Qisas alınacaq: Antalyada Lənkəranskinin adamları and içdi

“Bu qruplar arasındakı mübarizə mövqe və pul davasıdır”



"Ola bilsin ki, ölümündə Rövşənin özü günahkardır. O da mümkündür ki, onu günahkar çıxarsınlar”
Türkiyənin Antalya şəhərində azərbaycanlı mərhum kriminal aftoritet Rövşən Lənkəranskinin qətliylə bağlı "sxodka” keçirilib. Məlumata görə, "sxodka”da Lənkəranskiyə yaxınlığı ilə tanınan "oğru”lar iştirak edib. Görüş üçün Antalyanın seçilməsi də təsadüfi olmayıb. Çünki Lənkəranskinin ən yaxın dostu Merab Canqveladze (Merab Suxumski) İtaliyada həbsdən çıxandan sonra bu şəhərdə məskunlaşıb.

"Sxodka”da ondan başqa Merab Baxiya (Baxa-Baxa), Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Koba Axvlediani (Koba Suxumski) və Zurab Dqebuadze (Zura Zuqdidski) də qatılıb. "Sxodka” o qədər də uzun çəkməyib. Türkiyə polisinin hadisə yerinə gələcəyindən ehtiyat edən "oğrular” təcili qərar verərək and içib: Lənkəranskinin qisası alınmalıdır. Qeyd edək ki, hökmün kimə ünvanlandığı barədə məlumat verilmir. Bəlli olan budur ki, Antalyada məskunlaşan Merabdan başqa, adıçəkilən oğrular Türkiyəni tərk edərək Moskvaya qayıdıblar.

Məsələni dəyərləndirən Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov qeyd edib ki, bu qruplar arasındakı mübarizə mövqe və pul davasıdır: "Nəticə bir az ağır olub. Mübarizə dayanmayacaq. Sona kimi davam edəcək. Bu aləm ədalətli cəmiyyətdir. Həqiqət üzə çıxmayınca, məsələyə son qoyulan deyil. Ola bilsin ki, ölümündə Rövşənin özü günahkardır. O da mümkündür ki, onu günahkar çıxarsınlar. Amma ümumiyyətlə, bu işin sonuna çıxacaqlar. "Bunu kim edib? Nə üçün edib? Rövşənin günahı olubmu-olmayıbmı” kimi suallara cavab tapılacaq. Bütün bunlar üzə çıxacaq. Amma indi məsələ ətrafında müzakirələr yeni başlayıb. Hesab edirəm ki, məlum "sxodka”nın nəticəsi olacaq”.

Ekspert onu da əlavə edib ki, R.Lənkəranskinin yerinə yeni mövqe yaranmalıdır: "Yeni mövqe güclü olacaqsa, Rusiyadakı soydaşlarımızı müdafiə edə biləcək. Güclü olmayacaqsa, bu baş tutmayacaq. Burada söhbət pul məsələsidir. Yəni yeni adamın alacağı "haqq” Rövşənin tərəfdarlarına və yaxud da onu aradan götürənlərə çatacağı müəyyənləşməyib. Bu məsələ növbəti "sxodka”da həllini tapacaq”.

Ayyət Əhməd