Qisasın adı ZƏHRA olsun!

Bu şəkil yalnız ağlamaq üçün deyil
İctimai sahədə tanınanlar 2 yaşlı körpəni vuran düşməni lənətlədi

2 yaşlı Zəhranın ölümü qısa bir zamanda cəmiyyətdə ciddi rezonans yaradıb, ölkə ictimaiyyətini göz yaşlarına boğdu. Media, sosial şəbəkələr, QHT nümayəndələrinin böyük əksəriyyəti erməni vandalizminin qurbanı olan bu balaca qızcığaz haqqında ürək dağlayan sözlər yazıb, onun fotolarını paylaşdı.

Feysbukda, tviterdə hər kəs bir haştaq yaradıb, Azərbaycanın başına gətirilən bu amansız müsibəti dünya ictimaiyyətinə daşımağa səy göstərdi. Beynəlxalq "Change.org” saytı isə petisiya başladıb. Petisiyanın başladılmasında məqsəd azərbaycanlılara qarşı törədilmiş təxribatı dünyaya tanıtmaqdır.
Eyni zamanda sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti tərəfindən "Mən Zəhrayam! Dünən saat 20:40-da məni Serj Sarkisyan öldürdü.

"Mən əsgər deyildim” sözləri müxtəlif dillərə tərcümə edilərək paylaşıldı. Hər kəs Zəhranın fotolarını profil şəkli edib, atasının, anasının acısını bölüşdü.

Biz də Sherg.az olaraq ictimai sahədə tanınan bir neçə sosial şəbəkə istifadəçisinin ermənilərin təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra ilə bağlı paylaşımlarını yaydıq ki, internetə çıxışı olmayan oxucularımız ictimaiyyət üzvlərinin düşüncələri ilə tanış olsunlar!

Tanınmış telejurnalist Mir Şahin Ağayev də 2 yaşlı Zəhranın ermənilər tərəfindən vəhşicəsinə öldürülməsinə öz feysbuk səhifəsində münasibət bildirib: "2 yaşlı Zəhra dünya boyda böyüyə bilər. Amma bundan ötrü işləmək lazımdır. Zəhra öz kiçik canı ilə Azərbaycana hələ ki, yalnız öz bacardığı kimi işləyir. Bəs, bizim bacardığımız? Nüfuzsuz, yorucu, nitqi və duruşu ilə əsnək gətirən, hər gün gözlərimizi döyəcləyən boz propaqanda müqəvvalarına imkan vermək olmaz ki, belə təsirli faktı gözdən salsınlar! Bu müdhiş hadisə Cocuq Mərcanlı köçü ərəfəsində baş verdi! Cocuğumuzu vurdular...!!!”

Şair-publisist Elnur Astanbəyli isə yazıb ki, Zəhranı öldürən barbarizmin məqsədi həm də bizim səbrimizi zorlamaq, beləcə, bizi də insanlıqdan çıxarmaq, bizi də öz şəklinə salmaq, uşaq qatili olmağa sövq etməkdir.

"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov da öz səhifəsində "hamımız Zəhranın atası Elnuruq yazıb” və istiqlal şairimiz Əhməd Cavadın "Qızıma” şeirini paylaşaraq qeyd edib ki elə bil, lap Zəhra üçün yazılıb:


Qüdrətim olsaydı, yaza bilsəydim
Bir kağız üstünə bu dərdi, qızım!
Sənin müsibətin mənim dərdimdən,
Neyləyim ki, qat-qat betərdi, qızım!

Azad Azərbaycan televiziyasının əməkdaşı Nicat Sadıqlının isə ordu rəhbərliyindən bir istəyi var: "Qisas əməliyyatının adını ZƏHRA qoysunlar!

Yazıçı Şərif Ağayar:

- Hədəfdə təkcə Alxanlı kəndi, təkcə Elnurun həyəti deyil, bütün Azərbaycandır, bütün azərbaycanlılardır.
Düşmən bizi öz hədəfində yumruq kimi birləşdirib, biz də öz hədəfimiz üçün yumruq kimi birləşməliyik.

"APA-Holding”in prezidenti Vüsalə Mahirqızı isə Zəhranın ölümü ilə bağlı kədərini bu sözlərlə ifadə edib: "Bizim həqiqətimiz, bizim ağrımız, bizim faciəmiz... Dünyanın həqiqətinə çevirə biləndə qazanacağıq”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin fikrincə, türk dünyası ayağa qalxıb erməni deyilən millətin kökünü kəsməyənə qədər bu şərəfsiz millət dayanmayacaq.

Millət vəkili Adil Əliyev isə hesab edir ki, Azərbaycanın Şanlı Ordusu cinayətkarlarla elə onların anlayacaqları dildə danışmalı, körpə balalarımızın qanını yerdə qoymamalıdır: "İnanıram Ermənistan gec-tez öz cəzasını alacaq. Həlak olan balamıza, əziz soydaşımıza Allahdan rəhmət diləyirəm!”.
Professor Qulu Məhərrəmlinin sözlərinə görə, bu gün 2 yaşlı övladlarımızı belə hədəf alan, evlərimizə, torpağımıza tuşlanmış güllələr, üstümüzə yağan mərmilər 97 il bundan əvvəl müstəqilliyimizi qan içində boğmuşdu...

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də hadisəni bu cür şərh edib: 

"Bu gün Azərbaycanın dinc əhalisi - uşaqlar, qadınlar və qocalar qətlə yetirilirsə, bu, təkcə erməninin gülləsi deyil. Həmin tətiyi sıxanların içərisində ATƏT-in Minsk Qrupunun həmsədrləri də var”.

"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı isə öz səhifəsində 2 yaşlı Zəhranın qanlı fotosunu paylaşıb və düşüncələrini bu cür ifadə edib:

" Ermənistan vandalizmi...Bu şəkil yalnız ağlamaq üçün deyil”.

Şəymən