mediası gözləyirdi ki, kağız idxalı ƏDV-dən azad olunacaq, ancaq əvəzində 0,5 faizlik idxal rüsumunu qaldırdılar. Bu, cüzi bir azalmadır. Yəni hazırda qəzetin 1 tonu 1200 manatdırsa, 0,5 faizlik idxal gömrük rüsumundan azad edilmə cəmi 6 manat azalma deməkdir. Əgər 18 faizlik ƏDV ləğv olunarsa, bu, təxminən 216 manat azalma deməkdir. Bu baxımdan qəzetlərin büdcəsinə ciddi fayda ola biləcək məsələ ƏDV-nin ləğvidir. Ümid edirik ki, gömrük-idxal rüsumunun ləğvindən sonra qısa bir vaxtda ƏDV də aradan qaldırılacaq”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadənin sözlərinə görə, hazırda Azərbaycanda çap mediasının indiki durumu yumşaq desək, qibtəolunası deyil. Onlayn medianın sürətli inkişafı və öz ziyarətçi kontingentini məhz qəzet oxucuları hesabına genişləndirməsi qəzetlərin satışına, bununla da maddi vəziyyətlərinə təsirsiz ötüşməyib:

"Həmçinin reklam bazarının olmaması da qəzetlərin öz maddi dayanıqlıqlarını təmin etməyə imkan vermir. O baxımdan, qəzetlərin çap, maaş-qonorar və digər xərclərini nəzərə aldıqda, onların maddi vəziyyətinin ağırlığını təsəvvür etmək çətin deyil. Hətta KİV Fondunun qəzetlərə maddi dəstəyi olmasa, dövri nəşrlərin bir çoxunun mövcudluğu sual altına düşərdi.
Belə bir şəraitdə qəzet kağızının idxal rüsumundan azad edilməsi qəzetlərə öz xərclərinin bir hissəsinə qənaət etmək imkanı yaradacaq. Ona görə də, atılmış bu addım müsbət qiymətləndirilməlidir”.

(Davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb