Qız uşaqlarının sayının azalması abortla bağlıdır

Selektiv qətliam demoqrafik problemin yaranmasına gətirib çıxartdı



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova son dövrlər Azərbaycanda qız uşaqlarının sayının azaldığını deyib.

Onun sözlərinə görə, bir çox ailələr biləndə ki, qız uşaqları dünyaya gələcək, hamiləliyi dayandırırlar: "Bunun mənfi tərəfləri var. Biz bu məsələni müvafiq qurumlar qarşısında qaldırdıq, lakin bu, qanunla tənzimlənən məsələ deyil. Maarifləndirmə işi aparılmalıdır. Biz komitə olaraq bunu edir və əhalinin bu məsələdə diqqətini cəlb edirik”.

Komitə sədri bildirib ki, bu istiqamətdə yaranan boşluqlar insanların şüurunda dəyişikliklərə səbəb olur: "Bu stereotiplər olmamalıdır. Qız uşaqlarının yaxşı oxumağına baxmayaraq, ailələr oğlanların oxumasına üstünlük verirlər. Başa düşürəm ki, oğlan gələcəkdə ailə başçısı olacaq və pul qazanmalıdır. Lakin yaxşı oxuyub, peşəkar mütəxəssis olan qızı dəstəkləmək lazımdır. Bu məsələ bizi hərtərəfli narahat edir”.

Ölkəmizdə abort hallarının dəhşətli həddə olduğunu deyən sosioloq Lalə Mehralı "Şərq”ə bildirib ki, son zamanlar Azərbaycanda qız uşaqlarının sayının azalması məhz selektiv abortların nəticəsidir. Onun sözlərinə görə, həkimlər abortların qadağan edilməsi, ümumiyyətlə, 12-ci həftədə uşağın cinsiyyətinin deyilməsi məsələsinə ciddi yanaşmırlar:

"Halbuki selektiv abort və 12-ci həftədə cinsiyyətin deyilməsi qanunla qadağandır. Abort hallarının çoxluğunu bağçalarda, məktəblərdə müşahidə edirik, ümumilikdə isə qız-oğlan nisbətinin pozulmasında görürük. Beləliklə, demoqrafik göstərici sarsılır. Əgər abortlarla bağlı ciddi addımlar atılmasa, cəza mexanizmi ağırlaşmasa, bu problemin daha ağırını görəcəyik”.

Sosioloq bildirib ki, birmənalı olaraq "qadınlar qız uşaqlarını abort etdirir” demək ədalətli olmazdı: "Çünki yaxşı bilirik ki, qadınlar hansı vəziyyətlərdə abort etdirməyə məcbur olurlar. Məsələn, qadını valideynləri qəbul etmir, ya da qayınanası və ərinin tələbi ilə aborta getməyə məcbur olur. Düşünürəm ki, bu məsələdə qadınlar zəiflik nümayiş etdirir. Məcbur olduğunu düşünür, təbii ki, məcbur deyil. Bu məsələdə savadsızlıq problemi özünü göstərir. Qadın özünə güvənmir, işləmir, hansısa sənəti yoxdur. Əgər pul qazana biləcəyi bir işinin və kimsədən iqtisadi asılılığının olacağını bilsə və özünə güvənsə, körpəsini abort etdirməyə meyilli olmaz.

Düşünürəm ki, Azərbaycan artıq "qız uşağı oxumaz”, "işləməz” kimi tabuları çoxdan yıxıb. Gənc nəslin oxumağa meylini, ali məktəblərə sənəd verən abituriyentlərin əksəriyyətinin qız olmasını yaxşı bilirik. Qızlar oğlanlara nisbətən oxumağa daha həvəslidir. Valideynlər artıq belə problemləri çoxdan aşıb. Əksinə, ata-analar qız övladlarının təhsilli olmasında maraqlıdır. Düzdür, bəzi bölgələrdə, ucqar kəndlərdə bu məsələlər hələ də qalır. Amma orda da valideynlər cahilliyindən deyil, böyük şəhərlərdə qızını oxutma fobiyasından övladının təhsil almasını istəmir.

Son illər ictimai yerlərdə, parklarda, məktəb və bağçalarda gənc ataları müşahidə etsək, onların üzündəki təbəssümü, sevinci, fəxr hissini görərik. Məncə, ataların qız övladını istəməməsi düşüncəsi artıq cəmiyyətimizdə öz əksini tapmır. Hər 10 atadan 7-8-i qız övladının doğulduğuna görə inanılmaz fəxr edir. Öz ətrafımdan, ictimai sferada tanıdığım insanlardan bilirəm ki, qız övladı olduğu üçün hansısa kişi həyatından çox razıdır. Qızları ilə fəxr edən, qız-oğlan övladı arasında fərq qoymayan kifayət qədər gənc nəsil ata var. 

Məncə, bu, uzun illərdir aparılan mübarizənin nəticəsidir. Nə qədər yazılar yazıldı, televiziyalarda çox olmasa da sosial çarxlar göstərildi, sözün həqiqi mənasında mübarizə aparıldı. Düşünürəm ki, bundan da gözəl nəticələr olacaq. Əgər gənc nəsil qız övladı üzərində bu qədər əsirsə, məncə, onları daha çox nümunə göstərmək lazımdır. 4-5 qız övladı olan ailələr tanıyıram, ətrafdan o qədər gözəl görünürlər ki, baxdıqca insanın içində sevgi, fərəh doğur. Elə başa düşülməsin ki, oğul övlad deyil və biz qız uşağını övlad kimi çox qabardırıq. Min illərdir ki, beynimizə yeritmişdilər ki, oğulsuz ailə yarımçıq ailədir. Biz bunu beyinlərdə silməyə çalışırdıq və çox yaxşı haldır ki, artıq buna nail olmuşuq. Oğlu olmayan valideyn özünü əksik hiss etmir.

Bildiyimə görə, 2018-ci ildə doğulan uşaqların statistikasında 53 faizi oğlanlar, 47 faizi isə qızlar təşkil edirdi. Demoqrafik pozulma müşahidə olundu. Bunu bağçaya gedən uşaqların nisbətində də müşahidə edə bildik. Ümid edirəm ki, bu il statistik göstəricilər balanslaşdırılacaq. Yəni ailələrdə duyarlılıq, həssaslıq artıb. Ona görə də builki statistikanın dəyişməsində ailələr əhəmiyyətli rol oynayacaq”.

Yeganə Bayramova